«İnqilab ssenariləri»nin sonu milli tənəzzüldür

 

Cənubi Qafqazın güclü dövlətinə çevrilən, regionda əsas söz sahibi kimi çıxış edən Azərbaycanın son illərdə əldə etdiyi davamlı uğurlarını həzm edə bilməyən müəyyən bədxah qüvvələrin hədəfi dəyişməz olaraq qalır: nəyin bahasına olursa-olsun Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq.

Səbəb kifayət qədər sadədir: Azərbaycanın iqtisadi və siyasi baxımdan güclənməsi, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə ölkəyə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması müəyyən dövlətləri və təşkilatları, xüsusən də ermənipərəst dairələri ciddi narahat edir.

Son illər erməni lobbisinin təsiri altında olan bir sıra qeyri-hökumət təşkilatlarının ardınca Avropa İttifaqının da Azərbaycan əleyhinə qərəzli kampaniyalarda iştirakı buna  şübhə yeri qoymur. Bu fakt, eyni zamanda, antiazərbaycan şəbəkənin, o cümlədən ermənipərəst dairələrin ölkəmizin əleyhinə yenidən fəallaşdığını göstərir. Xatırladaq ki, 2012-ci ilin may ayında - "Eurovizion 2012" ərəfəsində təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə bunun əyani təzahürü idi. Sənəddə respublikamızda söz və mətbuat azadlıqlarının həyata keçirilməsi sahəsində ciddi problemlərin mövcudluğu iddia edilirdi. Qətnamənin Avropa Parlamentinin 754 deputatından cəmi 56-nın iştirakı ilə qəbul edilməsi, səsvermə zamanı cəmi 49 nəfərinin lehinə səs verməsi onun qərəzli və absurd olduğuna heç bir şübhə yeri qoymurdu. Avropa Parlamentinin təxirəsalınmaz prosedurları çərçivəsində, təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik qəbul edilmiş qətnamədə çoxsaylı yanlışlıqların, yoxlanılmamış müddəaların əksini tapması onun qərəzli olduğunu sübuta yetirdi.

Məqsəd kifayət qədər aydın idi - erməni lobbisinin təsiri altında olan bəzi deputatlar Avropada çox məşhur olan musiqi yarışması ərəfəsində Azərbaycanın nüfuzuna xələl gətirmək, ona təzyiq göstərmək niyyəti güdürdülər. Qətnamə ilə qondarma siyasi məhbus məsələsinin gündəmə gətirilməsi də məhz Azərbaycana təzyiq göstərmək istəyindən irəli gəlirdi. Halbuki Azərbaycan bu cür siyahıların müəyyən qərəzli qurumlar tərəfindən hazırlandığını və hüquqi-siyasi baxımdan tam əsassız olduğunu dəfələrlə bəyan etmiş, konkret sübutlarla təsdiqləmişdir. Yaradılmış ekspertlər qrupu Avropa Şurası tərəfindən "siyasi məhbus" olduğu iddia edilən məhkumların cinayət işlərini araşdıraraq onların "siyasi məhbus" kimi tanınmasının heç bir hüquqi əsasının olmadığı barədə birmənalı nəticəyə gəlmişdi. Hətta "siyasi məhbus" kimi qələmə verilənlərin arasında insan oğurluğu və terror, dövlət çevrilişi cəhdləri və digər cinayət əməlləri törətmiş insanların da mövcudluğu məlum olmuşdur. Təbii ki, heç bir milli və beynəlxalq-hüquqi əsas olmadan ayrı-seçkiliyə yol verilərək 47 üzv dövlətdən yalnız Azərbaycanda "siyasi məhbus problemi" ilə bağlı xüsusi məruzəçinin təyin edilməsi qərəzdən, ayrı-seçkilikdən, "ikili standartlar"ın əyani nümayişindən başqa bir şey deyildi.

