Təhsil naziri Yevlaxda vətəndaşları qəbul etmişdir

 

İyulun 19-da təhsil naziri Mikayıl Cabbarov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayondan, habelə Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Göyçay, Ucar, Zərdab rayonlarından və Mingəçevir şəhərindən gəlmiş vətəndaşları qəbul etmişdir. AzərTAc xəbər verir ki, müvafiq rayonların təhsil şöbələri müdirlərinin, həmçinin nazirliyin digər əlaqədar struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşlar əsasən işə götürülmə, məktəb və uşaq bağçalarının təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, buraxılış və qəbul imtahanları, təhsil haqqı və köçürmələrlə bağlı müraciətlər etmişlər.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapmışdır. Bir sıra müraciətlərlə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söyləmiş, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını  bildirmişlər.

 

Azərbaycan.-2013.- 20 iyul.- S.8.