Mədəniyyət və turizm naziri Qubada vətəndaşları qəbul etmişdir

 

İyulun 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Quba şəhərindəki Bəşir Səfəroğlu adına mədəniyyət evində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul etmişdir.

 Qəbulda Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri, şöbə müdirləri və digər məsul işçiləri iştirak etmişlər.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkənin şimal bölgəsinin əhatə olunduğu rayonlardan vətəndaşlar əvvəlcədən mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə nazirliyə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışlar.

Vətəndaşların nazirlə görüşündə mədəniyyət və turizmlə bağlı bir sıra məsələlər qaldırılmışdır. Müraciətlərin əsasını təşkil edən   mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi abidələrin bərpası, yerlərdəki uşaq və incəsənət məktəblərində yeni ixtisasların açılması, məktəblərə əlavə dərs vəsaitlərinin verilməsi, bölgədə turizmin inkişafı, xalçaçılıq sənətinin təşviqi ilə bağlı xahiş və təkliflər nazir tərəfindən müsbət qarşılanmışdır. Qeyd olunmuşdur ki, vətəndaşların bu cür əhəmiyyətli mövzularda həssaslıq nümayiş etdirmələri təqdirəlayiq haldır.

Qəbuldan sonra Əbülfəs Qarayev mətbuata açıqlamasında bildirmişdir ki, qeyd olunan məsələlərin həlli istiqamətində lazımi tədbirlər görüləcəkdir. Nazir sözünə davam edərək demişdir: "Burada bir çox mövzularda müraciətlər edildi. Xalçaçılığın inkişafı, tarixi abidələrimizin təmiri və bərpası, turizm sahəsi və s. məsələlərlə bağlı maraqlı təkliflər irəli sürüldü. Bütün bu məsələlər nazirliyin daim diqqət mərkəzindədir. Nazirlik tərəfindən yerlərdə bir çox abidələr təmir və bərpa olunmuşdur. Hazırda bu proses davam edir. Regionların gələcək inkişafı ilə bağlı mədəniyyət və turizm sahəsində bir çox işlər nəzərdə tutulmuşdur. İşlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər də nəzərdən keçiriləcək və çalışacağıq ki, həmin şəxslərə müvafiq köməklik göstərilsin".

 

Azərbaycan.-2013.- 11 iyul.- S.11.