Çinin Mərkəzi Televiziyasında Azərbaycan

 haqqında silsilə reportajlar yayımlanmışdır

 

Çin Mərkəzi Televiziyası - CCTV Azərbaycan haqqında silsilə reportajlar yayımlamışdır.

Dünyada ən çox tamaşaçı auditoriyasına malik televiziyalardan biri olan CCTV-də yayımlanan reportajda Azərbaycanın müstəqillik illərində böyük inkişaf yolu keçdiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, həm Avropa, həm də Şərq memarlıq üslubunda inşa edilmiş binalar  gözəl təbiətinə görə "Xəzər dənizinin mirvarisi" adlandırılan Azərbaycanın paytaxtı günəşli Bakıya xüsusi yaraşıq verir. Bakı nəinki Cənubi Qafqazda, eləcə də keçmiş SSRİ məkanında ən çox inkişaf etmiş şəhərlərdən biridir. Son illər şəhərdə aparılan yenidənqurma və tikinti işləri Bakının daha da gözəlləşməsinə səbəb olmuşdur.

Bakının öz görünüşü ilə Dubayı xatırladığını qeyd edən müəllif, şəhərdə həyata keçirilən iri tikinti layihələrindən, o cümlədən "Xəzər adaları"nda salınan şəhərdə dünyanın ən hündür binasının tikiləcəyindən söz açmışdır.

Reportajın müəllifləri bu uğurların qazanılmasında neft amilinin böyük rol oynadığını vurğulayaraq, ərəb ölkələrində neft tapılmasından əvvəl Bakının dünyanın neft istehsalının əsas mərkəzi olduğunu xatırlatmışdır. Reportajda İkinci Dünya müharibəsində SSRİ-nin qələbə qazanmasında Bakı neftinin həlledici rol oynadığı, Azərbaycanda neft hasilatına 160 il əvvəl başlandığı, son illər neft gəlirlərinin iqtisadiyyatın müxtəlif sahələrinə, təhsilin inkişafına, informasiya- kommunikasiya texnologiyalarının tətbiqinə yönəldildiyi xüsusi qeyd olunmuşdur.

Reportajda, həmçinin Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun və Dövlət Neft Şirkəti nümayəndələrinin müsahibələri yer almışdır.

Çin Mərkəzi Televiziyası Azərbaycanın qədim xalçaçılıq sənətindən, Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs edən reportajlar da yayımlamışdır.

Qeyd edək ki, Çin Mərkəzi Televiziyasının 22 kanalı fəaliyyət göstərir. Çində və xaricdə hər gün 2 milyarda yaxın tamaşaçının izlədiyi CCTV çin dili ilə yanaşı, ingilis, fransız, ispan, ərəb və rus dillərində verilişlər yayımlayır.

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

Azərbaycan.-2013.- 17 iyul.- S.3.