Azərbaycanın iqtisadi inkişaf modeli nüfuzlu təşkilatlar tərəfindən təqdir olunur

 

Prezident İlham Əliyev son 10 ildə hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatları ardıcıl şəkildə davam etdirərək Heydər Əliyev siyasətinin alternativsizliyini sübuta yetirmişdir. Azərbaycan xalqının cənab İlham Əliyevi strateji islahatlar kursunun layiqli davamçısı qismində görməsi obyektiv reallıqlarla şərtlənmişdir. Ötən müddətdə yüksək idarəçilik keyfiyyətlərinə malik şəxsiyyət kimi təsdiqlənmiş cənab İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun etimad və inamını qazanmaqla şəksiz qələbəsini təmin etmişdir.

Dövlətə rəhbərlik missiyasını üzərinə götürən liderin şəxsiyyətcə bütöv, prinsipial, qətiyyətli olması xalqın özünə inamını təmin etməklə yanaşı, hər bir vətəndaşın sabit yaşayış tərzinə imkan yaradır. Bu mənada cənab İlham Əliyev elə ilk andan dövlət maraqları ilə bağlı həlledici məqamlarda qətiyyətli mövqe tutduğunu, bir çoxları üçün çətin və riskli görünən siyasi gedişlərdən belə çəkinmədiyini sübuta yetirmişdir. 2003-cü ilin məlum 15-16 oktyabr iğtişaşlarının qarşısını xalqın iradəsi ilə alan dövlət başçısı ictimai-siyasi sabitliyin etibarlı təminatçısı olduğunu bir daha nümayiş etdirmiş, üzləşdiyi ilk dövlətçilik imtahanından üzüağ çıxmışdır. İfrat radikal qüvvələrin dağıdıcı addımlarını zərərsizləşdirən Prezident İlham Əliyev ilk növbədə, xalqa dövlətçilik sükanının etibarlı əllərdə olduğu mesajını vermişdir. 2003-cü ilin və 2008-ci ilin 15 oktyabr seçkiləri isə respublikamızda möhkəm, heç bir qüvvənin sarsıtmağa gücü çata bilməyəcək siyasi həmrəyliyin, dövlət idarəçilik mexanizmlərinin mövcudluğunu göstərmişdir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf strategiyasını son 10 ildə inamla davam etdirən dövlət başçısı qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının yaxşılaşdırılması naminə bir sıra mühüm addımlar atmışdır. Yeni neft strategiyasının davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz, Bakı-Tbilisi-Qars dəmiryolu layihələrinin reallaşdırılması, Azərbaycanı regionda lokomotiv dövlətə çevirən enerji layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin, sənaye potensialının formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.

İqtisadi inkişaf göstəriciləri əsasında dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəlmək iddiasını ortaya qoymuş Azərbaycan 2020-ci ilədək bütün sahələrdə sürətli modernləşmə yolu keçmək, ümumi daxili məhsulu 2 dəfəyədək artırmaq niyyətindədir.

Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında son illərdə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilməsi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşdırılması üçün geniş imkanlar açır.

Ölkənin iqtisadi inkişaf tempi siyasihüquqi islahatların çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsinə imkan yaradır. Şübhəsiz, hər bir dövlətdə demokratikləşmə prosesinin həyata keçirilməsi üçün ilk növbədə, insanın azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Demokratik cəmiyyətin əsas təməl prinsiplərindən biri də fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin təşəkkülü, xüsusi mülkiyyət formasının genişlənməsi, orta təbəqənin mövqelərinin möhkəmlənməsidir. Bu mühüm iqtisadi faktorların inkişafı üçün ümumi daxili məhsulun müəyyən bir səviyyəyə yüksəlməsi vacib məsələlərdən biri hesab olunur.

Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də hüquqi sahələrdə özünəməxsus inkişaf modeli formalaşmışdır. Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Bu konseptual elmi-fəlsəfi yanaşma tərzi cılız iddialarını yeni müstəqil dövlətlərə zorla qəbul etdirməyə çalışan, dünyaya yeni mövcudluq üsulu vermək istəyən ayrı-ayrı siyasi mərkəzlərə, ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlara tutarlı cavabdır. Ümumi qənaət bundan ibarətdir ki, bu sürətli inkişaf və tərəqqi prosesində Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, dövlətinin taleyini cənab İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir.

Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən parlaq göstəricisi ötən 10 ildə 1 milyon 100 mindən çox yeni yerinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin 44 faizdən 5,6 faizə enməsidir. Gənc ailələrin mənzillə təminatı üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq artırılması bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.

2003-cü ildən ölkədə məqsədyönlü surətdə həyata keçirilən sosial infrastruktur layihələrinin əsasında da məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanmışdır. Dəniz səviyyəsindən üç min metr hündürlükdə yerləşən Xınalıq kəndinə yolun, sovet dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlı rayonlarına qaz kəmərlərinin çəkilməsi, strateji əhəmiyyətli Quba-Şamaxı yolunun çəkilişinə başlanması buna sübutdur. Eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və təbii qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi və digər tədbirlər dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin dinamizmini, səmərəliliyini bir daha sübuta yetirir.

Müstəqil Azərbaycanın son illər dinamik inkişaf yolunda olması və makroiqtisadi göstəricilərə imza atması, ilk növbədə, onun dövlət büdcəsində real əksini tapır.

Sürətli tərəqqinin "barometrinə" çevrilən büdcə dövlətin hərtərəfli inkişafı baxımından zəruri sosialinfrastruktur layihələrinin həyata keçirilməsində başlıca maliyyə mənbəyi rolunu oynayır. "Büdcə sistemi haqqında" Qanuna, habelə respublikanın sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun şəkildə tərtib edilən dövlət büdcəsində qlobal böhranın milli iqtisadiyyata təsirləri, habelə 2013-2016-cı illərdə gözlənilən nəticələr ciddi nəzərə alınmışdır. 2013-cü ilin dövlət büdcəsi ölkənin sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına, sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının yaxşılaşdırılmasına maliyyə təminatı yaratmışdır.

Bu ilin dövlət büdcəsi müxtəlif sosial layihələrin, eləcə də ipoteka proqramlarında vəsaitlərin artırılması ilə də diqqəti cəlb edir. Əgər 2012-cu ildə ipoteka kreditləşməsi üçün cəmi 20 milyon manat ayrılmışdısa, 2013-cü ildə bu rəqəm 40 milyon manat təşkil edir. İqtisadçı ekspertlərin fikrincə, bu vəsait hesabına 1300-dən çox ailənin mənzil probleminin həllinə nail olmaq mümkündür.

Ötən illərdə ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilib. Minimum əməkhaqqının, büdcə təşkilatlarında çalışan müxtəlif işçi kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının təcəssümüdür.

Prezident İlham Əliyevin ötən 10 illik fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə əsası hələ Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Bütün bunların fonunda ölkə vətəndaşlarının böyük əksəriyyəti cənab İlham Əliyevə etimad göstərir, onun rəhbərliyi altında respublikamızın qarşıdakı illərdə daha böyük uğurlar qazanacağına inanırlar. Əldə olunan uğurların beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər, eləcə də jurnallarda təqdir olunması respublikamızın davamlı inkişaf yolunda olduğunu təsdiqləyir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 16 iyul.- S.1,2.