Arzularımız çin olur

 

Redaksiyamıza Sabirabad rayonunun bir qrup sakininin ölkə rəhbəri İlham Əliyevin adına minnətdarlıq məktubu daxil olmuşdur. Məktubda deyilir:

"Çox şadıq ki, bu gün  ölkəmizə ulu öndər Heydər Əliyevin  layiqli davamçısı rəhbərlik edir, ümummilli liderin  başladığı taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə həyata keçirir. Sizin həm ölkəmizin  daxilində, həm də beynəlxalq aləmdə uğurlu fəaliyyətiniz hər birimizi ürəkdən sevindirir.

Yaxşı yadımızdadır, 2003-cü ilin  oktyabrın 31-də demişdiniz ki, "Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün  yaxşı Prezident olacağam". Artıq hamıya gün kimi aydındır ki, Siz  ölkəmizin  hər bir vətəndaşının  alternativsiz Prezidentisiniz. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan  müasir Azərbaycan Sizin rəhbərliyiniz altında sosial-iqtisadi, mədəni yüksəliş  yolundadır. Bunu biz həyatımızda aydın hiss edirik. Güzəranımız ilbəil yaxşılaşır. Artıq 2010-cu ilin  yazında rayonda baş vermiş təbii fəlakətin  ağır nəticələri aradan  qaldırılıb. Çiy kərpicdən olan evlərin  yerində  möhkəm  özüllü daşdan evlər tikilib, qəsəbələr salınıb, məktəblər, tibb ocaqları əsaslı şəkildə  təmir olunub, əhaliyə dəyən təbii ziyana görə milyonlarla manat  kompensasiya ödənilib.

Rayon sakinlərinin təbii qazlaelektrik enerjisi ilə təchizatında böyük irəliləyişlərə nail olunmaqla həmin işlər davam  etdirilir. İçməli sukanalizasiya sistemi də yenidən qurulur. Hacıqabul-Sabirabad-Horadiz magistral avtomobil yolunun rayonumuzdan keçən hissəsinin  əsaslı təmiri başa çatdırılmaq üzrədir. Rayonumuzda abadlıq və quruculuq işləri də geniş  vüsət alıb.  Sabirabad şəhərinin görkəmi büsbütün  dəyişib".

Məktubda daha sonra deyilir: "2011-2012-ci illərdə 17 kəndi əhatə edən  35 min nəfər əhalisi olan 68 kilometr uzunluğunda Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolu istifadəyə verilib. Uzun illər insanların həsrətlə gözlədiyi Arzu-Cavad kəndi ərazisində Kür çayı üzərində  körpünün  inşası başa çatır.

Bu il iyunun 12-də iyirmi iki min nəfər əhalinin  yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən  Nizami-Əliləmbəyli-Azadkənd Sarxanbəyli avtomobil yolunun tikintisi və yenidən qurulması üçün dövlət büdcəsindən 6 milyon manat  vəsait ayırmanız rayonumuzda böyük  razılıq və minnətdarlıq hissi ilə qarşılanıb. Hələ sovetlərin ən imkanlı vaxtlarında belə həmin  kənd yolları asfalt görməmişdi. Siz kəndlərimizə firavanlıqla yanaşı, rahatlıq da gətirirsiniz.

Əziz Prezident! Yalnız qüdrətli dövlətlərdə xalqını, millətini sevən  rəhbərlər insanlara belə qayğı göstərirlər. Sevinirik ki, belə bir qüdrətli  dövlətin  vətəndaşıyıq. Sevinirik ki, dövlətimizin  Sizin  kimi insanpərvər, xalqının  qeydinə qalan  Prezidenti vardır.

Əmin olun ki, ulu öndər Heydər Əliyev ideyalarına sadiq olan  sabirabadlılar Sizin ətrafınızda sıx birləşmişlər. Biz Sizə hədsiz inamımızı və sədaqətimizi bildiririk. Qarşıdakı prezident seçkilərində də bizim  yeganə namizədimiz Sizsiniz".

Hörmətlə, Şərif Məmmədbəyov - rayon  Ağsaqqallar Şurasının  sədri, Zülfəli Əliyev - rayon Veteranlar Şurasının sədri, Füzuli Paşayev - Qarabağ əlilləri və şəhid ailələri İctimai Birliyi rayon  şöbəsinin  müdiri, Böyükağa Həmidov - rayon  Ziyalılar Cəmiyyətinin sədri, Yolçu Yolçuyev - Poladtoğay kənd sakini, Allahverdi Əliyev - Nizami kənd sakini, Dədəkişi Dövlətov- Sarxanbəyli kənd sakini, Mustafa Məşədioğlu - Əliləmbəyli kənd sakini, Həbib Quliyev- Azadkənd kənd sakini,

 

cəmi 162 imza.

 

Azərbaycan.-2013.- 17 iyul.- S.1.