VƏTƏNPƏRVƏR JURNALİSTİKA AXTARIŞINDA

 

Elə bir jurnalist tapmaq olmaz ki, Azərbaycanın müstəqilliyini istədiyini, bu yolda hər şeyə hazır olduğunu söyləməsin!

 

Elə bir jurnalist yoxdur ki, özünü vətənpərvər saymasın!

 

Əlbəttə, biz bunu onların dilindən eşidirik!

 

İnsanlar isə bir-birlərinə sözlərinə görə deyil, əməllərinə görə qiymət verirlər!

 

Məşhur atalar sözü var: qazan deyir, dibim qızıldandır, çömçə isə bildirir ki, indicə fırlanıb gəlirəm!

 

Jurnalistin vətənpərvərliyini sübut edən ən mühüm fakt onun öz yazılarıdır. Çap və elektron mediada dərc olunan yazılara, həmin yazılarda qaldırılan məsələlərə, faktlara yanaşmaya, habelə jurnalistin hər bir faktı və hadisəni hansı mövqedən qiymətləndirməsinə baxmaqla müəllifin vətənpərvərliyi barədə dəqiq fikir yürütmək mümkündür!

 

Jurnalistin həqiqi vətənpərvərliyi onun milli və dövləti maraqları nə sayaq gözləməsindən və müdafiə etməsindən də birbaşa asılıdır! Çünki belə məsələlərdə ikibaşlı mövqe, şəxsi, qrup, partiya və digər maraqların üstün tutulması qəbuledilməzdir!

 

Bu yaxınlarda çox maraqlı və qəribə bir hadisə baş verdi.

 

İyulun 4-də Moldovanın parlament vəkili Aureliya Qriqoriu Ermənistan parlamentində "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması" mövzusunda məruzə ilə çıxış edərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dilə gətirdi, beləliklə, erməni riyakarlığını ermənilərin qulaqları eşidə-eşidə onların ali qanunvericilik binasında ifşa etdi: "Xocalıda baş verən soyqırımını ermənilər törədib və bu, beynəlxalq səviyyədə qəbul edilmiş faktdır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini  işğal edib və azərbaycanlılara münasibətdə soyqırımı həyata keçirib".

 

Moldovalı ombudsmanın Ermənistan parlamentinin tribunasından bu ifşaedici çıxışı, təbii ki, ermənilərin xoşuna gəlməyib. Beləliklə, beynəlxalq qalmaqal qopub:

 

Əvvəlcə spiker ona çıxış vaxtının bitdiyini xatırladıb;

 

Sonra onu kiminsə "siyasi sifarişini" icra etməkdə ittiham edib!

 

Bundan sonra isə zorakılıqlar və terror tədbirləri başlayıb. Belə ki, Aureliya Qriqoriu:

 

* İnternetdə ölümlə hədələnərək təhqir olunub;

 

* Hoteldə dustaq vəziyyətinə salınıb;

 

* Qaldığı hotelin qarşısına yığışanlar onu ölümlə təhdid ediblər;

 

* Digər qonaqları aeroporta aparan avtobusa mindirməyiblər;

 

* Ölkədən çıxıb getməsinə maneələr yaradıblar.

 

Xatırladırıq, bütün bunlar Ermənistanda beynəlxalq tədbirdə iştirak etməyə gəlmiş diplomat immuniteti olan qadının, parlament vəkilinin başına gətirilib!

 

O, yalnız həqiqəti cəsarətlə və ucadan dediyinə görə belə bir həqarət və təhlükəyə tuş gəlib!

 

Amma həmin həqiqət Azərbaycanın milli maraqlarına uyğundur, onun müdafiəsi deməkdir!

 

Bəs bu beynəlxalq biabırçılığa Azərbaycan KİV-lərinin münasibəti necə oldu?

 

Çox təəssüf ki, bu qalmaqallı mövzu gündəmsiz qalan qəzetlərin gündəmini zəbt etmədi!

 

Adlarını "tənqidçi qəzet" qoyaraq aqressiv müxalifətin liderlərinə xidmət edən qəzetlər bu hadisəni nəinki manşetə, heç qəzetlərinin birinci səhifəsinə belə çıxarmadılar!

 

Sonrakı səhifələrində bir-iki dənə solğun, ordan-burdan götürülmüş xırda  yazını sıxılmış halda verməklə kifayətləndilər!    

 

Nə qınaq yazıları baş alıb getdi, nə kampaniya başlandı!

