Ailə dəyərləri

 

Boşanmalar bu dəyərlərin yoxa çıxmasına səbəb olur

 

 

Həyatı paylaşmaq, istək və arzuları birgə bölüşmək, sevinc və xoşbəxtlik kimi gözəl duyğuları birgə yaşayıb, kədərli günlərin öhdəsindən bərabər gəlmək üçün uca Yaradan insanları kişi və qadın olmaqla cüt yaratdı. Ailə, isti ocaq, övlad sevgisiinsanlara verilən ən gözəl lütfdür, hədiyyədir. Ən gərgin vaxtında insan bir udum rahat nəfəsi evində alır, övladının üstünə yüyürməsiylə, bir gülüşüylə gərginliyindən azad olur, dincliyini evində tapır.

Ən doğma olan qardaş-bacı evində də rahatlıq tapmır, mümkün qədər öz evinə dönməyə çalışır, həm qonağı olduğu evi narahat etməmək üçün, həm özü rahat olmaq üçün. İsti ocağına, yuvasına bu qədər bağlılıq Azərbaycan xalqının genetik kodudur, mənəvi kimliyidir. Dahi Azərbaycan alimi Nəsirəddin Tusi "Əxlaqi-Nasir" əsərində yazır ki, insanlar tək yaşaya, inkişaf edə, kamala çata bilməzlər. Onların bir-birinə ailə şəklində yaşama ehtiyacları var. Qadınla kişinin bir çox istedadı ailə qurduqdan sonra lazımi həddə çatır. Çünki insanın bir çox ehtiyacı ailədə təmin olunur. Qurulan ailə ocağı qarşılıqlı səmimiyyətə, inama, sevgiyə, bir də milli-mənəvi, əxlaqi dəyərlərə tapınıb yanarsa, heç vaxt sönməz". Tusiyə görə, ailə sağlam olarsa, varlılığı da, kasıblığı da sınaq kimi qəbul edər və yaşadıqları çətinliklərdən sarsılmaz. 

Kiçik dövlət sayılan ailə insanlar arasında ilkin ictimai formadır, millətin gələcək fərdləri orada böyüyür, ilk sosiallaşma və davranış qaydaları da ailədən başlayır, yəni böyük toplum olan cəmiyyətin hüceyrəsi kiçik toplumda yetişir, dolayısı ilə güclü millətin təməli qoyulmuş olur. Hər ailənin də içində özünəməxsus qanunları var. Haqlı demişlər ki, normal cəmiyyəti normal ailələrdə tərbiyə olunan uşaqlar formalaşdırır. Düzgün tərbiyə ilə yüklənmiş ailənin uşaqları həyatımıza işıq tutan davranış qaydalarını daha tez öyrənir və ətrafa nümunə ola bilirlər.

Tarixdə əbədi izlər buraxmış böyük millətlərin ən üstün keyfiyyəti sağlam bir ailə mühitinə sahib olması ilə hesablanıb. Azərbaycan xalqı da var olduğu gündən ailəyə böyük dəyər verib, onu müqəddəs bilib. Çünki milləti ayaqüstə saxlayan və dövləti güclü edən əsas mənəvi dayaqlardan biri fərdlərin və cəmiyyətin əxlaqıdır. Dinimizdə, müqəddəs kitabımızda da ailə dəyərlərinə böyük önəm verilir.

Müasir dünyanın qloballaşmainteqrasiyaya sürətlə daxil olduğu bir vaxtda dəyərlərin dəyişməsi, modernləşməsi məsələsi ortaya çıxıb. Qərb mədəniyyətinin cəmiyyətimizə ayaq açması gənc nəsildə fərqli düşüncə və həyat tərzi formalaşdırır. Bir neçə il öncə Azərbaycanın ailə modelini öyrənən avropalı mütəxəssislər bu məsələdə onlardan daha çox irəli getdiyimizi bildirib bu modeli elm kimi öyrənməyi düşünürdülər. Fransalı psixoloq Lüsianın dediyi "Avropadan gələn rüzgarlara ailə qapınızı açmayın, bərkimiş ailə institutunuzla dünyaya nümunə olmağa davam edin" ifadəsini də xatırlayırıq. Bundan başqa, avropalı mütəxəssislər Azərbaycan ailələrində ana sevgisi və şəfqətinin hünərindən ağızdolusu danışır, azərbaycanlı qadınını ailədəki bu qədər üstün nüfuzuna görə təbrik etmişdilər.