Bir neçə ay sonra - 2012-ci ilin sentyabr ayında Avropa Parlamentinin növbəti ədalətsiz qərarı ilə üzləşdik. Təşkilat ruhi həyəcan vəziyyətində cinayət törədən, Macarıstanda ədalətsiz olaraq ömürlük həbs cəzasına məhkum edilən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun beynəlxalq konvensiyalar çərçivəsində respublikamıza ekstradisiya olunmasına və əfvinə kəskin reaksiya verdi. Absurd görünən bu idi ki, həmin qərar da Avropa Parlamentinin 754 üzvündən cəmi 76-nın iştirakı, onlardan da 58-nin lehinə səs verməsi ilə "qəbul edilmişdi". Demokratiyanın çoxluğun azlıq üzərində hakimiyyətini tanıdığını nəzərə aldıqda, Avropa Parlamentindəki çox kiçik bir qrupun Avropa Parlamenti kimi mötəbər bir qurumun adından qətnamə qəbul etməsini heç cür əsaslandırmaq olmur. Bu bir yana, Ramil Səfərovun da doğulub boya-başa çatdığı Azərbaycan torpaqlarının 20 ildən artıq bir müddətdə işğal altında olması, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması ermənipərəst parlamentariləri qətiyyən narahat etmir. Əksinə, Avropa Parlamentinin bir qrup deputatının Azərbaycanın razılığı olmadan işğal altındakı Dağlıq Qarabağa səfər etməsi  təşkilatda "ikili standartlar" və ədalətsiz yanaşmanın mövcudluğunu bir daha təsdiqləyir.

Erməni lobbisinin təsiri altına düşən Avropa İttifaqının parlamentariləri 2013-cü il iyunun 12-də Azərbaycanla bağlı növbəti ədalətsiz qərar qəbul etdilər. Obyektivlikdən uzaq olan bu qərarda da İsmayıllı iğtişaşlarının iştirakçısı və təşkilatçılarının həbsinə etiraz bildirilib, onların qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub. Məlum hadisələrlə bağlı istintaqın hələ başa çatmadığı, məhkəmə baxışının olmadığı bir vaxtda Avropa Parlamentinin belə bir qərar verməsi beynəlxalq hüquq normalarına aşkar hörmətsizlik və Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdi kimi dəyərləndirilə bilər. Üstəlik, qətnamədə iğtişaşların təşkilinə görə məsuliyyətə cəlb olunmuş şəxslərdən birinin - İlqar Məmmədovun guya "Azərbaycanda prezidentliyə real namizəd" kimi təqdim edilməsi də qərarın məhz siyasi motivli mahiyyətinə şübhə yeri qoymur.

 Ümumiyyətlə, son illər özünü zorla cəmiyyətə "ciddi siyasi fiqur" kimi sırımağa çalışan İlqar Məmmədovun, əslində, uğursuzluq zolağında çapalayan populist və qeyri-ciddi şəxs olduğunu  xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu şəxs hələ 15 il əvvəl AMİP sədrinin müavini təyin olunsa da, siyasət arenasında özünü doğrulda bilmədi və çıxış yolunu qeyri-hökumət təşkilatı yaradaraq müəyyən xarici təşkilatlara öz xidmətlərini təklif etməkdə gördü. Çox keçmədi ki, Avropa Şurası və Avropa İttifaqına "donos ötürən" antimilli qeyri-hökumət təşkilatları rəhbərləri sırasında İlqar Məmmədovun da adı  hallanmağa başladı. "Gənc liderlər" adı altında əslində bəzi gənclərin beynini zəhərləyən, onları hazırkı iqtidara qarşı qoymağa çalışan bu adam Avropa Şurasından və digər beynəlxalq qurumlardan qrantlar almağa başladı.

