Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etmişdir

 

Mətbuat Şurasının sədri Əflatun AMAŞOV çıxış edərək dedi:

 

- Möhtərəm cənab Prezident, Sizi jurnalistlərimiz adından salamlamaqdan məmnunluq duyuram. Bu, Sizinlə dördüncü görüşümüzdür. İndiyədək gerçəkləşən təmaslarımızın hər biri spesifik xüsusiyyətləri ilə yadda qalıb. Lakin mahiyyətcə hamısının qayəsində eyni məram, eyni məqsəd dayanır. Bu, mediamızın dünya standartlarına uyğun inkişafı prosesinin jurnalistlərimizin həyat səviyyəsinin yaxşılaşdırılması ilə vəhdətdə götürülməsinə əsaslanır.

Düz 8 il əvvəl - 2005-ci ildə bizim arzu və təkliflərimizi nəzərə alaraq "Əməkdar jurnalist" adını bərpa etdiniz. Milli mətbuatımızın 130 illiyi münasibətilə 37 həmkarımız bu ada layiq görüldü. Həmin gün daha 96 jurnalistimiz orden, medal, "Əməkdar mədəniyyət işçisi" fəxri adı və prezident təqaüdü ilə təltif olundu. Bu təltiflər milli mətbuatımızın cəmiyyətdəki yerinə,  jurnalist peşəsinə verilən son dərəcə böyük dəyər idi.

Hörmətli cənab Prezident! Ölkəmizdə medianın inkişafı həmişə diqqət mərkəzində olub. 1998-ci ildə MDB məkanında ilk dəfə olaraq məhz Azərbaycanda kütləvi informasiya vasitələri üzərindən senzura tamamilə götürülüb.

Bu tarixi addım ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Düz 10 il sonra - 2008-ci ildə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildifond yaradıldı. Bununla da mediaya yardım ardıcıl, şəffaf bir sistemə çevrilib. Bu proses isə cənab Prezident, Sizin adınızla bağlıdır və mediamız üçün böyük tarixi xidmət nümunəsidir.

Azərbaycan dövləti mediamızın inkişafındakı marağını ən müxtəlif tədbirlərlə konkretprinsipial şəkildə ortaya qoyur. Mediamız dövlətimizin dəstəyini hər zaman hiss edir. Ölkəmizin iqtisadi cəhətdən möhkəmlənməsi əməli nəticələrini KİV-lərimizin inkişafında və jurnalistlərimizin rifah halının yaxşılaşmasında göstərir. KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından sonrakı vəziyyətlə əvvəlki illərin durumunun müqayisəsi bu baxımdan kifayət qədər dolğun mənzərə formalaşdırır. Əlbəttə, inkişaf göz önündədir və bunlar gələcək üçün böyük bir nikbinlik yaradır.

Möhtərəm cənab Prezident, bizim ikinci görüşümüz 2010-cu ilin Milli Mətbuat Günündə baş tutdu. Həmin gün Mətbuat Şurasının yeni binasının açılışını etdiniz. Bu gün biz heç bir ölkənin nəinki Mətbuat Şurasının, hətta hansısa media qurumunun belə sahib olmadığı şəraitə malikik. Həmin gün, eyni zamanda, jurnalistlərimizin böyük  qrupu da tərəfinizdən mükafatlandırıldı.

İdarə heyəti üzvləri ilə görüşdə mediamızın mövcud durumunun konseptual təhlilini verdiniz. Jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərə həssas yanaşaraq onlara mənzil tikintisini nəzərdə tutan sərəncam  imzaladınız. Bu gün biz həmin sərəncamın bəxş etdiyi sevincə şahidlik edirik. Biz artıq jurnalistlər üçün tikilmiş bu möhtəşəm binanın önündəyik. Tam əksəriyyəti kirayələrdə, yataqxanalarda  yaşayan  156 həmkarımız tezliklə öz mənzillərinin işığını yandıracaqlar.

Çox hörmətli cənab Prezident! Azərbaycan jurnalistlərinin Sizinlə üçüncü görüşü 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatının təqdimatı mərasiminə təsadüf etdi. Siz həmin görüşdə jurnalistlərin dostu olmağın böyük şərəf olduğunu bildirdiniz. Biz Azərbaycan jurnalistləri Sizin sayənizdə Azərbaycan dövlətinin media siyasətinin, mövcud istiqamətdə başlanmış proseslərin bundan sonra da davamlı xarakter alacağına əminik. Bu dostluq, cənab Prezident, bizim üçün daha böyük şərəfdir və daha böyük məsuliyyətdir!

Hörmətli cənab Prezident, uzun illər ötəcək, Sizin bu gün - Milli Mətbuat Günündə 156 jurnalist  ailəsinə bəxş etdiyiniz bu sevinc Azərbaycan ictimaiyyətinin, xüsusən bu sevinci yaşayan jurnalistlərin yaddaşında əbədi həkk olunacaqdır. Mənzil alanlar içərisində mərhum jurnalistlərdən Alı Mustafayevin, Mirzə Əsgərovun, Vahid İmanovun, bu günlərdə müalicəsi üçün şəxsən tapşırıq verərək Almaniyaya yola salacağınız Nicat Dağların ailəsi də vardır. Azərbaycan Jurnalistlərinin VI qurultayında Sizə qəbul etdiyimiz müraciətdə bu haqda jurnalist ictimaiyyətinin xüsusi təşəkkürünü bildirmişik. Bu gün mən bu kürsüdən bir daha jurnalistlərimizin xüsusi təşəkkürünü və minnətdarlığını Sizə çatdırmaq istəyirəm. Düşünürəm ki, Sizin bu xeyirxah addımınız dövlətimizin, şəxsən, cənab Prezident, Sizin azad sözə, siyasi plüralizmə, jurnalist peşəsinə və əməyinə verdiyiniz böyük dəyərin bir nümunəsidir. Siz bu gün həm milli mətbuatımızın banisi, maarifçi alim Həsən bəy Zərdabinin, həm də müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin ruhunu şad etdiniz.

Hər şeyə görə bir daha təşəkkür edirik! 

 

Azərbaycan.-2013.- 23 iyul.- S.2,3.