Avropa mətbuatı da moldovalı ombudsmandan yazdı

 

Ermənistanın terrorçu hakimiyyəti beynəlxalq aləmdə  işfa olunur

 

 

Ermənistan Konstitusiya Məhkəməsinin təşkil etdiyi "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarına əməl olunması" mövzusunda beynəlxalq konfransda məruzə ilə çıxış edərək Azərbaycan torpaqlarının işğalı ilə bağlı əsl reallığı bir daha dünya ictimaiyyətinə bəyan edən Moldovanın parlament vəkili, ombudsman Aureliya Qriqoriunun cəsarətli çıxışı Avropa mətbuatında da işıqlandırılmağa başlanıb.

Brüsseldə nəşr olunan "New Europe" qəzetində moldovalı ombudsmanın Ermənistanda üzləşdiyi insidentlə bağlı məqalə dərc olunub. Bu barədə "Trend"ə Azərbaycanın  Belçika və Lüksemburqdakı səfirliyindən məlumat veriblər.

Məqalədə deyilir ki, Ermənistanın paytaxtı Yerevanda keçirilən konfransda moldovalı ombudsman Aureliya Qriqoriu çıxışı zamanı bildirib ki, Ermənistan silahlıları Xocalıda 613 nəfərin ölümünə səbəb olan faciəni törədiblər. O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Qriqoriu bu çıxışından sonra qaldığı hotelin otağından çıxa bilməyib və onun ölkədən çıxmasına mane olublar. Moldovalı ombudsman bildirib ki, Yerevanda keçirilən konfransda çıxışı zamanı dondurulmuş münaqişə zonalarında insan haqlarının qorunması və təşviqi barədə danışıb. O deyib ki, çıxışında təkcə Ermənistan yox, GürcüstanMoldova barədə də danışıb. Onun sözlərinə görə, qeyd etdiyi məlumat yeni deyil və sözügedən məlumatlar BMT-nin qətnaməsində öz əksini tapan faktlara əsaslanır. Qəzet yazır: "Moldovalı ombudsman mətbuat konfransında bildirib ki, çıxışı zamanı ictimaiyyətin diqqətini, sadəcə, münaqişə zonalarında insan haqlarının pozulmasına yönəltmək istəyib. O bildirib ki, çıxışı zamanı təkcə Dağlıq Qarabağda deyil, həmçinin Dnestryanı və Gürcüstanda insan haqları məsələlərinə toxunub".

Qəzetdə həmçinin qeyd edilir ki, Azərbaycan hökuməti ona dəstək olub.

Məqalədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistanda hüquqlarının pozulması ilə bağlı bəyanatı da vurğulanıb.

Qeyd edək ki, hələlik heç bir beynəlxalq təşkilat məlum hadisəyə münasibət bildirməyib. Eyni zamanda, insan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq təşkilatlar - "Freedom House", "Human Rights Watch", "Amnistey İnternational", eləcə də "Sərhədsiz reportyorlar"dan bu günə kimi səs çıxmayıb!

Ancaq adıçəkilən təşkilatlar Azərbaycanda qanunsuz aksiyalarda saxlanılan hər hansısa partiya üzvü barədə dərhal bəyanatlar, müraciətlər yayırlar. Ölkəmizdə insan hüquqlarının pozulduğunu, söz azadlığının boğulduğunu iddia edirlər. Ancaq bir ölkənin rəsmi şəxsinin digər bir ölkədə ölümlə təhdid edilməsinə, ailə üzvlərinə qarşı terror törədiləcəyi ilə bağlı xəbərdarlıqlara  göz yumurlar. Bütün bunlar onu deməyə əsas verir ki, adıçəkilən beynəlxalq qurumlar kimlərinsə donosları əsasında hesabatlar, bəyanatlar hazırlayırlar. Eyni zamanda, Azərbaycandan onlara donos ötürən bəzi "qeyri-hökumət təşkilatları", "hüquq müdafiəçiləri", "jurnalist təşkiatları" da Ermənistandakı hadisədən xəbərsiz kimi davranırlar. Bütün Avropa şahid oldu ki, moldovalı ombudsman Ermənistanda hansı təzyiqlərlə üzləşdi. Cəsarətli çıxışına görə, ona hətta dövlət səviyyəsində ciddi təzyiq göstərildi. Terrorçu ölkənin güc strukturları xanım ombudsmana qarşı istənilən terror hadisəsini həyata keçirə bilərdilər.

Bu, bir həqiqətdir ki, Ermənistanda Azərbaycan həqiqətlərini çəkinmədən söyləmək böyük cəsarət tələb edir. Moldovalı ombudsman ermənilərin azğın xalq olduğunu bilə-bilə bu çıxışdan nə imtina etdi, nə də işğalçı ölkənin "üzr istəmək" tələbini yerinə yetirdi.

Bütün bunlar Azərbaycan həqiqətlərinin Avropa dövətləri tərəfindən artıq qəbul olunmasından xəbər verir. Ancaq xaricdən qrant alıb Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına, qanunsuz aksiyaların keçirilməsinə çalışan "QHT"lər, "hüquq müdafiə təşkilatları" yenə də düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Ümummilli məsələlərdə həmrəy olduqlarını iddia edən bu qurumların hazırkı mövqeləri göstərir ki, onları yalnız "sahiblərinin" marağı düşündürür. Yalnız bir maraqları var: o da Azərbaycanın əleyhinə olan, iftira dolu məlumatların antiazərbaycançı şəbəkəyə ötürülməsidir. 

Bu, bir faktdır ki, Moldova ombudsmanının ünvanına bu cür təhdidlər dövlət səviyyəsində terror və söz azadlığının tapdanması kimi qiymətləndirilir. Adları çəkilən beynəlxalq təşkilatlar və Azərbaycanda fəaliyyət göstərən "qurumlar" nə qədər sussalar da, Avropa mətbuatı artıq məsələ ilə bağlı yazılar dərc etməyə başlayıb.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.- 12 iyul.- S.5.