Jurnalistlərin VI qurultayında səslənən fikir və təkliflər

 daha səmərəli fəaliyyət üçün əsaslar yaradır

 

Müsahibimiz Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovdur

 

 

 

- Əflatun müəllim, bu günlərdə Azərbaycan jurnalistlərinin VI qurultayı keçirildi.  Sonuncu qurultay əvvəlki beş qurultaydan nə ilə fərqlənirdi?

 

- Azərbaycan jurnalistlərinin qurultayları media təmsilçilərinin cəmiyyətə mesajı baxımından böyük ictimai hadisədir. İllər öncə də belə olub, indi də belədir. Qələm sahibləri həmişə özlərinin aktivlik səviyyələri ilə seçiliblər. Onların ali məclislərində qəbul edilən qərarlar barədə çox danışılıb. Çünki bu qərarların icrasının hansısa mərhələsi bütövlükdə cəmiyyətin həyat tərzinə təsir göstərən amil rolunda çıxış edir. Məsələn, Azərbaycan jurnalistlərinin V qurultayını götürək. Qurultay Mətbuat Şurası qarşısında medianın iqtisadi bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətlərini yaxşılaşdırmaq istiqamətində tədbirlərin həyata keçirilməsinə dəstək göstərilməsini prioritet vəzifə kimi müəyyənləşdirmişdi. Şura Ali Məclisin qətnaməsini rəhbər tutaraq mediaya dövlət dəstəyi mexanizmi üzərində apardı. Burada, əlbəttə, Azərbaycan dövlətinin yeritdiyi siyasəti, şəxsən Prezident İlham Əliyevin iradəsini, jurnalistikamıza diqqət və qayğısını, ilk növbədə, vurğulamaq lazımdır. Nəticə etibarilə dövlətin media ilə bağlı xoş məramı kütləvi informasiya vasitələri təmsilçilərimizin istək və arzuları ilə bir növ uzlaşdırıldı. Mətbuat Şurası prosesdə körpü rolunu oynadı. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" kimi mükəmməl sənəd ərsəyə gəldi.

 

Konsepsiyada əksini tapan cəhətlər medianın fəaliyyətini stimullaşdırmaqla əslində cəmiyyətin maraqlarının təminatına xidmət edir. Sivil, peşəkar medianın formalaşdırdığı mühit insanların rifahını, dinc birgə yaşam qaydalarını, tolerantlığı, milli-mənəvi dəyərlərin qorunmasını rəhbər tutur ki, bütün bunlar demokratik vətəndaş cəmiyyəti quruculuğunda mühüm həlqələrdəndir. İnsanlarımız isə mövcud reallığı görür və qiymətləndirirlər. Məhz bu baxımdan Azərbaycan jurnalistlərinin qurultayları ölkə həyatına təsir göstərən mühüm ictimai hadisə kimi diqqət çəkməkdədir. Hesab edirəm ki, VI qurultayda səslənən fikir və təkliflər daha səmərəli fəaliyyət üçün əsaslar yaradır.

 

Digər tərəfdən, ötən beş qurultaydan fərqli olaraq, bu Ali Məclisimiz mediamız adına bir çox proseslərin reallaşdırıldığı bir dönəmə təsadüf edib. Bir vaxtlar indi yaşananların çoxu xəyal kimi gəlirdi. Götürək jurnalistlər üçün mənzil tikintisini. Məlumdur ki, uzun müddət qələm sahiblərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflər səslənib, müxtəlif məzmunlu müzakirələr gedib. 2010-cu ildə cənab Prezident mövcud istiqamətdə haradasa inqilabi sayıla biləcək addım atdı. Hazırda dövlət başçısının sərəncamı əsasında tikilmiş bina öz sakinlərini gözləməkdədir. Jurnalistlərimiz üçün mənzil tikintisi həmin problemlərin həlli yolunda ən mühüm mərhələdir. Bu, eyni zamanda, ümumilikdə jurnalistikamız üçün dividentdir, peşəni imtiyazlı edən müstəsna göstəricidir. Məsələyə mövcud kontekstdən yanaşsaq, deməli, VI qurultayı fərqləndirən xüsusiyyət onun jurnalistikamızın imtiyazlı sahə kimi özünü təsdiqlədiyi bir zaman kəsiyinə təsadüf etməsidir. Zənnimcə, bu da öz növbəsində vacib məqamdır.

 

- Qurultaylararası dövrdə Azərbaycan Mətbuat Şurasının inkişaf xüsusiyyətləri, cəmiyyətdə tanınması gələcəkdə mediamız üçün hansı vacib məsələlərin həllinə imkan verir?