Siyasətdəki uğursuzluğuna, qeyri-ciddiliyinə baxmayaraq, bu şəxs Milli Məclisə seçilmək xəyalına da düşdü. 2010-cu ildə 9 saylı Binəqədi seçki dairəsindən (mən həmin dairədən Milli Məclisə deputat seçilmişəm) namizədliyini irəli sürən İlqar Məmmədovun çox cüzi səs yığması da onun siyasətdə ciddi insan kimi qəbul olunmadığını göstərdi. Bu məğlubiyyətdən sonra daha da aqressivləşən İlqar Məmmədov iqtidar əleyhinə müxtəlif sərsəm bəyanatları ilə gündəmdə qalmağa çalışdı. Onun Milli Məclis barədə qeyri-etik, əxlaq və tərbiyədən uzaq fikirlər səsləndirməsi İ.Məmmədovun siyasətdə naşı və  populist adam olduğunu, burnunun ucundan uzağı görmədiyini göstərirdi. Həmin vaxt Milli Məclis üzvlərinin sadəcə humanizmi onun məhkəmə məsuliyyətinə cəlb olunmasının qarşısını aldı. Aşkar görünürdü ki, bu adam parlament əleyhinə söylədiyi təhqiramiz, qeyri-ciddi fikirlərlə cəmiyyətdə kimlərinsə diqqətini cəlb etməyə, özü barədə "radikal siyasətçi" obrazı yaratmağa çalışır. Bir qədər sonra - İsmayıllı hadisələri zamanı onun tələm-tələsik bu rayona getməsi, müəyyən insanları açıq iğtişaşlara təhrik etməsi də məqsədli bir planın təzahürü kimi diqqəti çəkirdi. Belə təəssürat yaranırdı ki, özü haqqında "iqtidarın düşməni" obrazını yaratmağa, xaricdəki ağalarının daha çox rəğbətini qazanmağa, daha çox qrant almağa çalışan İ.Məmmədov hətta həbsə düşməyi də mümkün variant sayır. Məsuliyyətə cəlb olunandan dərhal sonra onun müəyyən Avropa qurumlarından dəstək istəməsinin, özü haqqında qondarma siyasi məhbus imici yaratmağa çalışmasının pərdəarxası məqamları üzə çıxmağa başladı. Məlum oldu ki, avantürist və uğursuz "siyasətçi-QHT-çi" bu dəfə də prezident olmaq xülyasına düşüb. Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin qəbul etdiyi bəyanatda deyilir: "Avropa Parlamenti kimi nüfuzlu bir beynəlxalq təşkilatın yoxlanılıb dəqiqləşdirilməmiş məlumatlara əsaslanaraq bütün Azərbaycan hakimiyyətini qınayan, xüsusi məsələləri həddindən artıq sərbəst, daha doğrusu, birtərəfli şəkildə dəyərləndirərək ümumi inkişaf meyli kimi qələmə verən, ölkəmizdə demokratik quruculuq sahəsində həyata keçirilən işlərə kölgə salan qərəzli bir sənəd qəbul etməsi dərin təəssüf doğurur. Müəyyən etmək çətin deyildir ki, qətnamədə adları hallandırılan şəxslər konkret cinayət əməllərini töbrətdiklərinə əsaslı şübhələr olduğuna görə həbs edilmişlər, aparılan istintaqın uzadılması işdə yeni halların üzə çıxması ilə bağlı olmuşdur. Hər halda bu məsələlər məhkəmənin səlahiyyətinə daxildir və onların azad edilməsi, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmə baxışının nəticəsindən asılı olacaqdır. İstintaq altında olan bir şəxsin təcili şəkildə və qeyd-şərtsiz azad olunmasının tələb edilməsinin qanunun aliliyinə hörmət prinsipi ilə bir araya sığmadığı hər kəsə aydın olmalıdır.

Ölkədə keçiriləcək prezident seçkilərində namizəd olan hər hansı şəxsin həbsi ilə bağlı iddialara gəlincə, Azərbaycanda prezident seçkiləri hələ təyin edilməmişdir və heç bir namizəd rəsmi qeydiyyatdan keçməmişdir. Hər hansı siyasi qurumun qarşıdakı prezident seçkiləri ilə bağlı qərar və mülahizələri heç kəsə konkret cinayət əməllərinə görə məhkəmə təqibindən immunitet hüququ vermir".    

