Akademik Cəlal Əliyevin Avropa Bitki Bioloqları Cəmiyyətinin

 jurnalında nəşr olunmuş məqaləsi birinci yerə layiq görülmüşdür

 

Azərbaycan Milli Elmlər Akademiyasından AzərTAc-a bildirmişlər ki, akademik Cəlal Əliyevin Avropa Bitki Bioloqları Cəmiyyətinin rəsmi dövri nəşri olan nüfuzlu "Physiologia Plantarum" jurnalında çap olunmuş "Buğdasoya genotiplərinin fotosintez, fototənəffüs və məhsuldarlığı" ("Photosynthesis, photorespiration and productivity of wheat and soybean genotypes") adlı məqaləsi 2012-2013-cü illərdə bu sahədə çap olunan işlər üzrə 20 top siyahıda birinci  yerə layiq görülmüşdür.

Akademik C.Əliyev fototənəffüsün israfçılıq olması haqqında indiyədək mövcud fikirlərin əksinə olaraq, sahə şəraitində məhsuldarlığına görə fərqlənən buğda genotiplərində qaz mübadiləsinin intensivliyi, karbon metabolizmi, RBFK/O fermentinin aktivliyini tədqiq edərək müxtəlif istiqamətlərdə apardığı tədqiqatlar nəticəsində ilk dəfə sübut etmişdir ki, fototənəffüs təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir. Bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır. Qırxillik gərgin əməyin nəticəsi olan tədqiqat işi qısa bir zamanda dünya alimlərinin diqqətini cəlb etmiş, məqaləni əldə etmək üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı müraciətlər daxil olmuş və məqaləyə çoxlu istinadlar edilmişdir.

Qeyd edək ki, dünyada ilk dəfə olaraq azərbaycanlı alimin məqaləsini əks etdirən görüntü jurnalın üz qabığında yer almış və ilk iş kimi çap olunmuşdur.

 

Azərbaycan.-2013.- 16 iyul.- S.7.