 

Heç bir "köşə yazarı" bu mövzuda qələm çalmadı!

 

Cəsur qadın ombudsman müstəqil Azərbaycan mətbuatının qəhrəmanına  çevrilmədi!

 

Halbuki Oross, Herkel, Ştrasser və ya hansısa bir avara beynəlxalq qurum Azərbaycanın əleyhinə bir kəlmə söz desəydi, vəziyyət tamam başqa cür olardı:

 

* Qəzetlərin manşeti  günlərlə həmin adamın şəklinə və dediklərinə həsr olunardı;

 

* "Köşə yazarları" qələmlərini qara mürəkkəbə batıraraq meydana atılardılar;

 

* "Kənar müəlliflər", "fikir bildirənlər" heç qəzet əməkdaşlarına macal verməzdilər;

 

* "Dəstək" yazılarının ardı-arası kəsilməzdi;

 

Bir sözlə, bir "vur-çatlasın", bir "dartma, yaxam cırıldı" düşərdi ki, gəl görəsən!!!

 

SUAL EDİLİR: Necə olur ki, Azərbaycanın milli maraqları əleyhinə söz deyəndə müxalifət və "müstəqil" mətbuat onu günlərlə "diqqət mərkəzində" saxlayır, amma ölkəmizin xeyrinə olan həqiqətləri söyləyən olanda onları qəribə laqeydlik bürüyür!

 

Əslində bu, laqeydlik deyil!

 

Bu, vətənpərvərlik hisslərinin olmamasıdır!

 

 Şəxsi, qrup, partiya maraqlarının milli mənafedən uca tutulmasıdır!

 

Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə də şəxsi ambisiyadan yanaşma, bu problemin Azərbaycanın maraqları naminə həllinə qeyri-səmimi münasibətdir!

 

Təkcə bununla məsələ bitsəydi, nə vardı ki...

 

Vətənpərvərlik, vətənin,  xalqın təəssübünü çəkmək hər bir jurnalistə onun istedadlı olması qədər vacibdir!

 

Təəssüf ki, müxtəlif məsələlərin qəzet səhifələrində işıqlandırılmasında və faktların təqdimində biz tez-tez məyusedici hallarla rastlaşırıq.

 

Bu gün Azərbaycan mətbuatının ən böyük problemlərindən biri vətənpərvərlik hisslərinin çatışmazlığıdır!

 

BİR NEÇƏ FAKTA NƏZƏR SALAQ:

 

Azərbaycanda müstəqilliyin əsas şərtlərindən biri sabitlikdir! Ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkədə baş alıb gedən xaos və anarxiyanın hansı duruma gətirib çıxardığını unutmamalıyıq!

 

"Ərəb baharları"nın xalqları və dövlətləri hansı günə saldıqları da göz qabağındadır!

 

Paytaxtda icazəsiz və qanunsuz aksiyalar keçirilərkən aksiya iştirakşılarını "günün qəhrəmanları" kimi mətbuatda təqdim etmək, asayişi qoruyan polisin nüfuzdan salınmasına xidmət edən çoxsaylı yazılar vermək vətənpərvərlikdirmi?!

 

Azərbaycanla bağlı çox məkrli planlar var və belə planların icra məqamını gözləyənlər də az deyil! Zəngin təbii sərvətlər, əlverişli geosiyasi mövqe çoxlarının ağzını sulandırır, müstəqil, milli maraqlara xidmət edən siyasət yeritməyimiz heç də hamını qane etmir. İkili standartlar formasında ölkəmizə təsir və təzyiq cəhdləri də ara vermir.

 

"Siyasi məhbus", "insan hüquqlarının pozulması", "mətbuat azadlığının məhdudlaşdırılması" adı ilə ölkəmizə xaricdən təzyiq cəhdlərinə  "özümüzünkülər" tərəfindən dəstək verilməsi vətənpərvərlikdirmi?!

 

Sirr deyil ki, bu gün ölkəmizdə "hüquq müdafiəçisi", "jurnalist" adı ilə qrant xatirinə  antiazərbaycançı şəbəkəyə xidmət göstərənlər, müxtəlif beynəlxalq qurum və təşkilatlara gizli, xəyanətkarcasına donos göndərənlər, başqa dövlətlərin əli ilə Azərbaycanda iqtidara gələrək həmin dövlətlərin maraqlarının müdafiəçisi olacaqlarına söz  verənlər də var!  