 

- Maraqlı məqama toxunursunuz. O anlamda ki həllinin müəyyən zamana, vaxta ehtiyac duyduğu məsələlər var. Amma hesab edirəm ki, o zamanı və vaxtı biz öncədən görə, anlaya bilmişişimizimövcud axara uyğun tənzimləmişik. Bəli, zaman-zaman bildirmişik ki, Azərbaycanın artan iqtisadi qüdrətindən mediaya kifayət qədər pay düşmür. Müəyyən mərhələ keçib və baxıb görmüşük ki, əslində peşəkar jurnalist dediyimiz şəxsin halal zəhmət müqabilində əldə etdiyi gəlir yüksək səviyyədə olmasa da, normal yaşayışını təmin edə bilir. Az öncə mənzil məsələsindən söz açdım. Cənab Prezident "Jurnalistlərin dostu" mükafatının təqdimatı mərasimindəki çıxışında bu tədbirin ilk olduğunu vurğulamışdı. Ümumən Azərbaycan dövləti ötən müddətdə media ilə bağlı, belə demək mümkünsə, çoxsaylı ilklərə imza atdı! Mətbuat Şurasının roluna, daşıdığı missiyaya etimadın nəticəsiydi ki, qurum bu proseslərin içərisində yer aldı. Ölkə jurnalistikasını təmsil edən vahid orqan kimi çıxış etdi. Hazırkı dövrdə şura hansısa məsələ ilə əlaqədar fikir bildirə, təşəbbüs irəli sürürsə, bu, əslində Azərbaycan mediasının daşıdığı statusdur. Mövcud status, zənnimcə, böyük nailiyyətdir.

Əlbəttə, Azərbaycan mediasının problemləri də qalmaqdadır. Jurnalistlərin sosial-məişət şəraitini daha da yaxşılaşdırmalı, mediamızın iqtisadi bazasını möhkəmləndirməli, etibarlı reklam bazarının formalaşmasına nail olmayılıq. KİV-lərin yayım şəbəkəsini genişləndirmək, internet media ilə bağlı təşəbbüsləri gerçəkləşdirmək də qarşımızda duran mühüm vəzifələrdəndir. Elə bilirəm, Mətbuat Şurası hazırkı fəaliyyət tempi ilə bu kimi vəzifələrin icrasına əməli dəstək göstərə bilər.

- Əflatun müəllim, qurultaydakı çıxışınızda diffamasiya ilə bağlı kifayət qədər aydın fikir səsləndirdiniz. Məsələnin prinsipial əhəmiyyətinə toxundunuz. Bilmək istərdik, Mətbuat Şurasının gələcək üçün mövcud istiqamətdəki fəaliyyəti nədən ibarət olacaq?

- Şübhəsiz, Azərbaycan cəmiyyətində ən çox söhbət açılan mövzulardan biri də diffamasiyadır. Diffamasiyanın dekriminallaşdırılması, yəni cinayət müstəvisindən çıxarılaraq mülki müstəviyə daxil edilməsinə dair ardıcıl müzakirələr gedir. Ümumən Azərbaycanda diffamasiya haqqında qanunun olması zərurəti istər ictimai, istərsə də rəsmi səviyyədə kifayət qədər dərk edilir. Azərbaycan demokratik dövlət quruculuğu yolunu tutubsa, bu yolda başlıca dəyər olan söz və ifadə azadlığı üçün hətta nəzəri maneə belə olmamalıdır. Lakin müzakirələrdə cəmiyyətin qanunun qəbuluna hazır olmadığı ilə bağlı fikirlər də səslənir. Mövcud durumda hər iki qütbün düşüncələrinin genişsistemli şəkildə ifadə olunmasına, onların bütövlükdə cəmiyyətin mənafeləri nöqteyi-nəzərindən uzlaşdırılmasına ehtiyac duyulur.

Ümumən diffamasiya bizim üçün gedilməsi vacib yoldur! Hazırkı dövrdə praktiki olaraq heç bir jurnalist yazdığı yazıya görə, azadlıqdan məhrum edilmir. Ancaq biz yazdığımız yazıya görə azadlıqdan məhrum edilə bilmə ehtimalının nəzəri aspektlərindən də uzaqlaşmalıyıq.

Ümid edirəm ki, tezliklə diffamasiya ilə bağlı istəklərimiz həyata keçəcək! İlk növbədə, qanunun qəbulu üçün zəruri mühit yaranacaq! Bu mühiti formalaşdırmaq üçün xeyli səylər də göstərilib. Məlum olduğu kimi, Mətbuat Şurası "Diffamasiyadan müdafiə haqqında" qanun layihəsi hazırlayıb. Qarşıdakı fəaliyyətimiz həmin layihənin dəyərləndirilməsi prosesini izləməkdən, mövcud istiqamətdə baş tutan tədbirlərə qatılmaqdan ibarət olacaq.

