Fermerlərin ən yaxın dostu və himayədarı Prezident İlham Əliyevdir

 

Son illər ölkəmizdə iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq üçün qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə dövlət aqrar sektorun inkişafı üçün böyük həcmdə sərmayə yatırır. Təkcə ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərlə maliyyələşdirilən 94 istehsal, emal və infrastruktur müəssisələrindən 84-ü aqrar sənaye kompleksinə aid olub. Hazırda aqrar sektordakı vəziyyət və qarşıda duran vəzifələr barədə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanova müraciət etdik.

Nazir müaivni  qeyd etdi ki, aqrar sektorda inkişafın təməli ulu öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi islahatlarla qoyulub: "Keçmiş SSRİ məkanında torpaq islahatı ilk dəfə Azərbaycanda həyata keçirilib. Bu islahatlar nəticəsində torpaq özünün həqiqi sahibi olan kəndliyə verilib. Qeyd edək ki, bu, zamanında atılan cəsarətli addım idi. Həmin dövrdə bizimlə eyni ictimai-siyasi inkişaf yolu keçən keçmiş sovet respublikalarında torpaq islahatı aparılmamışdı. Yəni, bu sahədə öyrəniləsi bir təcrübə yox idi! Odur ki, torpaq islahatı keçirmək o dövrdə həm də böyük risk sayılırdı! Lakin ulu öndər belə bir cəsarətli addım atmaqla hamıya nümunə göstərdi. Ötən dövr ərzində qazanılan uğurlar sübut etdi ki, vaxtında aqrar islahatları aparmaq ən doğru yol olub".

A.Aslanov həmçinin bildirdi ki, uğurla həyata keçirilən islahatlara baxmayaraq, neft və qeyri-neft sənayesi ilə müqayisədə aqrar sektor məhsul istehsalında hələ xeyli geridə qalırdı. Aqrar sahə özünün xarakterinə görə istər yerli, istərsə də xarici sahibkarlar üçün bir o qədər cəlbedici deyildi. Əsas səbəb isə  bu sahəyə qoyulan vəsaitin geri qayıtma müddətinin uzun və gəlirin iqtisadiyyatın digər sahələrinə nisbətən az olması idi. Bunu nəzərə alan Prezident İlham Əliyev aqrar sektorun dövlət tərəfindən maliyyələşdirilməsinə xüsusi önəm verir. Eyni zamanda xarici sahibkarların da bu işə cəlb olunmasını stimullaşdırmaq üçün bir sıra qərarlar qəbul edilir.

Hazırda aqrar sektorda çalışan sahibkarlar torpaq vergisindən savayı, bütün növ vergilərdən azaddırlar. Dünyanın heç bir ölkəsində fermerlərin xeyrinə belə bir əlverişli qərar qəbul olunmayıb. Bundan əlavə, əkinlə məşğul olan hər bir fermerə istifadə etdiyi yanacaq və sürtkü yağlarına görə dövlət kompensasiya ödəyir. Eyni zamanda, fermerlər istifadə etdikləri gübrəni bazar qiymətlərindən ucuz alırlar. Yaranan qiymət fərqini isə dövlət büdcə hesabına ödəyir. Fermerlərə qayğı bununla da bitmir. Onlara toxum, kənd təsərrüfatı texnikası və cins mal-qara da güzəştli qiymətlərlə satılır.

Bu sahədə qəbul edilən ən önəmli qərarlardan biri də aqrar sektorda çalışan fermerlərə uzunmüddətli və güzəştli kreditlərin verilməsidir. Artıq güzəştli kreditlər almaq imkanı olan fermerlərin maliyyə problemləri yoxdur. İndiyəcən dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib. Bu müəssisələrin hamısı iri istehsal obyektləridir. Bununla yanaşı, regiondakı sahibkarlar aldıqları güzəştli kreditlər hesabına minlərlə kiçik və orta həcmli fermer təsərrüfatlarını inkişaf etdirirlər. Məsələn, ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilib. Həmin kreditlərin 83 faizini regionlarda fəaliyyət göstərən sahibkarlar alıblar. Bununla yanaşı, 2007-2012-ci illərdə dövlət tərəfindən kəndli-fermer təsərrüfatlarına ayrılmış  572,7 milyon manat vəsait hesabına yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrin güzəştli satışına, 1-ci və 2-ci reproduksiyalı toxumun və tingin satışına, orijinal, superelit və elit toxumların istehsalına görə subsidiyalar ödənilmişdir. Göründüyü kimi, dövlətin verdiyi güzəştli kreditlərdən və subsidiyalardan ən çox faydalanan aqrar sektorda çalışanlardır.

