Cəlilabadlılar ürəyi qurub-yaratmaq duyğuları ilə döyünən liderə səs verəcəklər

 

Hər ötən gün bizi qarşıdakı çox mühüm bir hadisəyə - prezident seçkilərinə yaxınlaşdırır. Bütün ölkə əhalisi kimi biz cəlilabadlılar da bu taleyüklü kampaniyada müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyev siyasətinə dərin ehtiram və sədaqətimizi bir daha yenidən nümayiş etdirəcəyik.

Bizim yeganə namizədimiz cənab İlham Heydər oğlu Əliyevdir. Biz öz xoşbəxtliyimizi, səadətimizi, əmin-amanlığımızı məhz cənab İlham Əliyevin prezidentliyində görürük. Yalnız cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir və ona böyük ümidlər bəsləyirik.

Mən fiziki sağlamlığımı Azərbaycanın dövlət müstəqilliyi, azadlığı uğrunda mücadilələrdə itirmişəm. "20 Yanvar" əliliyəm, övladımı ərazi bütövlüyümüzün qorunması uğrunda itirmişəm. Şəhid atasıyam, rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvüyəm. Başımız çox bəlalar çəkib, ağır günlər yaşamışıq. Kimin kim olduğunu yaxından görüb, duymuşuq.

Məhz ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi və çoxsaylı müraciətləri ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra biz şəhid ailələri, 20 Yanvar əlilləri və bu kateqoriyadan olan digər ailələr dövlətimizin və onun başçısının qayğısını öz üzərimizdə hiss etmişik. Məsələn, şəhid ailələrinin, "20 Yanvar", Çernobl, Böyük Vətən müharibəsi və Qarabağ əlillərinin arzu və istəkləri nəzərə alınaraq Cəlilabad şəhərinin mərkəzində axar-baxarlı bir guşədə 16 və 36 mənzilli yaşayış binaları müasir memarlıq üslubunda tikilib, sosial ədalət prinsipi əsasında  onlara təhvil verilmişdir. Möhtərəm Prezident cənab İlham Əliyev rayonumuza səfərlərinin birində  - 23 aprel 2010-cu il tarixdə yeni mənzil alan əlilləri, şəhid ailələrini, müharibə veteranlarını səmimi təbrik etmiş, onlara ən xoş arzularını yetirmişdir.

Biz şəhid ailələri, əlillər və müharibə veteranları göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarıq. Dövlət başçısının sözü ilə işi birdir. Cənab İlham Əliyev fəaliyyət göstərdiyi 10 il müddətində, həqiqətən, hər bir azərbaycanlının Prezidenti olduğunu əməldə sübut etmiş, ölkəmizi dünyaya tanıtdırmışdır. Dövlət başçısının titanik fəaliyyəti, uğurlu siyasəti sayəsində Azərbaycan söz sahibi olmuş, dünyanın iqtisadi cəhətdən güclü dövlətlərindən birinə çevrilmişdir.

Dediyim odur ki, sürətli-davamlı inkişaf son 10 ildə Azərbaycanı tanınmaz dərəcədə dəyişdirmişdir. Bu inkişafı, tərəqqini Cəlilabadın timsalında da aydın görmək olar. Xüsusən son illərdə cənab Prezidentin diqqət və qayğısı sayəsində rayonumuzda quruculuq, abadlıq işləri geniş vüsət almış, Cəlilabad şəhəri respublikamızın ən gözəl, ən yaraşıqlı guşələrindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, cənab Prezident səfərlərinin birində rayon ictimaiyyəti nümayəndələri ilə keçirdiyi görüşdə  abadlıq, quruculuq sayəsində rayonumuzda görülən işlərə, qiymət verərək demişdir: "Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir".

Cəlilabadlılar da əməyə belə yüksək qiymət verən, ürəyi dövlətçilik, vətənpərvərlik, qurub-yaratmaq duyğuları ilə döyünən, həmişə siyasi yetkinlik nümayiş etdirən cənab İlham Əliyevə güvənir. Payızda keçiriləcək prezident seçkilərində onun yenidən parlaq qələbə çalacağına əminik.

Cəlilabadlılar da seçkilərdə fəal iştirak edib xalqımızın ümidi, güvənci olan cənab İlham Əliyevə səs verəcəklər.

 

 

Hacı Mirşamil MÜRSƏLOV,

"20 Yanvar" Əlillər Cəmiyyətinin Cəlilabad

 rayon şöbəsinin sədri, şəhid atası

Azərbaycan.-2013.- 17 iyul.- S.2.