Azərbaycan Rusiyada təşkil olunan beynəlxalq düşərgədə təmsil olunmuşdur

 

Azərbaycanın gənclərdən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının "Etnomir" mədəniyyət-təhsil turizm mərkəzində təşkil olunan "Gənclərin birlik günləri" adlı beynəlxalq düşərgədə ölkəmizi təmsil etmişdir.

Azərbaycan nümayəndə heyəti tərkibində "İrəli" İctimai Birliyinin (İB) nəzarət-təftiş komissiyasının sədri Xaqani Fərəcov, birliyin üzvü Aytac Musayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası sədrinin müavini Ramiz Əliyev,  "Sağlam Düşüncə" təşkilatının baş katibi Nicat Xudiyev, Gənc Vətənpərvərlər Birliyinin üzvü Emil Cabbarov, "Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda" Cəmiyyətinin nümayəndəsi Cavid Rəhimov, Vesti.az informasiya portalının əməkdaşı Vüqar Həsənov, biznesinfo.az informasiya portalının əməkdaşı Ləman Namazovajurnalist Orxan Yolçuyev olmuşlar.

"İrəli" İB-nin mətbuat xidmətindən bildirmişlər ki, düşərgədə müxtəlif ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri,  gənc bloqçular və jurnalistlər iştirak etmişlər. Beynəlxalq tədbirdə ekspertlər, siyasətçilər və dövlət rəsmiləri ilə görüşlər keçirilmiş, aktual mövzular üzrə seminarlar təşkil olunmuş, diskussiyalar aparılmışdır. Bundan əlavə, iştirakçılar üçün idman yarışları da təşkil edilmişdir.

Düşərgədə, həmçinin "Birlik" Beynəlxalq Gənclər İctimai Təşkilatının təqdimatı da keçirilmişdir. Eyni zamanda, gənclərə Avropa-Asiya əməkdaşlığının məqsədi və strukturu haqqında məlumat verilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 iyul.- S.7.