Ermənistan və digər region ölkələrində insan hüquq və azadlıqları ilə bağlı daha ciddi, fundamental problemlərin mövcud olduğu bir zamanda Avropa Parlamentinin Azərbaycanı və Gəzi parkı hadisələri ilə bağlı qardaş Türkiyəni hədəf götürməsi bu qurumda antitürk və antimüsəlman meyillərin daha da gücləndiyini göstərir. Yeri gəlmişkən, hələ 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərində insan hüquqlarının kobud şəkildə pozulması, prezidentliyə namizədin ev dustağına çevrilməsi və insan hüquqlarının pozulması ilə bağlı digər faktlar Avropa parlamentarilərini nədənsə narahat etməmişdi. Hətta işğalçı ölkədə keçirilmiş son prezident seçkilərində prezidentliyə namizədlərdən birinin güllələnməsi faktı da sükutla qarşılanmışdı.

Şübhəsiz, insan hüquqlarının təminatı və demokratikləşmə proseslərinin sonu və son imkanları yoxdur. Bu gün Qərb ölkələrinin əksəriyyətində insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlərin mövcudluğu, insanların sosial hüquqlarının, habelə sərbəst toplaşmaq hüququnun kobud şəkildə pozulması Avropa parlamentarilərinə yaxşı məlumdur. Onlar nədənsə bu gün Almaniya, Yunanıstan, İspaniya, Fransa, İsveç və digər ölkələrdə sosial hüquqları uğrunda dinc mübarizə aparan insanların mitinq və yürüşlərinin zorakılıqla dağıdılması, müsəlmanlara qarşı ayrı-seçkiliyin, dözümsüzlüyün hökm sürməsi, islamofobiya, dini və etnik dözümsüzlük hallarını nədənsə "görmürlər".

Azərbaycanla bağlı ən adi məsələnin belə şişirdilməsinin, qərəzli şəkildə təqdim olunmasının arxasında müəyyən geopolitik niyyətlərin dayandığı heç kimə sirr deyil. Əslində, bu proseslərin müəyyən ölkələrdə işə salınmasına cəhdin məlum ssenarilərin tərkib hissəsi olduğunu da diqqətdən qaçırmaq olmaz. Faktiki olaraq məhz indiki mərhələdə Azərbaycanın və Türkiyənin hədəf seçilməsi hər iki strateji müttəfiq ölkənin regionda əsas güc sahibi kimi çıxış etməsi, habelə respublikamızın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması ilə şərtlənir. Azərbaycan Prezidentinin Brüsselə səfəri və Trans-anadolu qaz kəməri ilə bağlı strateji qərarın qəbulu ərəfəsində Avropa Parlamentinin İsmayıllı və Gəzi parkı hadisələri ilə bağlı kəskin bəyanatlar verməsinin arxasında müəyyən pərdəarxası niyyətlərin olduğu çoxlarına məlumdur. Hətta Türkiyə ilə bağlı qətnamə qəbul olunarkən Avropa parlamentarilərinin bir qisminin "Ərdoğan, istefa!" şüarları səsləndirməsi fonunda son proseslərin arxasında hansı maraqların dayandığını təxmin etmək o qədər də çətin deyil! Bu, açıq-aşkar Türkiyənin daxili işlərinə müdaxilə cəhdi idi. Lakin Türkiyə iqtidarı xalqın dəstəyi ilə bu ölkənin daxili işlərinə qarışmaq istəyən qüvvələri yerində oturda bildi. Əlbəttə, mümkündür ki, Türkiyədə müəyyən azlıq AKP-nin hakimiyyətdən getməsini istəsin və demokratik bir ölkə üçün bu, tamamilə təbiidir. Fəqət demokratiya azlığın çoxluq üzərində hakimiyyəti deyil və bunu Ərdoğan da çıxışlarında açıq bəyan etmişdir. Qanuna tabe olmayan, hakimiyyəti xalqın iradəsi əleyhinə zorakı yolla devirməyə çalışan azlığın qanuni güc tətbiqi yolu ilə qanuna tabe etdirilməsi isə hüquqi baxımdan yolveriləndir. Başqa sözlə, qanunsuz mitinqlərin dağıdılmasını təkcə Türkiyədə deyil, ABŞ-da, Fransada, Almaniyada, İngiltərədə  və digər ölkələrdə də tez-tez görürük.

