Azərbaycanın daha uğurlu gələcəyi naminə

 

Ölkəmizin digər bölgələri kimi, Ağdaş da son illər inkişafının yeni mərhələsini yaşayır. İstər dövlət proqramları xətti ilə, istərsə də rayonun daxili imkanları hesabına görülən işlər, həyata keçirilən tədbirlər Ağdaşın simasını tamamilə dəyişib. İndi gələn qonaqlarımıza göstərməli gözəl yerlər çoxdur.

Şəhərimizdəki Heydər Əliyev parkı istər gənclərin, istərsə də yaşlı nəslin ən çox baş çəkdiyi məkandır. Burada insanların istirahəti üçün hər cür şərait yaradılıb. Biz müharibə veteranları da tez-tez burada görüşür, çay süfrəsi arxasında bir-birimizdən hal-əhval tutur, fikir mübadiləsi edirik. Rayonumuzun inkişafı, dövlətin və Prezident İlham Əliyevin Ağdaşa göstərdiyi yüksək diqqət və qayğı da söhbətimizin əsas mövzularından olur. Bu gün biz keçmiş döyüşçülər, Qarabağ müharibəsi əlilləri də dövlət başçısının respublikanın bütün bölgələrinin hərtərəfli inkişafı üçün göstərdiyi yorulmaz fəaliyyəti, insanların rifahının yaxşılaşdırılmasına yönəldilmiş tədbirləri, o cümlədən müharibə veteranlarına, şəhid ailələrinə qayğısını yüksək qiymətləndiririk. Cənab Prezident dəfələrlə bəyan edib ki, insanların yaxşı yaşaması, fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmalıdır. Bu baxımdan rayonumuzda görülən işlərdən, xüsusilə də müharibə əlilləri və şəhid ailələrinə göstərilən diqqətdən çox razıyıq. Bilirik ki, bu diqqətin arxasında yüksək dövlət qayğısı dayanır.

Ağdaşda 421 Qarabağ müharibəsi veteranı, 132 Qarabağ müharibəsi əlili və 182 şəhid ailəsi var. Müharibə əlilləri və şəhid ailələri üçün 48 mənzilli yaşayış binası inşa edilib. Bundan əlavə, tikilib istifadəyə verilən 13 fərdi evin də açarları müharibə veteranlarına və əlillərinə təhvil verilib. Bu kateqoriyadan olan insanların uyğun işlə təmin edilməsi, kiçik bizneslə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün rayonumuzda hər cür şərait yaradılır. Digər çətinliklərimizə də icra orqanları tərəfindən həssaslıqla yanaşılır.

Bütün xalqımız kimi, biz müharibə veteranlarının da ən böyük arzusu torpaqlarımızın erməni işğalından azad edilməsidir. Tam səmimi şəkildə döyüşçü dostlarım adından da qeyd edim ki, istənilən  vaxt bizsilaha sarılıb düşmən üzərinə getməyə hazırıq. Düzdür, orduda müstəqilliyimizin ilk illərindəki kimi özfəaliyyət dövrü deyil. İndi çox güclü ordumuz və qətiyyətli Ali Baş Komandanımız var. İnanırıq ki, onun uzaqgörən siyasəti, prinsipial mövqeyi, beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini bütün dünyaya çatdırması və ən nəhayət, böyük vətənpərvərliyi, fədakarlığı sayəsində torpaqlarımız erməni qəsbkarlarından təmizlənəcək. Elə bu inamla da bəyan edirik ki, biz bu ölkənin Prezidenti kimi ancaq cənab İlham Əliyevi görürük və qarşıdakı prezident seçkilərində də səsimizi ona verəcəyik. Prezident İlham Əliyevə səs vermək torpaqlarımızın azadlığına, Azərbaycanımızın daha uğurlu gələcəyinə səs verməkdir.

 

 

 

İlham BEYBULLAYEV,

Ağdaş şəhər sakini, Qarabağ müharibəsi veteranı

Azərbaycan.-2013.- 17 iyul.- S.2.