- Qurultayda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına və şuranın Nizamnaməsinə dəyişikliklər edildi. Bu dəyişikliklərin rəhbərlik etdiyiniz qurumun fəaliyyətinə necə təsir göstərəcəyini əsaslandırmanızı istərdik.

- Mətbuat Şurasının əsas missiyası daxil olan şikayətlərin araşdırılmasıdır. Bu prosesdə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsip və bəndlərinə istinad edirik. Həmin prinsiplər isə 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında qəbul edilmişdir. Həmin tarixdən artıq on il ötür və ötən on il ərzində istər Azərbaycan, istərsə də dünya mediasında bir çox dəyişikliklər yaşanıb. Həmin dəyişikliklər nəticəsində KİV-lərin transformasiyası baş verib. Onlar özlərinin fəaliyyət vasitələrini yeniləşdiriblər. Bu gün internetin gətirdiyi imkanlar peşə dəyərlərinə baxışı da müəyyən mənada dəyişir. Jurnalistlərin üzləşdikləri praktik situasiyaların sayı artır. Bütün bunlarla ayaqlaşmaq isə dünyanın media məkanına inteqrasiya baxımından olduqca önəmlidir.

Ümumən Nizamnamə dəyişikliyinin məğzi şuranın İdarə Heyətinin qurultay tərəfindən seçilən 17 həqiqi və 5 ehtiyat üzvdən ibarət olmasıydı. Həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı ictimaiyyəti təmsil edir. Hazırda ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si ictimaiyyətdəndir.

Məlum olduğu kimi, Mətbuat Şurası hələ qurultaydan öncə özünün internet media resursları üzrə komissiyasını formalaşdırmışdı. Qurultayda Nizamnaməyə edilən dəyişikliklər həm şuranın çevikliyinin artırılması, həm də internetin media imkanlarının dəyərləndirilməsinə fundamental yanaşılması baxımından önəmliydi.

- Qarşıdan Azərbaycan Milli Mətbuatının 138-ci ildönümü gəlir. Mətbuat Şurası bununla bağlı hansı tədbirlər görməyi planlaşdırır. Ümumən şuranın qarşıdakı planları nədən ibarət olacaq?

- Mətbuat Şurası hər il milli mətbuatımızın ildönümü ilə bağlı mərasimlər təşkil edir. Bu ilistisna deyil. Şura Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə mərasim keçirəcək.

Ötən illərdə ölkəmizin müxtəlif bölgələrində də milli mətbuatımızın ildönümü ilə bağlı tədbirlər keçirilirdi. Bu il həm qurultaya hazırlıq işlərimiz oldu, həm də jurnalistlər üçün tikilmiş binanın mənzillərinin bölgüsü prosesində iştirak etdik. Hər iki proses kifayət qədər ağır idi. Ancaq çətinlikləri arxada qoya bildik. Yeri gəlmişkən, ən mühüm, həyəcanlı və sevincli tədbir jurnalistlər üçün tikilmiş binanın açılışı olacaq.

Qarşıdakı planlara gəldikdə, düşünürəm ki, yaxın günlərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibinin iclası keçiriləcək. Toplantıda həm şuranın 2013-cü il üçün artıq qəbul edilmiş planına nəzər salınacaq, eyni zamanda, yeni tərkibdəki nümayəndələrin təklifləri qruplaşdırılacaq.

Qarşıdan prezident seçkisi kimi həssas proses gəlir. Hesab edirəm ki, medianın bu prosesdə iştirakı, onu obyektiv işıqlandırması mühüm əhəmiyyətə malikdir. Mətbuat Şurası mövcud istiqamətdə tövsiyələrini verəcək, müvafiq seminar "dəyirmi masa"lar düzənləyəcək.

Bir qədər öncə diffamasiyadan söz açdıq. Mətbuat Şurasının bu məsələdəki mövqeyi prinsipialdır! Hesab edirik ki, jurnalist yazdığı yazıya görə azadlıqdan məhrum edilməməlidir. Nəzəri cəhətdən olsa da, belə bir ehtimal demokratik dövlət quruculuğu yolunda inamla irəliləyən ölkə üçün yolverilməzdir. Buna görə də ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə hazırladığımız "Diffamasiyadan müdafiə haqqında" qanun layihəsinin qəbulunda, ümumən diffamasiyanın dekriminallaşdırılmasına yönələn fəaliyyətimizdə ardıcıllığımızı gözləyəcəyik. Ümumən fəaliyyətimiz planımıza uyğun şəkildə qurulacaqdır.

 

Azərbaycan.-2013.- 21 iyul.- S.4.