Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu son mənzilə yola salınmışdır

 

İyulun 10-da müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı, nasir və ədəbiyyatşünas, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev) son mənzilə yola salınmışdır.

AzərTAc xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.

Mərhumun cənazəsi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında qoyulmuşdu.

Salonda həzin matəm musiqisi səslənirdi.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur.

Cənazənin ətrafına hökumət təşkilatları müxtəlif kollektivlər adından əklillər çiçəklər düzülmüşdü.

Gülhüseyn Hüseynoğlunun həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının binasına gəlir, görkəmli ədibə gözəl insana son borclarını verirdilər.

Vida mərasimində çıxış edən mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev mərhum yazıçının Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində yorulmaz fəaliyyətindən, yaratdığı əsərlərdən, insani keyfiyyətlərindən geniş söz açmışdır.

 Bildirmişdir ki, Gülhüseyn Hüseynoğlu, sözün həqiqi mənasında, gözəl insan, dəyişməz mövqeyə malik vətəndaş, ustad yazıçı, zəhmətkeş alim olmuşdur. Keçən əsrin 40-cı illərindən ədəbi yaradıcılığa başlamış Gülhüseyn Hüseynoğlunun ömrünün mənasını məğrurluq, təvazökarlıq, zəhmətkeşlik kəlmələri daha dolğun ifadə edir. Vaxtilə Azərbaycanın müstəqillik arzusunu dilinə gətirdiyinə görə sovet sistemi tərəfindən zindana atılan yazıçı ömrü boyu qürurundan enməmiş, təmənnasız, gözü-könlü tox yaşamışdır.

Antisovet "İldırım" təşkilatını yaradan, məhkəmənin hökmü ilə 25 il azadlıqdan məhrum edilən Gülhüseyn Hüseynoğlu elmi fəaliyyətinin, demək olar ki, əsas hissəsini məhz sovet sisteminin qurbanı olmuş nakam şair Mikayıl Müşfiqin yaradıcılığına həsr etmişdir. O, bir müəllim kimi yeni nəslin ağıllı, vicdanlı zəhmətsevər ruhda böyüməsi üçün böyük əmək sərf etmişdir. Alim təqribən 60 ilə yaxın bir müddətdə Bakı Dövlət Universitetində çalışmış, elmlər doktoru olmuş, professor dərəcəsinə yüksəlmişdir. Ədəbi fəaliyyətində olduqca yığcam, lakonik, lakin dərin məzmunlu əsərlər yaratmışdır. Onun cəmiyyət tərəfindən sevilməsinin bəlkə ən başlıca cəhətlərindən birincisi yazıçının Vətənə, xalqa, dövlətə hədsiz bağlılığıdır. Qədirbilən xalqımız dövlətimiz hələ 50-ci illərdən başlayaraq imperiya tərəfindən cəzalanmış yazıçıya rəğbətini gizlətməmiş, onun ədəbi yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti daim qiymətləndirilmişdir.  Gülhüseyn Hüseynoğlunun layiqli əsərləri, şəxsiyyəti daim xalqımızın yaddaşında yaşayacaqdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Gülhüseyn Hüseynoğlunun vəfatının yalnız ədəbiyyatımız deyil, mənəviyyatımız üçün böyük itki olduğunu demişdir. Bildirmişdir ki, Gülhüseyn Hüseynoğlu çox istedadlı yazıçı olmaqla bərabər, nadir mənəviyyata malik bir insan olmuşdur. O, gəncliyində Vətənin azadlığı, Azərbaycan dilinin bərqərar olması uğrunda ciddi mübarizəyə qoşulmuş onun "cəzasını" çəkmişdir. Gülhüseyn Hüseynoğlu müəllim adının yüksək daşıyıcısı olmuş, bu adın təmizliyini, saflığını ömrü boyu saxlamışdır. Bir arzum var idi ki, Gülhüseyn Hüseynoğlu Sibirdə başına gələnləri qələmə alsın. O, bəzi fraqmentləri yazmışdı. Təəssüf ki, ömür vəfa etmədi. Yazıçı sovet sistemində çox əziyyətlər çəkməsinə baxmayaraq, həmişə təvazökar olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev Gülhüseyn Hüseynoğlunun tələbəsi olduğunu demiş, müəlliminin Azərbaycan ədəbiyyatının təəssübünü çəkən bir insan olduğunu vurğulamışdır. Diqqətə çatdırmışdır ki, Gülhüseyn Hüseynoğlunun universitetin dəhlizindəki son dərəcə nəcib obrazı auditoriyanın içində parlayan şimşəyə dönmüş, müəllim tələbələrinin içində nəfəs almış, şeir söyləmiş, bütün hissini-həyəcanını auditoriya ilə bölüşmüşdür. Gülhüseyn Hüseynoğlu Azərbaycan ədəbiyyatında əvəzsiz yeri olan bir sənətkardır.

Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov demişdir ki, Gülhüseyn Hüseynoğlu Azərbaycan elmi, ədəbi-fikri, ziyalılığı tarixində çox uzun illər yaşayacaqdır. BDU-nun tarixində onun adı qızıl hərflərlə yazılmışdır. O, uzun illər yaşayacaq, yubileyləri keçiriləcək, onun haqqında kitablar yazılacaq, adına təqaüd veriləcək beləliklə, əbədiləşəcəkdir. Həyatının 60 ilini BDU ilə bağlayan Gülhüseyn Hüseynoğlu heç vaxt vəzifə axtarmamışdır. Həmişə qəlbində yanan milli təəssübkeşlik işığını insanlara paylamağa çalışmışdır.  Millət yolunda əzab-əziyyət çəkmiş, yaşamış, çalışmışdır.

Xalq şairi Nəriman Həsənzadə mərhumun gözəl insani keyfiyyətlərindən, mübarizliyindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşdür. Bildirmişdir ki, istedadlı yazıçı, nümunəvi müəllim olan Gülhüseyn Hüseynoğlu gözəl insan, vətəndaş ömrü yaşamışdır.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov demişdir ki, bir millətin, ölkənin var olduğu müddətdə qazana biləcəyi ən böyük sərvət onun istiqlalı, dövlət müstəqilliyidir. Kimin bu istiqlalda müstəqillikdə payı varsa, millətin yaddaşında həmişəlik qalır daim minnətdarlıq duyğuları ilə xatırlanır. Ədəbi irsi ilə yanaşı, Gülhüseyn Hüseynoğlunun Azərbaycan istiqlalındakı zəhmətləri, taleyi bahasına bu istiqlalın gəlişi yolundakı çəkdiyi  əməklər heç zaman unudulmamalı, həmişə bizi ona minnətdar etməlidir.

Rafael Hüseynov diqqətə çatdırmışdır ki, belə insanlar imperiyanı yıxmağa, Azərbaycanı müstəqil etməyə çalışmışlar. Gülhüseyn Hüseynoğlu bir sufi kimi pak, təmiz insan olmuş, bütün ömrü boyu adamlara xeyirxahlıq etməyə çalışmışdır. Mənsur şeiri bir janr olaraq Azərbaycan ədəbiyyatında bərqərar edən Gülhüseyn Hüseynoğlu olmuşdur. Onun mənsur şeirləri çoxdur. Əlbəttə ki, onların işində şah əsəri olan "Mücrü" çox dillərə tərcümə olunmuş, haqqında film çəkilmişdir. İnsanın ən qiymətli əşyalarını, sənədlərini saxladığı mücrünün açılmaq keyfiyyəti vardır. Gülhüseyn Hüseynoğlunun mücrüsü hər zaman açılacaq insanlar ona baxanda istiqlalımız, müstəqilliyimiz, bu yolda həyatını fəda etmiş insan, onun əsərləri pak varlığı haqqında düşünəcəklər.

Gülhüseyn Hüseynoğlu Azərbaycan mənəviyyatının böyük yaddaşında bir örnək kimi həmişə yaşayacaqdır.

Görkəmli ədibin oğlu Toğrul Abdullayev mərhumun ailəsi adından yazıçının xatirəsinə göstərilən hörmət ehtirama görə dərin minnətdarlığını bildirmişdir.

 

Sonra görkəmli ədibin cənazəsi son mənzilə yola salınmışdır.

 

Mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır.

 

Allah rəhmət eləsin!

 

Azərbaycan.-2013.- 11 iyul.- S.10.