Qətiyyətli, məqsədyönlü siyasətin nəticəsi

 

Ötən 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar

 investisiya yatırılıb, strateji valyuta ehtiyatları 46 milyard dollara çatıb

 

 

Azərbaycanın sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində son illər ərzində görülən genişmiqyaslı işlər və əldə olunan böyük nailiyyətlər ölkənin sosial-iqtisadi, mədəni həyatının bütün sahələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər ərzində görülmüş genişmiqyaslı tədbirlər və əldə olunan böyük nailiyyətlər ölkənin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edib, gələcək uğurlarımız üçün möhkəm təməllər yaradıb.

Bütün bunların nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı şaxələndirilib, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilib. Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanıb. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatıb. Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olub. Ölkədə yoxsulluğun səviyyəsi 6,2 faizə, işsizlik isə 5 faizə düşüb. 2012-ci ilin nəticələrinə görə, ölkədə inflyasiya cəmi 1 faiz təşkil edib. Son 10 ildə bir milyondan artıq yeni yeri yaradılıb. İlk süni peykini fəzaya çıxarmaqla Azərbaycan kosmik ölkələr sırasına daxil olub. Ötən 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar investisiya yatırılıb. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib.

Əminliklə söyləyə bilirik ki, 10 il ərzində sadalanan uğurları qazanan ikinci bir ölkə tapılmaz. Ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev məhz bu uğurlara görə dəfələrlə beynəlxalq qurumlar, təşkilatlar tərəfindən mükafatlarla təltif edilib. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən İƏT coğrafiyasında "İlin dövlət başçısı", Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" və digər sorğuların nəticələri bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq arenada fəaliyyəti, qazandığı hörmət dünya birliyi, rəsmi dairələr, nüfuzlu sorğu, araşdırma mərkəzləri tərəfindən yüksək qiymətləndirilir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyir ki, bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan dünyanın önəmli ölkələrindən birinə çevrilib. Ölkəmiz gündən-günə çiçəklənir, vətəndaşların rifah halı sürətlə yaxşılaşır. Nəinki paytaxtımız, ən ucqar regionlarımız belə abadlaşdırılır, infrastruktur layihələri həyata keçirilir. Cəmiyyətin ən müxtəlif sosial təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri addımlar atılır, fərman və sərəncamlar verilir, proqramlar qəbul edilir. "Ekovitrin" jurnalı isə həm Türkiyədə, həm də xaricdə tanınan nüfuzlu nəşrdir. Jurnal vaxtaşırı Azərbaycanla bağlı materiallar dərc edir. Jurnal kollektivinin istər Azərbaycanla tanışlığı, istərsə də dövlət başçısı cənab İlham Əliyevin fəaliyyəti ilə bağlı geniş məlumatları var. Jurnalın belə qərar verməsi də uzunmüddətli müşahidənin, eyni zamanda müqayisələrin nəticəsidir.

Onun sözlərinə görə, Türkiyənin nüfuzlu mətbuat orqanının dövlət başçısı İlham Əliyevi "10 ilin dövlət adamı" seçməsi təsadüfi deyil. Çünki 10 il ərzində Azərbaycan bütün sahələr üzrə güclənib və ən nüfuzlu dövlətlər sırasında qabaqcıl yerlərdən birini tutub. Azərbaycan bu gün regionun vacib problemlərini həll edən güc mərkəzidir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun fikrincə isə, Azərbaycan Prezidentinin beynəlxalq mükafatlara layiq görülməsi bir daha sübut edir ki, dünya dövlətləri tərəfindən regional proseslər diqqətlə izlənməkdədir. Azərbaycanın bu bölgədə tutduğu mövqeyin məhz dövlət başçısının qərarı, çevik siyasəti ilə bağlı olduğu hər kəs tərəfindən etiraf olunur: "Birmənalı şəkildə vurğulamaq lazımdır ki, istənilən siyasət adamının fəaliyyəti əsasən onun sülhə, əməkdaşlığa, təhlükəsizliyə, enerji siyasətinə verdiyi töhfə ilə ölçülür. Bu kontekstdə əsas, yaradıcı layihələri həyata keçirmək, birləşdirici mövqe tutmaq çox önəmlidir".

Deputatın sözlərinə görə, Azərbaycanın dövlət başçısı ötən illər ərzində ən mühüm institutlarda öz mövqeyini təqdim edib. Bölgə dövlətləri liderlərinin heç biri haqqında bu sözləri söyləmək mümkün deyil: "Prezident İlham Əliyevə təqdim olunan mükafatlar onu deməyə əsas verir ki, həmin qurumlar, təşkilatlar bizim dövlətimizin liderinin fikirlərinə, təhlillərinə və həyata keçirdiyi layihələrə önəm verirlər. Dünya şahidi olur ki, Azərbaycanın lideri kifayət qədər çevikdir və məsələləri düzgün təhlil etmək bacarığına malikdir. Mən Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanın daha böyük uğurlara qovuşacağına inanıram. Çünki hər zaman Azərbaycan vətəndaşının mövqeyi bundan ibarət olub ki, ölkə təcavüzə məruz qalmasın, hansısa bir ölkənin forpostu deyil, öz milli maraqları, mövqeyi ilə tanınsın. Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasət də buna xidmət edir. Ona görə də hesab edirəm ki, dövlət başçısı təqdim olunan mükafatlara layiqdir".

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.- 17 iyul.- S.3.