Bütün bunlar bir daha təsdiqləyir ki, Qərbdə imperializm siyasətindən hələ də əl çəkə bilməyən ölkələr "insan hüquqları", "demokratiya" kimi məsələlərdən konyunktur maraqlarını gerçəkləşdirmək üçün istifadə edirlər. Əslində, baş verənləri bəzi Qərb dövlətlərinin Yaxın Şərq ölkələrindəki siyasi hadisələrə kobud müdaxiləsi fonunda da qiymətləndirmək mümkündür. Rusiya və bəzi Qərb ölkələrinin regiona nəzarət uğrunda mübarizəsinin nəticəsi kimi meydana çıxmış "ərəb baharları"nın zorakı inqilab dalğalarını kimlərsə xaç yürüşlərinin XXI əsrdəki yeni təzahürü, kimlərsə üçüncü dünya müharibəsinin işartıları, kimlərsə də fövqəldövlətlərin yeni ekspansiya siyasəti olaraq dəyərləndirir. Mahiyyətindən asılı olmayaraq yaşananlar xalqların daha böyük səfalətlərə, fəlakətlərə sürüklənməsindən başqa heç nəyə xidmət etmədi. Misirdə inqilabla hakimiyyətə gəlmiş M.Mursinin cəmi bir il sonra devrilməsi, bu ölkənin növbəti xaos və anarxiya, vətəndaş müharibəsinə yuvarlanması deyilənlərin əyani sübutudur. Təkcə Misirin deyil, bu gün inqilabın baş verdiyi digər ərəb ölkələrinin də səfalət, yoxsulluq,  xaos içində olması ssenarisi Qərbdə yazılmış "ərəb baharları"nın əsl mahiyyətini göstərir. Faktiki olaraq "ərəb baharı"nın baş verdiyi ölkələr sonu görünməyən böyük bir fəlakətə sürüklənib. Bu inqilabları xalqların "xoşbəxtliyi", "nicatı" kimi qələmə vermək istəyənlərin təbliğatı isə puça çıxıb. Çünki inqilabların baş verdiyi ölkələrdə vəziyyət əvvəlkindən daha da pisdir. Nəhayət, baş verənlər bir daha sübut edir ki, əslində, demokratiya bayrağı altında müəyyən ölkələrin öz geosiyasi maraqlarını gerçəkləşdirmək niyyətləri dünyada imperializmin yeni dalğasına çevrilib.

Konkret olaraq Türkiyədə "Gəzi parkı hadisələri"nin də xarici təsir altında alovlandığını təsdiqləyən faktlar kifayət qədərdir və bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan da açıq dedi. O, müəyyən dövlətlərin Türkiyə dövlətçiliyini sarsıtmaq üçün açıq səylər göstərdiyini, lakin onların bu niyyətinin faydasız olacağını bəyan etdi. Şübhəsiz, Türkiyənin son illər regionda iqtisadi və hərbi baxımdan kifayət qədər güclənməsi, aparıcı ölkələrdən birinə çevrilməsi, Yaxın Şərqdəki proseslərə geniş təsir imkanları qazanması Qərbdə müəyyən dairələri ciddi narahat edir. Onlar məhz Türkiyəni sarsıtmaq, onun imicinə xələl gətirmək, ərəb ölkələrində həyata keçirdikləri inqilab ssenarisini reallaşdırmaq istəsələr də, çirkin niyyətlərinə nail ola bilmədilər. Türkiyədə inqilab və zorakılıq yolu ilə hakimiyyət dəyişikliyi etmək istəyən məkrli qüvvələrin niyyəti puça çıxdı.

