Azərbaycan-İran əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

İranın gənclər və idman naziri Mohammad Abbasinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə olmuşdur.

AzərTAc xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qonaqları salamlayaraq demişdir ki, İran ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Ölkələrimiz arasında mehriban dostluq münasibətləri vardır. Bu münasibətlərdə parlamentlərarası əlaqələr mühüm rol oynayır.

Mövcud ticarət əlaqələri bizi qane edə bilməz, deyən Ziyafət Əsgərov bildirmişdir ki, ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Milli Məclisin birinci vitse-spikeri Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən geniş söz açmışdır.

İran parlamenti sədrinin və üzvlərinin salamlarını çatdıran İranın gənclər və idman naziri Mohammad Abbasi ölkəsinin Azərbaycan ilə dərin tarixi kökləri olan əlaqələrindən məmnunluqla danışmışdır. Bildirmişdir ki, dost Azərbaycan ilə əlaqələrin hərtərəfli genişləndirilməsi rəsmi Tehranın qarşısında duran əsas məsələlərdən biridir.

Qonaq Azərbaycan ilə İranın gələcəkdə gənclər, idman və digər sahələrdə regional əməkdaşlığının inkişafının tərəflər üçün faydalı olacağını nəzərə çatdırmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2013.- 11 iyul.- S.3.