Nəqliyyat naziri Qazaxda vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər. AzərTAc xəbər verir ki, növbəti belə qəbul nəqliyyat naziri Ziya Məmmədov tərəfindən iyulun 12-də Qazax şəhərindəki Şahmat Mərkəzində keçirilmişdir. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak etmişlər.

Qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verilmişdir. Müraciətlər əsasən, rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin və digər məsələlərlə bağlı olmuşdur.

Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapmış, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

 

Azərbaycan.-2013.- 13 iyul.- S.7.