Türkiyə ilə paralel şəkildə bu ölkənin regiondakı əsas strateji müttəfiqi olan Azərbaycana qarşı hücumların da müəyyən geosiyasi proseslərlə bağlı olduğu danılmaz reallıqdır. Avropa Parlamentinin məlum qətnaməsinin Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri ərəfəsində qəbulunu da təsadüfi saymaq olmaz. Aşkar görünür ki, Avropada müəyyən ölkələr, o cümlədən təşkilatlar Azərbaycanın regionda durmadan artan nüfuzundan narahatdırlar. Məsələ burasındadır ki, qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən respublikamız özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Son 10 ildə ölkəyə uğurla rəhbərlik edən Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün ilk növbədə iqtisadiyyatın sürətli inkişafını təmin edib. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkəmizin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.

Azərbaycan daim beynəlxalq hüquqi norma və prinsiplərindən çıxış edir və heç bir dövlətin daxili işlərinə qarışmır. Eyni zamanda bu faktla hər bir vətənpərvər azərbaycanlı fəxr edə bilər ki, respublikamız milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə də güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə nüfuz etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərib. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır.

Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr isə narahatlıqlarını ən müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı "təzyiq rıçaqları" tapmağa çalışırlar. Hələ də sadəlövhcəsinə ümid edirlər ki, hansısa süni problemlər uydurmaqla ölkə rəhbərliyinə təsir imkanları qazana bilərlər.

Azərbaycanda mütləq əksəriyyətin etimadını qazanan, sürətli sosial-iqtisadi inkişafı təmin edən, ictimai-siyasi sabitliyi qoruyub saxlayan, qlobal enerji layihələrinin gerçək təminatçısına çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirən güclü hakimiyyətin mövcudluğu antiazərbaycançı şəbəkəyə qətiyyən sərfəli deyil. Regionda maraqlarını gerçəkləşdirmək istəyən müəyyən dairələr Azərbaycanda zəif və marionet qüvvənin hakimiyyətdə olmasını daha çox istəyirlər. Çünki xalqın dəstəyini almayan hakimiyyət üçün milli maraq məfhumu da olmur. Son 20 ildə xalqın dəstəyindən məhrum olmuş aqressiv müxalifət partiyaları hakimiyyət maraqları naminə həmin qüvvələrə öz xidmətlərini təklif edirlər.

İnkişaf etmiş demokratik ölkələrdə müxalifət hakimiyyət uğrunda sivil, konstitusion və intellektual mübarizə aparmaqla hakimiyyətə alternativ siyasətin daşıyıcısı olmasını iddia edən qüvvə olduğu halda eyni meyarı Azərbaycandakı müəyyən siyasi qüvvələrə şamil etmək mümkün deyil. "Xalqa nə qədər pisdirsə, bizə bir o qədər yaxşıdır" prinsipinə üstünlük verməklə yalnız bu halda siyasi maraqlarını gerçəkləşdirmək imkanı qazanacaqlarını düşünən bu radikal qüvvələr ölkədə siyasi sabitliyin pozulmasında maraqlı tərəf olduqlarını indiyədək dəfələrlə sübuta yetiriblər. 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərindən əvvəl və sonra baş verən proseslər bunu bir daha təsdiqləyir.

