Azərbaycan Diplomatik Akademiyası və Uelsin Aberistvis Universiteti

 arasında tələbə və professor heyətinin mübadiləsi haqqında

 Memorandum imzalanmışdır

 

Azərbaycan Diplomatik Akademiyası (ADA) və Uelsin Aberistvis Universiteti arasında tələbə və professor heyətinin mübadiləsi haqqında Memorandum imzalanmışdır.

ADA-dan AzərTAc-a bildirmişlər ki, sənədi ADA-nın prorektoru Fariz İsmayılzadə və Aberistvis Universitetinin prorektoru Con Qrattan imzalamışlar.

Memoranduma əsəsən, bu tədris ilindən başlayaraq universitetlər arasında tələbə və professor heyətinin mübadiləsi həyata keçiriləcəkdir. Növbəti beş il ərzində bu ali məktəblər elmi mübadilənin bütün istiqamətləri, o cümlədən kitab və nəşr mübadiləsi, qarşılıqlı maraq doğuran mövzular üzrə elmi toplantıların və araşdırmaların, görüşlərin və sərgilərin təşkili sahələrində əməkdaşlıq edəcəklər.

1872-ci ildə təsis edilmiş Aberistvis Universiteti beynəlxalq siyasət ixtisası üzrə təhsil verən dünyanın ən ilk ali məktəblərindən biridir.

Fariz İsmayılzadənin sözlərinə görə, hazırda Uelsin aparıcı universitetlərindən bir olan Aberistvis beynəlxalq münasibətlərlə yanaşı, digər ixtisasların mükəmməl tədrisi sahəsində də seçilir.  ADA hər il Uelsə iki tələbə göndərməyi planlaşdırır. O demişdir: "ADA-nın tələbələri daha bir aparıcı xarici universitetdə mübadilə proqramı ilə təhsil almaq imkanı qazanmışlar. Diplomatiyanı bu sahədə bir əsrə yaxın tədris təcrübəsinə malik universitetdə öyrənməklə yanaşı, onlar həm də mədəni mübadilədən bəhrələnə biləcəklər".

 

Azərbaycan.-2013.- 23 iyul.- S.4.