Amma təəssüf ki, son zamanlar genefondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayan ailə institutumuz, dəyərlərimiz aşınmaqdadır. Bir neçə gün öncə mətbuatda son illər boşananların sayının qorxulu həddə çatdığı haqqında statistik məlumatlar verilmişdi. Aparılan hesablamalara görə, qurulan hər on ailədən ikisi, ya üçü boşanır. Son illər nikaha girənlərin 20 faizdən çoxu boşanır. 2011-ci ildə 88 mindən bir az çox nikah bağlanmış, onlardan 10 min 747-si ləğv edilmişdir. 2010-cu ildə isə qurulan 79 min 172 ailədən 9 min 61 ailə dağılmışdır. Ötən il Azərbaycanda 89,4 min nikah və 10,6 min boşanma qeydə alınıb. Son illər bağlanan nikahlar 12,7 faiz, boşananlar isə 19,1 faiz artıb.   

Aparılan araşdırmalardan məlum olur ki, bütün ailələrdə münaqişələr ən kiçik söz-söhbətdən başlayıb uzanaraq  məhkəmələrə qədər gedib çıxır və gələcəyi düşünmədən insanlar boşanmağa qərar verirlər. Təəssüf ki, bu gün ölkə məhkəmələrində ən çox baxılan işlər arasında birinci yerdə məhz boşanmalar dayanır. İllər öncə boşanmış ailələr barmaqla göstərilərdi, bu gün az qala boşanmayan ailələr barmaqla sayılır. "Ər evi, gor evi", "Qadın papaq deyil başdan-başa qoyula" kimi atalar misallarını da unutduq. Hüquqşünas Tamella Vəliyeva bildirir ki, əvvəllər boşananlar üçün 3 aylıq, bəzən 6 aylıq vaxt tətbiq olunurdu. Bu, ailələrə fikirlərindən daşınmalarına hesablanmışdı, nəticələr də qaneedici idi. Bir çox ailələr barışırdılar: "İndi müraciət edənlər nəinki 3 ay, 6 ay, heç bir günvaxt istəmirlər, tezliklə iddialarının təmin olunmasını və boşanma haqqında sənəd tələb edirlər. Sanki həyatları bundan asılıdır. Çox vaxt gadın tərəf məhkəməyə gəlmir, boşanmaya razılıq haqqında notariusda təsdiq olunmuş sənəd göndərir. Ayrılma səbəbləri ilə maraqlananda söylənən iradlar ailə boşanmasına gətirib çıxaran ciddi səbəblər olmur".

Düzdür, indi boşanmaların səbəbləri çoxalıb, iqtisadi durum, evsizlik, hikkə, ərin içkiyə və başqa arzuolunmaz vərdişlərə qurşanması, qadının döyülməsi və son zamanların bəlası olan virtual ünsiyyətin ailələrin xoşbəxtliyinə mane olması və sair. Əvvəllər bu münaqişələr, söz-söhbətlər məhkəmə nədir, qapının kandarına belə çıxmaz, evin içində həll olardı. Mütəxəssislərin fikrincə, gələcək nəsillərə gözəl cəmiyyət yaradıb qoymağın tək yolu ailədir. Bunun üçün ailənin iki əsas fərdi - ataana çalışmalıdır ki, mümkün qədər davranışda az səhv buraxsınlar. Çünki sağlam ailə ata və ananın əxlaqından başlayır, ailədə onların rolumövqeyi elə müəyyənləşdirilib ki, bunların biri olmadan mütləq digəri axsayır və bu da uşaqların tərbiyəsində, fiziki və mənəvi inkişafında özünü göstərir. Deməli, ünsiyyət də sağlam qurulmalıdır, uşaqlara sevgi, hörmət, paylaşmaq vərdişi öyrədilməlidir ki, onlara öyrədilənləri ətraflarına verə bilsinlər. Bir müsahibim danışır ki, yaxın qohumlarımın birinin  9-10 yaşlı oğlu onlara qonaq gələndə salamlaşmaq üçün uşaqlar ona əl uzadarkən o çəkinir, anasına baxıb razılıq aldıqdan sonra əl uzadardı: "Bir dəfə uşağın anası olan əmim qızından "niyə atası uşağa kişi kimi əl uzadıb salamlaşmağı öyrətmir", - deyə soruşdumbunu ona irad tutdum. Sonralar məlum oldu ki, uşağın atası neçə illərdir ailəsini atıb  Rusiyaya gedib, yalnız arada telefon əlaqəsi yaradırmış. 9-10 yaşlı oğlanda salamlaşma vərdişinin yaranmamasının səbəbi aydın oldu".

