Bolqarıstanda çıxan «24 çasa» qəzetində «Afərin, Azərbaycan!» sərlövhəli məqalə dərc edilmişdir

 

Bolqarıstanda çıxan nüfuzlu "24 çasa" qəzetində bu nəşrin müxbiri Georgi Milkovun "Afərin, Azərbaycan!" sərlövhəli məqaləsi dərc edilmişdir.

Ölkəmizin Bolqarıstandakı səfirliyi tərəfindən AzərTAc-a təqdim edilmiş bu məqalədə  Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi inkişafı, paytaxtımızın günbəgün gözəlləşməsi, Bakının və ətraf ərazilərin qədim və müasir görməli yerləri, ölkənin regionlarının inkişafı barədə söhbət açılır.

Məqalə müəllifi yazır ki, Bakını görənlərin "Neftdən əldə edilən pullar haraya gedir?" sualı heç vaxt ağlına gəlməz. Ona görə ki, bu pulların haraya sərf olunması göz qabağındadır - altızolaqlı yeni müasir yollar çəkilir, bütün zəruri infrastruktur obyektləri ilə təchiz olunmuş yeni yaşayış kompleksləri, müəssisələr, xəstəxanalar, məktəblər, istirahət və əyləncə parkları, bir sıra başqa obyektlər tikilir.

Məqalə müəllifi yazır: "Təəccüblü də olsa, bütün bu işlər cəmi 10 ildə görülmüşdür. Keçən əsrin 90-cı illərinin ortalarında mən Bakıya ilk dəfə gələndə hələ sovet dövründə tikilmiş "İnturist" mehmanxanasında qalırdım. O vaxt nömrələrin yarısı yararsız vəziyyətdə idi. Müsafirlərə çox cansıxıcı şərait təklif olunurdu. Otaqlarda pəncərələrin çoxunun şüşələri sınmışdı. Bu gün isə Bakıda dəbdəbəli müasir mehmanxanalar çoxdur. Təkcə keçən il burada məşhur dünya brendlərinin beş yeni beşulduzlu hoteli istifadəyə verilmişdir".

Bakını çətinliklə tanıdığını etiraf edən müəllif göstərir ki, burada yeganə oriyentir şəhərin köhnə hissəsi - İçərişəhərdir. Məqalədə deyilir: "Əsrarəngiz Qız qalası hələ də bu şəhərin qədim rəmzi kimi ucalır". İçərişəhərdə yerləşən qədim abidələri, o cümlədən Şirvanşahlar sarayını ətraflı təsvir edən müəllif Bakıdakı yeni memarlıq qurğularının möhtəşəmliyinə, bərpa olunmuş teatr binalarına və yaşayış evlərinə heyran olduğunu gizlətmir.

"Flame Tovers" qüllələrini Bakının yeni rəmzi adlandıran bolqar jurnalisti şəhərin parklarında aparılmış abadlıq işlərini də qeyd edir, əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin adını daşıyan parkı daha ətraflı təsvir edir. Müəllif oxuculara izah edir ki, Bakının şəhərətrafı qəsəbələrindən birində doğulmuş bu məşhur kəşfiyyatçı nasist Almaniyanın Sovet İttifaqı üzərinə hücumunun dəqiq tarixi və onların planları barədə SSRİ rəhbərliyinə xəbərdarlıq etmişdi.

Məqalə müəllifi Azərbaycan paytaxtının şəhərətrafı bölgələri barədə söhbət açaraq göstərir ki, Abşeron yarımadasının bir sıra yerlərində zərdüştilik ənənələrinin əlamətləri, atəşpərəstlərin sitayiş obyektləri indiyə qədər qalır. O yazır: "Ən güclü təsir bağışlayan məbəd "Atəşgah" adlanır. Eramızın ikinci əsrində atəşpərəstlər tərəfindən tikilmiş bu məbədin yerləşdiyi ərazi müqəddəs ziyarətgah sayılır. Hətta uzaq Hindistandan buraya gələnlər əbədi məşələ sitayiş edirlər. Abşeronda qaçaq-quldurların və yadelli düşmənlərin hücumlarından müdafiə məqsədi ilə tikilmiş qəsrlər və qüllələr çoxdur. Bu abidələrin bir qismi demək olar ki, ilkin görkəmini qoruyub saxlamışdır, digərlərində bərpa işləri aparılır. Müəllif Yanardağ, Qobustanbaşqa abidələrə xüsusi diqqət yetirir.

Məqalənin əvvəlində neftdən əldə edilən gəlirlərin haraya sərf edilməsi məsələsindən söhbət açan müəllif sonda Azərbaycanın iqtisadi nailiyyətlərini sadalayır: "Azərbaycan iqtisadiyyatına investisiyaların ümumi həcmi təxminən 140 milyard ABŞ dollarına bərabərdir. Hökumət yaxşı başa düşür ki, neft haçansa tükənəcəkdir. Buna görə də müxtəlif sahələrə sərmayə qoyulur, regionlar inkişaf etdirilir. Ölkədə bir milyondan çox yeni iş yerləri açılmışdır. Yoxsulluq göstəricisi xeyli azalmışdır. Ölkədə istehsal edilən ümumi məhsulun dəyəri 70 milyard ABŞ dollarına bərabərdir".

 

Azərbaycan.-2013.- 11 iyul.- S.3.