Prezident İlham Əliyev Siyəzəndə Heydər Əliyev

 Mərkəzinin açılışında iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın şimal bölgəsinə səfəri

 

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, Mərkəzin yerləşdiyi ərazi Siyəzən şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Siyəzənin ən gözəl yerlərindən birinə çevirmişdir.

Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, Mərkəz, ilk növbədə, siyəzənlilərin dahi rəhbərin xatirəsinə olan ehtiramını nümayiş etdirir. Mərkəzin yaradılması həm də ulu öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır. Buradakı foto və digər eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və hazırkı hərtərəfli yüksəlişi, beynəlxalq nüfuzunun artması məhz ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Bu cür mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsinə real zəmin yaradır. Siyəzəndə ulu öndərin adını daşıyan prospektdə inşa edilən Heydər Əliyev Mərkəzi həm də şəhərin görünüşünə əlavə gözəllik verir.

Qeyd edildi ki, 3 mərtəbədən və 14 otaqdan ibarət olan Mərkəzin müasir orijinal layihə əsasında inşasına 2013-cü ilin yanvarında başlanılmış və iyul ayında başa çatdırılmışdır. Ümumi sahəsi 1200 kvadratmetr olan Mərkəzdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrlərdə Siyəzənə səfərləri əks olunmuşdur. Mərkəzdə, həmçinin ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə Siyəzənə səfərlərini əks etdirən fotolar da yer almışdır. Buradakı eksponatlarfotolardan aydın görünür ki, müasir Azərbaycan tarixinin çox mühümtaleyüklü səhifəsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Diqqətə çatdırıldı ki, Mərkəzdə Prezident İlham Əliyevin Siyəzənə səfərləri ilə bağlı fotoguşə də yaradılmışdır. Binanın birinci mərtəbəsində muzey, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcəkdir. Mərkəzin ikinci mərtəbəsində isə konfrans zalı, dizayn və rəsm studiyaları, sərgi salonu vardır. Üçüncü mərtəbədə isə müasir internet  klub, kitabxanaxarici dil öyrədən kurslar yaradılmışdır.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri  ilə görüşdü.

Siyəzən şəhər 2 nömrəli orta məktəbin müəllimi Ramilə Seyidova rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq etdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 iyul.- S.5.