Həmin qüvvələr hər dəfə seçkilərdə düçar olduqları uğursuzluqların səbəblərini araşdırmaq, obyektiv nəticələr çıxarmaq əvəzinə bir qayda olaraq seçkilərdən sonra dağıdıcılıq mövqeyi tutublar. Onların üzləşdiyi məğlubiyyətin səbəbləri isə kifayət qədər aydındır: Azərbaycan vətəndaşları 1992-1993-cü illərdə ölkənin üzləşdiyi böyük sarsıntı və faciələri hələ də unutmayıb! Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra dövlətçilik institutunun əsl siması özünə qayıtdı. 1992-1993-cü illərdə respublikanın üzləşdiyi vəziyyəti taleyində yaşayan, böyük mənəvi-psixoloji sarsıntılar keçirən Azərbaycan vətəndaşları bir də o illərə qayıtmaq istəmir. Həm də bugünkü reallıq tamam başqadır: indi kimisə populist vədlərlə aldatmaq qeyri-mümkündür - Azərbaycan vətəndaşı kifayət qədər sayıqdır və siyasi hadisələrdən baş çıxarmaq imkanındadır. Bu səbəbdən 90-cı illərin əvvəllərində olduğu kimi onu aldatmaq  və yaxud populist vədlərlə ələ almaq qətiyyən mümkün deyil!

İndiyə qədər keçirilmiş seçkilər onu deməyə əsas verir ki, mövcud hakimiyyətin siyasətini kəskin tənqid edən, qazanılan böyük uğurlara kölgə salmağa çalışan ifrat radikallar nəyi bu iqtidardan daha yaxşı edəcəkləri ilə bağlı heç bir platforma ortaya qoymayıblar. Dünyanın inkişaf etmiş ölkələrində seçki debatları, təşviqat-təbliğat mərhələsi daha çox rəqib düşərgələrin iqtisadi proqramları ətrafında apardıqları mübahisələrlə yadda qalır. İqtidarın uzun illər ərzində həyata keçirdiyi iqtisadi inkişaf proqramlarına, uğurlu inkişaf strategiyasına qarşı heç bir sanballı sənəd ortaya qoymayan aqressiv müxalifət təmsilçiləri ənənəvi olaraq populist şüarlar irəli sürməklə inkarçılıq mövqeyi tutmaqla kifayətləndilər. Bu reallıq Azərbaycanın aqressiv müxalifətinin sivil və konstruktiv mübarizə imkanlarının olmadığını bir daha təsdiqləyir.

Azərbaycana qarşı qərəzli mövqe tutan, onun güclü, qüdrətli dövlətə çevrilməsi ilə barışmayan müəyyən xarici qüvvələr isə məhz "sapı özümüzdən olan baltalar"ın xidmətlərindən yararlanmağa çalışırlar. Lakin Qərbin "inqilab ssenariləri"nin bu məkanda reallaşdırılmasının qeyri-mümkünlüyü dəfələrlə öz təsdiqini tapıb. 2008-ci ilin  prezident seçkiləri Azərbaycan cəmiyyətində ifrat  radikalizmə, dağıdıcılığa, inqilabi meyillərə meydan olmadığını, aqressiv müxalifətin xalq tərəfindən dəstəklənmədiyini, əksinə, Heydər Əliyev siyasi kursundan irəli gələn sabitlik, rifah və demokratik inkişafın prioritet mahiyyət kəsb etdiyini üzə çıxardı. Son parlament seçkilərində də bu kursun varisliyinin təmin olunması Azərbaycan cəmiyyətinin dinc quruculuğa, işıqlı gələcəyə səs verdiyini, xalqın hakimiyyət uğrunda mübarizədə antikonstitusion vasitələri qəbul etmədiyini birmənalı şəkildə nümayiş etdirdi.