 

Belələrinin təbliğatçısına, mətbuat ruporuna çevrilmək, onların bədnam əməllərini "demokratiyanın müdafiəsi" kimi qələmə vermək vətənpərvərlikdirmi?!

 

Daim Azərbaycana qərəzli mövqe nümayiş etdirən "Freedom House", "Human Rights Watch", "Amnesty International", "Sərhədsiz reportyorlar" kimi beynəlxalq təşkilatlar, Qross, Ştrasser kimi siyasətçilər ölkəmizlə bağlı qeyri-obyektiv, yalan açıqlamalar verəndə bəzi qəzetlərin çiçəyi çırtlayır! Sərsəm açıqlamalara manşetdə yer ayrılır, köşə yazıları həsr edilir, uzunmüddətli kampaniya aparılır.

 

Azərbaycana düşmən münasibət bəsləyənlərə "dostcasına" yanaşıb onların tribunası olmaq, haqsızlığa haqq qazandırmağa  çalışmaq vətənpərvərlikdirmi?!

 

Azərbaycanda iqtidar, müxalifət və müstəqil mətbuat var! Hər qrup qəzetlərin öz mövzuları, hadisəyə və fakta yanaşmada fərqlilikləri və müstəqillikləri var! Bu, normaldır!

 

Dövləti və milli maraqlarla bağlı məsələlərdə "müxalif mövqe"nin mövcudluğu vətənpərvərlikdirmi?!

 

Hansısa bir qurumda Azərbaycanla bağlı ədalətsiz qərar qəbul ediləndə bunu "iqtidarın uğursuzluğu" kimi təqdim edərək sevinmək, qəzet səhifəsində toy-bayram etmək vətənpərvərlikdirmi?!

 

Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, hələ Qarabağ müharibəsinin birinci mərhələsi başa çatıb və hərbi əməliyyatların bərpası hər an mümkündür! Odur ki, ordu quruculuğuna, yeni, müasir silahlar alınmasına xüsusi fikir verilir və kifayət qədər vəsait ayrılır. Bəzi hallarda alınan texnikanın adı və miqdarı gizli saxlanılır. Ola bilsin, heç hərbi paradda da nümayiş etdirilmir.

 

"Haradansa" bu barədə xəbər tutan qəzetlərin bunu açıb-ağartması, "jurnalist araşdırması" adı ilə silsilə məqalələrin yazılması vətənpərvərlikdirmi?!

 

Dövlət başçısı tərəfindən imzalanmış KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında Azərbaycan dövlətinin marağında olduğu və daim mətbuatda görmək istədiyi mövzular açıqlanmışdır. Təəssüf ki, milli maraqları özündə ehtiva edən həmin məsələlərin KİV-lərdə təbliği və işıqlandırılması qənaətbəxş deyil! Hazırda KİV-ə Dövlət Dəstəyi Fondunun xətti ilə qrant layihələri və jurnalistlərin fərdi yaradıcılıq  müsabiqələrinin keçirilməsi yolu ilə həmin mövzuların gündəmdə saxlanılması təcrübəsindən istifadə olunur. Təəssüf ki, bir sıra qəzetlərdə bu məsələyə yanaşmada bir soyuqluq, yazılarda isə jurnalist ürəyinin  hərarəti duyulmur!

 

Niyə?

 

Daha   etməliyik ki, vətənpərvərlik tərbiyəsini hər bir qəzet və internet portalı doğma vəzifəsi hesab etsin?

 

Belə biganə və fərqsiz münasibət haradandır?

 

Axı özümüzdən başqa on dörd müttəfiq respublikanı da bizə vətən saydıran SSRİ dövründə mətbuatda vətənpərvərlik tərbiyəsi daha intensiv, rəngarəng və jurnalist yaradıcılığı ilə aparılırdı!

 

İNDİ BİZƏ NƏ OLUB?

 

Niyə vətəni təmənnasız sevməyi, onun uğurları və nailiyyətlərindən qürur duymağı, düşmənlərinə isə nifrət etməyi yeniyetmələrə və gənclərə aşılamırıq?

 

Axı kifayət qədər uğur və nailiyyətlərimiz də, nümunə göstəriləcək insanlarımız da var!

 

Niyə müstəqil dövlətimizin müstəqil mətbuatında vətənpərvərlik mövzusu aparıcı mövzulardan biri deyil?

 

Vətənpərvər jurnalistləri haradan tapaq, vətənpərvər jurnalistikanı necə yetişdirək?!

 

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2013.- 21 iyul.- S.2.