Hazırda ölkə əhalisinin 48 faizi regionlarda yaşayır. Deməli, əhalinin böyük əksəriyyəti bu və ya digər dərəcədə aqrar sektorla bağlıdır. Aqrar sektorun inkişafı ölkəmiz üçün ərzaq təhlükəsizliyinin təminatı ilə yanaşı, həm də bölgədə yaşayan əhalinin məşğulluğunun və sosial rifahının yaxşılaşması deməkdir.

Kənd təsərrüfatının inkişafında dövlətin bu istiqamətdə qəbul etdiyi qanun və qərarların əhəmiyyəti danılmazdır. "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında", "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında" və digər qanunların aqrar sektorda idarəetmənin yüksək səviyyəyə qaldırılmasında mühüm rolu var. Qəbul olunan qanunların nəticəsidir ki, 2003-cü ilə nisbətən 2012-cü ildə taxıl istehsalı 36,2, kartof 25,9, tərəvəz 16,2, bostan 20, meyvə 41,6 faiz, üzüm istehsalı isə 2,3 dəfə artmışdır. Ümumiyyətlə, 2003-cü illə müqayisədə 2012-ci ildə ümumi məhsul istehsalı 3,3 dəfə artaraq təxminən 4,8 milyard manata çatmışdır.

Nazir müavini vurğuladı ki, aqrar sektorda islahatlar həyata keçirildikdən sonra ölkədə yeni iqtisadi şərait yaranıb, kənd təsərrüfatının idarə edilməsi və məhsul istehsalının tənzimlənməsi kimi məsul vəzifə Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulub: "Nazirlik də öz işini yeni  yaranan iqtisadi münasibətlərə uyğun qurur. Biz hazırda bu vəzifənin məsuliyyətlə həyata keçirilməsi üçün səylə çalışırıq. Aqrar islahatlardan sonra bu sektorda müxtəlif növ təsərrüfat formaları yaradılıb. Yeni təsərrüfat subyektləri arasında ən çox üstünlük veriləni fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarıdır. Son illər bu növ təsərrüfat subyektləri daha çox inkişaf edərək öz maddi-texniki bazasını xeyli möhkəmləndirir. İnkişaf prosesində təsərrüfatların formalaşması və maliyyə imkanlarının dəyişməsi birbaşa onların fəaliyyətinə təsir edir. Bununla belə, bir çox təsərrüfatlar aqrar sahədə yeni yarandığından və kifayət qədər təcrübəyə malik olmadıqlarına görə bazar prinsiplərinə uyğun  yeni təsərrüfat formalarına keçir. Ona görə də hazırda Milli Məclisdə müzakirə edilən "Kooperasiya haqqında" qanunun qəbul olunması vacibdir. Bu qanun qəbul edildikdən sonra kiçik təsərrüfatlar birləşərək daha səmərəli fəaliyyət göstərmək imkanı qazanacaq. Yeni qanun qəbul olunduqdan sonra kiçik sahibkarlıq subyektləri könüllülük əsasında pay torpaqlarının birləşdirilməsi nəticəsində torpaqdan daha səmərəli istifadə, növbəli əkinin tətbiqi, istehsal olunan məhsulların bazara çıxarılmasında mövcud olan problemlərin həlli, maliyyə-kredit mənbələrindən düzgün bəhrələnmək üçün daha geniş imkanlar yaranacaq. Xırda təsərrüfatların, kiçik torpaq sahiblərinin torpaqlarının kooperasiya və assosiasiyalarda birləşdirilməsi onlara iri taxılçılıq və digər aqrar komplekslər yaratmaq imkanı verəcək".

Həqiqətən, bu gün Azərbaycanda taxılçılığın inkişafı üçün iri aqrar komplekslərinin yaradılmasına ehtiyac var. Prezident İlham Əliyev dövlət torpaq fondu hesabına iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı tövsiyələr də vermişdir. Hazırda bir neçə rayonda bu istiqamət üzrə kompleks işlər həyata keçirilir. Artıq bu məqsəd üçün 200 min hektar torpaq sahəsi müəyyənləşdirilib. Beyləqan, Ağcabədi rayonlarının ərazisində isə belə təsərrüfatlardan sayılan "Qarabağ-Taxıl" MMC fəaliyyətə başlayıb. Burada 4000 hektara yaxın sahədə meliorasiya işləri görülüb və ABŞ-ın müasir suvarma sistemi əsasında 6 RİVOD qurulub, "Con Der" texnikaları alınıb. Təsərrüfatda cari ildə 1875 hektar sahədə payızlıq buğda, 1390 hektarda qarğıdalı, 30 hektarda günəbaxan və 5 hektarda soya əkilib. Hazırda taxıl biçilir və hər hektardan 55-60 sentner məhsul götürülür ki, bu da ölkə üzrə ən yüksək göstəricidir. Taxıl yığıldıqdan sonra RİVOD-lardan minimal qaydada becərmə aparmaqla təkrar qarğıdalı, soya bitkiləri əkilir. Ən önəmlisi isə təsərrüfatda istifadə edilən yeni texnologiya bir ildə iki dəfə məhsul yığılmasına imkan verir.