Son illərdə bəzi ərəb dövlətlərində baş qaldıran "xalq üsyanları"nın guya Azərbaycanda da təkrarlanacağı ilə bağlı cəfəng bəyanatlar səsləndirən aqressiv müxalifətin siyasi bleflərlə, aldadıcı vədlərlə ictimai rəyə təsir etmək cəhdləri həmişəki kimi uğursuzluqla nəticələnir. Xalq üsyanı o ölkələrdə baş verir ki, orada xalqla iqtidar arasında uçurum, qarşılıqlı etimadsızlıq mövcud olsun, sosial-iqtisadi, siyasi vəziyyət ildən-ilə pisləşsin, insanların gələcəyə olan ümidləri tamamilə itsin, "Aşağılar əvvəlki kimi yaşamaq istəmir, yuxarılar köhnə qayda ilə idarə edə bilmirlər" formulu inqilabi şərait yaratsın. Bu mənada məlum ərəb ölkələrindəki vəziyyəti Azərbaycanla eyniləşdirmək tamamilə qüsurlu və ziyanlıdır. Azərbaycanda vəziyyət tamamilə fərqlidir: ölkə ildən-ilə inkişaf edir, müasirləşir, bütün sahələrdə yeniləşmə baş verir. Neft gəlirləri ölkənin və xalqın rifahına yönəldilir, böyük infrastruktur layihələri həyata keçirilir, sahibkarlığın inkişafına qayğı göstərilir.

Bu gün Azərbaycanda siyasi və hüquqi azadlıqların təmini istiqamətində ardıcıl, sistemli addımlar atılır. Bir çox Şərq ölkələrindən fərqli olaraq, Azərbaycanda iqtisadi inkişaf və demokratikləşmə prosesləri bir-birini tamamlayır. İnsanların konstitusion hüquq və azadlıqlarının təminatı ilə bağlı heç bir problem yoxdur. Əlbəttə, keçid dövrünü uğurla başa vuran ölkəmizin qarşıda həll etməli olacağı problemləri də var və bunu ölkə iqtidarı da açıq etiraf edir. Cəmiyyəti qayğılandıran problemlər də tədricən həllini tapır, ölkə başçısının siyasi iradəsi ilə korrupsiya, rüşvətxorluq, inhisarçılıq meyillərinə qarşı mübarizə gücləndirilir. Bürokrat məmurlara qarşı daha prinsipial və sərt mövqe tutulur, sahibkarlığa mane olan süni əngəllər aradan qaldırılır.

Ən əsası, Azərbaycan xalqı inqilab mərhələsini çoxdan yaşayıb - 1993-cü ilin iyununda cəmiyyətin siyasi iradəsilə AXC-Müsavat hakimiyyəti tarixin arxivinə göndərilib. Sonrakı 20 ili isə mədəni-iqtisadi inqilab mərhələsi kimi səciyyələndirmək lazımdır. Azərbaycan xalqı bu 20 ildə ölkəmizin necə böyük sürətlə inkişaf etdiyinin, hansı uğurlara imza atdığının fərqindədir. "Məxməri", "narıncı", "qızılgül" və s. adlarla MDB ölkələrində baş vermiş "inqilablar"ın nəticələri də xalqımıza yaxşı məlumdur. Həmin ölkələrin iqtisadi, siyasi, hüquqi baxımdan Azərbaycanla müqayisədə çox geridə qaldığını da sübut etməyə ehtiyac yoxdur. Respublikamız isə məhz mədəni-iqtisadi inqilabla 2020-ci ilədək inkişaf etmiş ölkələr sırasına yüksəlməyi qarşısına məqsəd qoyub. 

Azərbaycan xalqı bu gün anarxiya, xaos, gərginlik deyil, sabitlik, tərəqqi və inkişafın tərəfində olduğu üçün mövcud siyasi kursu dəstəkləyir. Çünki bu siyasətin ən azı son beş ildə ölkəmizə, həyatımıza hansı böyük uğurlar gətirdiyini, nə kimi yeniliklərə yol açdığını hamı yaxşı bilir. Həyata keçirilən iqtisadi-siyasi islahatlar fonunda vətənini, xalqını sevən hər bir azərbaycanlı gələcəyə böyük ümidlə baxır. Hamı əmindir ki, möhtərəm Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına yüksəldəcək, qarşıya qoyulmuş bütün vəzifələr uğurlu həllini tapacaqdır.

 

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 11 iyul.- S.6.