Binəqədi rayonunda «Heydər Əliyevin azərbaycançılıq məfkurəsi

 və dövlətçilik» mövzusunda konfrans keçirilmişdir

 

Dünən Binəqədi Rayon İcra Hakimiyyətində "Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və dövlətçilik" mövzusunda konfrans keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş, xatirəsinə dərin ehtiramlarını bildirmişlər.

Daha sonra tədbirə qatılan qonaqlar rayon icra hakimiyyətinin inzibati binasında elektron hökumətə keçidlə əlaqədar qurulmuş elektron xəritə, elektron kargüzarlıq sistemi, sakinlərin müraciəti xidməti - 1646 və vətəndaşlara xidmət üçün yaradılmış digər texniki imkanlarla tanış olmuşlar.

Konfrans ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanın bütün sahələrdə dirçəlişi və sürətli inkişafı uğrunda həyata keçirdiyi işlərə həsr olunmuş filmin nümayişi ilə başlamışdır.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ulu öndərin sovet dövründə Azərbaycana rəhbərliyi illərində ölkəmizin sosial-iqtisadi, hərbi, təhsil sahələrində inkişafı üçün gördüyü işlərdən danışmışdır. Ümummilli liderin azərbaycançılıq ideologiyasının əsasını qoymasından bəhs edən natiq bu uğurlu siyasətin bu günPrezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla həyata keçirildiyini demişdir. Xaləddin İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin əsaslı təmirdən sonra istifadəyə verilmiş inzibati binasının böyük akt zalında keçirilmiş ilk tədbirin məhz ulu öndər Heydər Əliyevə həsr olunduğunu vurğulamışdır.

Sonra Milli Məclisin deputatları Nizami Cəfərov və Musa Qasımlı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək ulu öndər Heydər Əliyevin 44 il əvvəl hakimiyyətə gəlişi ilə bugünkü müstəqil Azərbaycan dövlətinin əsasını qoyduğunu tarixi faktlara əsaslanaraq diqqətə çatdırmışlar. Natiqlər bu uğurlu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında xalqımızın sıx birləşməsinin və dövlət başçısına hər sahədə dəstək verilməsinin vacibliyini bildirmişlər.

Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyətinin "Heydər Əliyev irsini öyrənirik" mövzusunda təsis etdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

 

 

Azərbaycan.-2013.- 13 iyul.- S.2.