Psixoloq Ərəstun Mustafayev deyir ki, evdə atasız, yalnız ananın təsiri altında böyüyən uşaq gücsüz və qətiyyətsiz, ətrafından çəkingən olur: "Bir qanadı qırılmış quş kimi olur uşaqlar, gözləri həmişə itirdiklərini axtarır, bəzən xoşbəxt görünmək istəsələr də alınmır, ruhunda, qəlbində sağalmaz yaralar açılır onların. Oğlan uşaqları atalarını həmişə qəhrəman bilir, onlar kimi olmağa çalışırlar. Bu əziyyəti qızlar daha ağır yaşayır, çünki qız uşaqları atacanlıdırlar, atası olmayan qızlar qorxaq və sığınma ehtiyaclı olurlar. "Qız mələkdir" - deyiblər, hər zaman atasının çiyinlərində onu qoruyur. Yarımçıq ailələrdə böyüyən uşaqların taleyi isə bütün zamanlarda cəmiyyətin ağrılı yeri olub, onlara münasibət də fərqlənib. Şəfqət və sevgi misalı olan ailəni bir-birinə bağlayan uşaqlardır. Bu ocağı analar daha çox sevgisiylə, atalar da söz sahibi olmasıyla sönməyə qoymurlar. Bu günün qız uşağı sabahın gəlini, o biri günün anasıdır. Ona gərə də ailədə tarazlığın bünövrəsi ilk gündən qoyulmalıdır. Uşaqların maddi olaraq böyüməsi üçün sağlam qidaya ehtiyacları olduğu qədər, mənəvi qidaya, mükəmməl tərbiyəyə də ehtiyacları var. Kökünə bağlı olan ata-ana ona öyrədilənləri övladına ötürür, ailə uşağa sosiallaşmanı və davranış qaydalarını öyrədən ilk məktəbdir. Bir ata övladına əxlaq və tərbiyədən daha dəyərli var-dövlət verə bilməz. Bu dəyərlərin ortadan qalxdığı cəmiyyətlərdə ortaya anarxiya çıxır. Bu baxımdan Qərb ölkələri ən bariz nümunədir. "Mən sərbəstəm, azadam" adı altında bu cəmiyyətlərdə ailə anlayışı "Qırmızı kitab"a düşməkdədir.

Psixoloq Günel Abdullayeva gənc ailələrin tez dağılmasının səbəbini ani verilən qərarlarda görür: "Gənc ailələr çox vaxt qürurlarına məğlub olurlar, sonranı düşünmədən ani qərar verib boşanırlar. Əllərindən gedən ən qiymətli sərvətin - xoşbəxtliyin dəyərini anlayanda isə hər şey gec olur, geri qaytara bilmirlər. Hər bir gənc ailə sahib olduğu nemətin dəyərini anlasa, onu qoruyub saxlamaq üçün iradə göstərsə və boş yerə qürur nümayiş etdirməsə, boşanmaların sayı bu qədər artmaz, balacalar da gözəl uşaqlıq həyatlarını qanadıqırıq şəkildə yaşamazlar, gələcək nəsillər daha sağlam ruhda böyüyər". Ataana da bir-birinə arxa çevirib ayrılsalar, ailələr dağılar. Sevgi, hörmət, səbr və sədaqət, bir də qarşılıqlı inam ailə dirəklərini həmişə möhkəm saxlayar.

Ailənin yaranma tarixi tarixin özü qədər qədimdir. Yarandığı gündən də əsas funksiyası gələcək üçün öz məsuliyyətini dərk edən, əxlaq dəyərlərini mənimsəyən insan yetişdirmək, eyni zamanda, yetişdirdikləri insanı cəmiyyət tərəfindən qəbul edilməyən qeyri-əxlaqi davranışlardan çəkindirməkdir. Hər birimiz bu tarixin yaşaması üçün məsuliyyətimizi anlamalıyıq.

 

 

 

Rəsmiyyə QARAYEVA,

Azərbaycan.-2013.- 17 iyul.- S.6.