Bolqarıstanda «İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri» IV Beynəlxalq konfransı keçirilir

 

İyulun 10-da Bolqarıstanın Borovets şəhərində "İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri" (COIA 2013) IV Beynəlxalq konfransı öz işinə başlamışdır.

Beynəlxalq konfrans Azərbaycanın rabitə informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, Türkiyənin Bilkənt Universitetinin professoru Hitay Özbay, Bolqarıstanın Memarlıq, İnşaat Geodeziya Universitetindən  Mixail Konstantinov, Sofiya Texniki Universitetindən Petko Petkov tərəfindən təşkil olunmuşdur.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasını, Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Neft Akademiyasını və digər elm və təhsil qurumlarını təmsil edən 11 azərbaycanlı alim iştirak edir.

 

İyulun 12-dək davam edəcək konfransda elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələləri geniş müzakirə olunacaqdır.

 

İlk dəfə 2005-ci ildə Bakıda keçirilmiş bu tədbir müvafiq sahənin mütəxəssisləri arasında böyük elmi nüfuza malikdir.

 

Azərbaycan.-2013.- 11 iyul.- S.5.