Qəbələ V Beynəlxalq Musiqi Festivalı başlayır

 

Son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən çoxsaylı mədəniyyət layihələri Azərbaycan mədəniyyətinin inkişafı və təbliğini yeni, yüksək bir səviyyəyə qaldırmışdır.

 UNESCO tərəfindən bəşər mədəniyyətinin incisi elan edilmiş Azərbaycan muğamına həsr olunmuş Beynəlxalq muğam festivalları böyük maraqla qarşılanaraq dünyada geniş əks-səda doğurmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu günlərdə Heydər Əliyev Fondunun daha bir möhtəşəm beynəlxalq layihəsi - ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalı başlanır.

İyulun 24-dən  avqustun  6-dək Qəbələ şəhərində keçiriləcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Festivalda Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya Respublikası, İsrail, Litva, Kuba, Qazaxıstandan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - Yerusəlim simfonik orkestri, Yuri Başmet və "Yeni Rusiya" simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana Yablonskaya, Dmitri Yablonski, Yader Benyamini, Mirko Roverelli, Karmelo Korrado Karuzo, İdil Biret, Nina Koqan, Jean Bernard Pommier, Jan Lothem Konig, Ayman Musaxacayeva, Aleksandr Solovyov, Sergey Leyferkus, Muza Rubayskite, Hee Youn Choue, Mixail Qutman və başqaları iştirak edəcəklər.

Festivalın konsertlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Murad Hüseynov, Yeganə Axundova, Mənsum İbrahimov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Toğrul Qəniyev, Elçin Əzizov, Fəridə Məmmədova, Səbinə Əsədova, Elçin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Fuad İbrahimov, Yusif Eyvazov, Elvin Qəniyev, Azər Rzazadə, istedadlı gənc solistlər, muğam ifaçıları və başqaları çıxış edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verəcəkdir.

 

Azərbaycan.-2013.- 16 iyul.- S.3.