Aslan Aslanovun sözlərinə görə, yüksək məhsul əldə etmək üçün məhsuldar toxum sortları xüsusi önəm daşıyır: "Hazırda nazirlik əsasən aqrar elm, bitki sortlarının yaradılması, rayonlaşdırılıması və ilkin toxumçuluğu inkişaf etdirmək üçün bir sıra layihələr həyata keçirir. Toxumçuluq təsərrüfatlarında ölkənin tələbatına uyğun növlər və sortlar üzrə orijinal, superelit və elit toxum istehsalı müəyyənləşdirilir və dövlət tərəfindən onun istehsalına çəkilən xərclər kvotalaşdırılır. İndiyəcən torpaq-iqlim şəaritinə uyğun təkcə dənli bitkilər üzrə yumşaq buğdanın 29, bərk buğdanın 9, yazlıq buğdanın 1, payızlıq arpanın 8, yazlıq arpanın 1 sortu öyrənilərək rayonlaşdırılmışdır. Onlardan 28-i istehsalata tətbiq edilmişdir.

Sirr deyil ki, Azərbaycanda toxumçuluğun inkişafında akademik Cəlal Əliyevin müstəsna rolu var. Hazırda yerli buğda sortları kimi istifadə olunan "Əzəmətli-95", "Azəri", "Nurlu-99", "Qobustan", "Şəki-1", "Ruzi-84" və s. növlər görkəmli akademikin apardığı elmi araşdırmaların nəticəsidir. Bundan başqa, fermerlərimiz xarici sortlardan olan məhsuldar "Pamyat", "Moskviç", "Tanya", "Nota", "Batko", "Krasnodar-99", "Faktor", "Kroşka" toxum növlərindən də geniş istifadə edirlər.

Nazir müavini bu məsələ ilə bağlı dedi ki, son illər toxuma olan tələbat yerli istehsal hesabına əksər bitkilər üzrə təmin edilir: "Reproduksiyalı toxum həmçinin dövlət mülkiyyətli kənd təsərrüfatı istehsalı müəssisələrində və 350-yə yaxın hüquqi və fiziki şəxslərdən ibarət özəl toxumçuluq subyektlərində istehsal olunur. 2012-2013-cü ilin əkini üçün dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə 184,6 min ton taxıl toxumu istehsal edilərək səpin tələbatı ödənilib. Bu dövrdə istehsal edilən taxıl toxumunun 142,7 min tonu buğda, 41,8 min tonu arpa toxumu olmaqla 40 tonunu orijinal, 240 tonunu superelit, 1250 tonunu elit, 37440 tonunu birinci reproduksiyalı, 76433 tonunu ikinci reproduksiyalı və 69195 tonunu üçüncü reproduksiyalı toxumlar təşkil edib. Toxumun 65,3 faizi özəl toxumçuluq təsərrüfatları tərəfindən istehsal olunub. Gələn il də yüksək məhsul əldə etmək üçün indidən hazırlıq işləri görülür. Hazırda toxumçuluq sahələrində aprobasiya işləri tamamlanıb, toxumun tədarükü, tənzimlənməsi və sertifikatlaşdırılması işlərinə başlanılıb".

A.Aslanov onu da söylədi ki, Azərbaycanda son illər aqrar elmdə bir çox elmi kəşflərə imza atılıb. Aqrar elm sahəsində Kənd Təsərrüfatı Nazirliyi, "AZAL" QSC-nin Milli Aviasiya Akademiyası və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri tərəfindən bir neçə il ərzində ölkəmizdə innovasiya texnologiyası - ozonlaşmanın kənd təsərrüfatı sistemində tətbiqi üzrə kompleks tədbirlərin həyata keçirilməsi əsasında taxıl istehsalının az məsrəf və ekoloji təmiz üsullarla artırılması, eyni zamanda, toplanmış məhsulun ekoloji təmiz, itkisiz saxlanması üsulları üzrə elmi-tədqiqat və sınaq işləri aparılıb, mühüm nəticələr əldə edilib. Taxıl toxumlarının həm səpindən qabaq işlənilməsində, həm də genbank tədqiqatlarında çox ciddi elmi axtarışlar aparılıb, ozonlaşmanın optimal dozalarının və bu dozaları əldə etməyə imkan verən qurğuların və texnologiyaların hazırlanmasına nail olunub. Bu sahədə aparılan elmi-tədqiqat işləri məhsuldarlığın 7,2 sentner artımına imkan yaradır.

