Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada

 Milli Mətbuat Günü münasibətilə mənzillərin

 paylanması mərasimində iştirak etmişdir

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın)

bölmə müdiri Bətul AYVAZLI çıxış edərək dedi:

 

- Çox hörmətli cənab Prezident!

 

Sizin mətbuat işçiləri ilə hər bir görüşünüz jurnalistlərə yeni ruh yüksəkliyi, yeni qüvvə verir, daha yaxşı işləmək əzmimizi artırır. Bu gün milli mətbuatımızın bayramıdır. Amma sıradan olan bayram deyildir, ikiqat bayramdır. Çünki bu bayram mərasimində, cənab Prezident, Siz iştirak edirsiniz, jurnalistləri  yeni mənzillərlə təbrik edirsiniz. Bu gün Sizin tərəfinizdən 156 jurnalistə bayram münasibətilə belə gözəl mənzillər hədiyyə olunur. Cənab Prezident, bu, dünyada analoqu olmayan bir nümunədir. Bu, gənc müstəqil Azərbaycanda Sizin həyata keçirdiyiniz siyasətin göstəricisidir.

Müasir müstəqil Azərbaycanda əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasəti Sizin tərəfinizdən uğurla davam etdirilir. Son on ildə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu mənada Sizin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 2010-cu il 22 iyul tarixli sərəncamınıza əsasən jurnalistlər üçün belə gözəl yaşayış binasının tikilməsi  dövlətimizin yüksək diqqət və qayğısının əyani təsdiqidir.

Möhtərəm Prezident, Sizin müdrik, uzaqgörən siyasətiniz, xalqımızın rifahı naminə gördüyünüz misilsiz işlər nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlərə ürəkdən sevinirik.

Yeni minillikdə Azərbaycan tarixinin quruculuq salnaməsinə Sizin qüdrətli zəkanızla möhtəşəm zəfər səhifələri yazılır. İndi Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir. Azərbaycan dünyada söznüfuz sahibidir. Sizin dünya müstəvisində yüksəklərə qaldırdığınız Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Dünyada bu təşkilatdan yuxarı qurum yoxdur.

Cənab Prezident, Azərbaycan Sizin rəhbərliyinizlə kosmik ailənin üzvü olmuşdur. Azərbaycan çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu, Sizin yorulmaz fəaliyyətiniz sayəsində dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilmiş Azərbaycana dərin inamın göstəricisidir.

Bu uğurlardan ruhlanan AzərTAc-ın kollektivi Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada yaymağı özləri üçün şərəfli vəzifə, eyni zamanda, Vətən, xalq qarşısında, cənab Prezident, Sizin qarşınızda borc hesab edir. Ulu öndərimiz Heydər Əliyevin ideallarına sadiq olan agentliyimizin jurnalistləri bu şərəfli missiyanı yüksək səviyyədə yerinə yetirəcək, etimadınızı bundan sonra da layiqincə doğruldacaqlar.  

Çox hörmətli cənab Prezident! Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da Sizinlə birlikdə xalqımızın rifahı naminə yorulmadan çalışır, qədim mədəniyyətimizin dünyada təbliği işinə böyük töhfələr verir. Bu möhtəşəm işlər Azərbaycanın birinci xanımına təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də sonsuz hörmət və dərin ehtiram qazandırmışdır.

Bu gün jurnalistlərə çox dəyərli hədiyyə təqdim olunubdur. Bu hədiyyənin Sizin tərəfinizdən təqdim olunması onun dəyərini qat-qat artırır. Buna görə Sizə "Çox sağ olun!" deyirik. İnşallah, Sizin sayənizdə o mənzillərdə ailələrimizlə birlikdə xoş günlər keçirəcəyik. Əminik ki, öz vətəndaşının xoşbəxtliyini, sevincini görmək Prezidentimiz üçün də gözəl hədiyyədir.

Cənab Prezident, bu evləri jurnalistlərə bəxş etməklə Siz birbaşa tarixə düşürsünüz.  Bu, Sizin Prezident olaraq azad sözə, siyasi plüralizmə, fərqli düşüncəyə olan münasibətinizin göstəricisidir. Mən bu mərasimimizi siyasiləşdirmək istəmirəm. Lakin ağlıma bir fikir gəlib, onu ürəyimdə saxlamaq da  istəmirəm. İndi bizə demokratiya dərsi keçmək istəyənlər bir vaxtlar fərqli düşüncəyə görə jurnalisti döyüb avtomaşının yük yerinə basırdılar. İndi prezident kürsüsünə iddialı olanlardan biri isə fərqli düşünənlərin ağzından özü vuracağını bəyan edir. Cənab Prezident, Sizin qiymətiniz məhz burada bilinir ki, sözün həqiqi mənasında, əsl demokrat da, mediaya, fərqli düşüncəyə kifayət qədər plüralist yanaşan dövlət başçısı da Sizsiniz. Buna görə mən bütün kollektivimiz adından Sizə təşəkkür edirəm.

Möhtərəm Prezident! Bir daha Sizə bütün mətbuat işçiləri adından, çalışdığım AzərTAc-ın kollektivi, mənzil alan jurnalistlər və ailə üzvlərimin adından dərin minnətdarlığımı bildirirəm. Sizə, Mehriban xanıma, ailənizə cansağlığı, uzun ömür, ulu öndərimizin şah əsəri olan müasir müstəqil Azərbaycanımızın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

Xalqımız Sizin yenilməz iradənizə, başladığınız hər bir işi uğurla sona çatdırmaq qətiyyətinizə, ölkəmizi daha böyük qələbələrə qovuşdurmaq əzminizə inanır, xoşbəxt gələcəyini Sizin adınızla bağlayır. Əminik ki, müdrik Azərbaycan xalqı öz müstəqil dövlətinin sükanını növbəti prezident seçkilərində də Sizə etibar edəcəkdir, Sizi dəstəkləyəcəkdir.

Ulu Tanrı Sizi və Azərbaycanımızı qorusun!

 

Azərbaycan.-2013.- 23 iyul.- S.3.