Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatı təsis olunmuşdur

 

İyulun 17-də Pirallahı qəsəbəsindəki V.Mustafazadə adına Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası rayon təşkilatının təsis konfransı keçirilmişdir. Konfransda rayonun idarə və müəssisələrindən seçilmiş 300 nümayəndə iştirak etmişdir.

Təşkilatın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfransda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Yeni Azərbaycan Partiyasının yaranmasından və keçdiyi yoldan, ölkənin və xalqın taleyində oynadığı roldan, göstərdiyi xidmətlərdən danışmışdır. Qeyd olunmuşdur ki, YAP Azərbaycanın siyasi həyatında bu gün də önəmli rol oynayır, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlar qazanır.

Yeni yaradılmış rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən danışan V.İmanov məlumat vermişdir ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün inşası davam edir. Qala-Pirallahı avtomobil yoluna asfalt-beton örtüyü çəkilir. Pirallahı qəsəbəsinin funksional zonalaşdırma layihəsi ilkin variant kimi müvafiq orqanlarla razılaşdırılmış, rayonun inzibati mərkəzi üçün sahə müəyyənləşdirilmişdir. Qəzalı binalarda yaşayan sakinlərin köçürülməsi məqsədi ilə "Abad məhəllə-1" layihəsinin icrasına start verilmişiki binanın özülü qoyulmuşdur. Uzun illər susuzluqdan əziyyət çəkən Pirallahı qəsəbəsinə Ceyranbatan su anbarından yeni su xəttinin çəkilişi sürətlə davam etməkdədir.

V.İmanov Pirallahı kimi sürətli inkişaf mərhələsini yaşayan bir rayonda Yeni Azərbaycan Partiyası rayon təşkilatının təsis edilməsinin zəruriliyini vurğulamışdır.

Daha sonra açıq səsvermə yolu ilə rayon təşkilatının 31 nəfərdən ibarət şura və 11 nəfərdən ibarət idarə heyəti seçilmişdir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri vəzifəsinə Manaf Malik oğlu Manafovun namizədliyi irəli sürülmüşdür. Açıq səsvermə yolu ilə M.Manafov YAP Pirallahı rayon təşkilatının sədri seçilmişdir.

Təsis konfransında çıxış edən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 21 il ərzində böyük inkişaf yolu keçdiyini bildirərək qeyd etmişdir ki, partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlara özünün böyük töhfələrini verir.

YAP-ın icra katibinin müavini ötən dövr ərzində YAP-ın daha da gücləndiyini, partiya üzvlərinin sayının 600 mini ötdüyünü diqqətə çatdırmışdır. Xüsusi vurğulamışdır ki, Yeni Azərbaycan Partiyasının V qurultayı partiyanın sədri, dövlət başçısı İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyini irəli sürmüşdür və hazırda bununla bağlı vəzifələrin yerinə yetirilməsi istiqamətində uğurlu fəaliyyət göstərilir.

Milli Məclisin deputatı Rauf Əliyevin, YAP idarə heyətinin üzvü Kərim Kərimovun çıxışlarında da partiyanın yarandığı tarixi şəraitdən və xalq qarşısındakı xidmətlərindən bəhs olunmuşdur. Çıxış edənlər Pirallahı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulamışlar.

Göstərilən etimada görə konfrans nümayəndələrinə minnətdarlığını bildirən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafov əmin etmişdir ki, qarşıdakı prezident seçkilərində Yeni Azərbaycan Partiyasının növbəti qələbəsinin təmin olunması üçün əllərindən gələni əsirgəməyəcək, rayonda həyata keçirilən abadlıq və quruculuq işlərində fəal iştirak edəcəklər.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Azərbaycan.-2013.- 18 iyul.- S.2.