Daha yüksək məhsuldarlığın əldə olunmasında və hazır məhsulun itkisiz yığılmasında kənd təsərrüfatı texnikasının xüsusi rolu var. Bu məqsədlə Prezident tərəfindən 2004-cü ildə "Aqrolizinq" ASC-nin yaradılması barədə sərəncam imzalanmışdır. ASC-nin fəaliyyəti dövründə dövlət büdcəsindən  və digər mənbələrdən, o cümlədən təkrar istifadədən yaranmış 119,49 milyon manat vəsait də nəzərə alınmaqla 493,32 milyon manat vəsaitdən 190,72 milyon manatlıq kənd təsərrüfatı texnikası, 113,79 milyon manatlıq texnoloji avadanlıq, 114,55 milyon manatlıq mineral gübrələr, 22,86 milyon manatlıq damazlıq heyvanlar alınmışdır. Yerlərdə "Aqrolizinq" ASC-nin 54 aqroservis filialı fəaliyyət göstərir. 34 filialın müasir maddi-texniki bazası yaradılıb və tutumu 68 min ton olan 6 lagistik gübrə bazası tikilərək istifadəyə verilib.

Bu ilki taxıl biçimindən danışan A.Aslanov məhsulun optimal müddətdə biçilib yığılması üçün ölkə üzrə 2660 taxılyığan kombaynın biçində iştirak etdiyini bildirdi: "Onların 1298-i yenidir, o cümlədən 400-ü son dərəcə məhsuldar olan "Sampo" markalı müasir kombaynlardır. Bundan başqa, cari il əlavə 100 yeni kombayn alınıb. Lakin ölkədə əkin sahələrinin ildən-ilə genişlənməsi ilə bağlı yerlərdə kombayn çatışmazlığı var idi. Taxılsa vaxtında yığılmadıqda itkiyə gedir. Dövlət başçısı həmişə olduğu kimi, bu dəfə də fermerlərin harayına səs verdi. Ümumiyyətlə, Prezident kənd təsərrüfatı işlərinin hər bir problemini həll etmək üçün vaxtında lazım olan qərarları qəbul edir. Dövlət başçısının 4 iyul 2013-cü il tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında" sərəncamı bütün kənd təsərrüfatı əməkçilərini sevindirdi. Bu sərəncamla yeni taxılyığan kombaynların alınması üçün 15 milyon manat vəsait ayrılmışdır.

İşimlə əlaqədar tez-tez bölgələrdə oluram və kəndlilərlə görüşürəm. Fermerlərimiz hər görüşdə Prezidentin onlara göstərdiyi qayğıdan son dərəcə razı olduqlarını bildirirlər. Belə görüşlərdə fermerlər bir qayda olaraq vurğulayırlar ki, növbəti prezident seçkilərində də cənab İlham Əliyevə səs verəcəklər. Çünki dövlət başçısının fermerlərə göstərdiyi qayğının analoqu dünyanın heç bir yerində yoxdur".

Sonda onu da qeyd edək ki, cari ildə 1032,3 min hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalılar (qarğıdalısız) əkini aparılıb. İyulun 8-ə olan məlumata görə 751,2 min hektar sahə (73 faizi) biçilib ki, bu da keçən ilki səviyyədən 30 min hektar çoxdur. Göstərilən dövrəcən 1 milyon 990,4 min ton məhsul istehsal olunub. Orta məhsuldarlıq 27,7 sentnerə çataraq ötən ilki səviyyəni ötüb. Hazırda 11 rayonda biçin başa çatıb, 25 rayonda isə biçinin 75-98 faizi yerinə yetirilib. Orta məhsuldarlıq üzrə göstəricilər Saatlı, Şəmkir, Sabirabad, Bərdə, Ağdam, Salyan, Samux, Tərtər, Yevlax, Ağcabədi və Beyləqan rayonlarında daha yüksəkdir.

Sahələrdə hələ yığılmamış məhsul çoxdur. Mütəxəssislərin hesablamalarına görə, təqribən 2 milyon 906,7 min ton məhsul, o cümlədən 1 milyon 904,7 min ton buğdanın yığılması gözlənilir.

 

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2013.- 12 iyul.- S.4.