O torpaqlar bizimdir...

 

Ağdamın işğalının 20 il keçir

 

Elə bil hər şey dünən olub. Şəhid övladını bağrına basıb nalə çəkən ananın damarlarda qan donduran fəryadı hələ də qulaqlardadır. "Qrad" yağışından sonra tüstülənən Ağdamın ürəkdağlayan görkəmi yaddaşlardan silinməyib. Ev əşyaları yüklənmiş köç maşınlarının karvanı sanki sonsuzluğa qədər uzanıb gedirdi. Yaralıların sayı-hesabı yox idi. Şəhid tabutları yük maşınlarına yüklənib yaxın-uzaq ünvanlara göndərilirdi. Havadarlarının hərbi texnika və əsgəri köməyindən güc alan ermənilər Ağdamı odlara qalayır, uşaq, qadın, qoca olmasının fərqinə varmadan, qarşısına çıxanları yalnız türk, azərbaycanlı olduğuna görə süngüdən keçirirdilər. İlahi, insan da bu dərəcədə amansız, qəddar, vəhşi ola bilərdimi?! Qeyri-bərabər döyüşdə Ağdam itkilər verir, addım-addım geri çəkilirdi.

Doğma yurdu canlarından artıq sevən oğullar Vətənin hər qarış torpağı uğrunda döyüşlərdə uf demədən qurban gedir, şəhid olmağı şərəf bilirdilər. Ağdam təslim olmurdu, Ağdam döyüşürdü! Qadınlar ərləri, qızlar qardaşları ilə çiyin-çiyinə səngərdə, döyüş mövqeyində idilər. O ağır günlərin şahidləri hələ çoxdur. Çıraqlı kəndi uğrunda döyüşlərdə Reyhan xanımın göstərdiyi şücaət bu gün də dillərdə dastandır. Ermənistan silahlı qüvvələri Ağdam şəhərini və onun ətraf kəndlərini işğal edəndən sonra hücumlarını davam etdirərək orta zonadakı Çıraqlı kəndini də ələ keçirirlər. Döyüşlərdə batalyon komandiri, Azərbaycanın Milli Qəhrəmanı Elmar Edilov şəhid olur. Onun həyat yoldaşı Reyhan xanım batalyona komandirliyi öz üzərinə götürərək əsgərləri döyüşə ruhlandırır. Ölüm-dirim döyüşündə üstünlüyü ələ alan batalyon üzvləri erməni yaraqlılarını kənddən qovub çıxarmağa, Çıraqlını düşmən əlindən almağa nail olurlar. Belə misallar kifayət qədər çoxdur. Müharibənin dəhşətlərini yaşamış Ağdamın kişisi də, qadını da sözün həqiqi mənasında, qəhrəmandırlar. Xalqımızın ümummilli lideri Heydər Əliyev ağdamlıların döyüş hünərini yüksək qiymətləndirmişdir: "Ağdam rayonu Ermənistanın hərbi təcavüzünə qarşı aparılan mübarizədə ön cərgədə olmuşdur. Ağdam vuruşmuşdur, döyüşmüşdür, böyük itkilər vermişdir".

Erməni işğalçılarına qarşı vuruşmalarda böyük cəsarət, şücaət və qəhrəmanlıq göstərdiyinə görə 71 nəfər ağdamlı döyüşçü mükafatlandırılmışdır. Onlardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. 21 nəfər "Azərbaycan bayrağı" ordeni, 7 nəfər "Vətən uğrunda", 7 nəfər "İgidliyə görə", 21 nəfər "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşlar. Doğma yurdu sonsuz məhəbbətlə sevən, Vətəni hər şeydən uca tutan ağdamlılar 5 min nəfərdən çox şəhid vermişlər.

Ermənistan silahlı qüvvələri Ağdam rayonu ərazisinin 77,4 faizini, o cümlədən Ağdam şəhərini, 1 qəsəbə və 82 kəndi işğal etdilər. 143 min nəfər rayon sakini məcburi köçkün vəziyyətinə düşərək respublikanın 62 şəhər və rayonuna səpələndi. İşğal olunmuş ərazidə 34.600 yaşayış evi, 27 sənaye, 29 kənd təsərrüfatı, 57 rabitə, 120 səhiyyə, 108 mədəniyyət obyekti, 114 tədris, 59 məktəbəqədər tədris, 11 nəqliyyat, 32 tikinti müəssisələri, çoxlu sayda tarixi abidələr, muzeylərs. qalmış, rayona 17 milyard manatdan çox ziyan dəymişdir.

Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yalnız ağdamlıların itkisi deyildir. Qaysaq bağlamayan bu yara bütün xalqımızın faciəsidir! Ulu öndər Heydər Əliyev bu itkini obrazlı şəkildə belə ifadə etmişdir: "Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!"

Ən böyük təbib sayılan zaman çox dərdlərə dərman olsa da, Ağdamsızlıq dərdinə məlhəm ola bilmir. Bu torpağın azadlığı uğrunda şəhid olan oğulların ruhları Qarabağ səmasında nigaran-nigaran dolaşmaqdadır. Ömür-gün yoldaşını itirən gəlinlər saçının birini , birini qara hörüb, kiprikləriylə od götürüb şəhid övladı böyüdüb, qız köçürüb, oğul evləndiriblər. 20 il bir igidin ömrüdür. O vaxt doğulan oğlan uşaqları artıq əsgər olub Vətən borclarını da veriblər. Amma yağı düşmənlə çəkiləsi hesab, alınası intiqam qalır hələ. Bütün Azərbaycan xalqı kimi ağdamlılar da respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz qətiyyətinə, müdrik siyasətinə güvənirlər. Bilirlər ki, düşmən qüdrəti günbəgün artan ordumuzun qarşısında duruş gətirə bilməz. Hər bir azərbaycanlıya gün kimi aydındır ki, uzun illərdən bəri davam edən danışıqlar bir nəticə verməsə, müharibə labüdləşsə, bu, Ermənistanın sonu olacaqdır. Ağlı olan erməni dərk etməlidir ki, müharibə başlasa, şəhid atasının, qardaşının, odlara qalanan, tar-mar edilən isti yuvasının, əzizlərinin təhqir olunan qəbirlərinin qisas anını səbirsizliklə gözləyən Azərbaycan əsgəri od püskürəcək. O zaman təkcə silahlar döyüşməyəcək, düşmənə sonsuz nifrət şimşək kimi çaxacaq, aşıb-daşan qəzəb seli qarşısına çıxan hər kəsi kükrəyən dalğalarında boğacaqdır.

Bu gün Ağdamda döyüş ruhu çox yüksəkdir. Dövlət başçısının, Ali Baş Komandanın qətiyyətini, prinsipiallığını, torpaqların bir qarışının da güzəşt ediləcəyinin müzakirə mövzusu olmadığını dəfələrlə bəyan edən dəyişməz mövqeyini birmənalı şəkildə bəyənir və müdafiə edirlər. Onlar qələbənin çox yaxında olduğuna inanırlar. Bu inam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasətindən, Qarabağa və qarabağlılara olan xüsusi qayğı və diqqətindən qaynaqlanır.

Ağdamlılar dövlət başçısının böyük qayğısından həmişə minnətdarlıqla söz açırlar. Bu qayğı bir evə, bir ailəyə, bir kəndə, bir qəsəbəyə yox, bütün elə ünvanlanıb! On il əvvəl, hakimiyyətə gəlişi ərəfəsində ağdamlı məcburi köçkünlərin məskunlaşdığı türk "Qızıl ay" çadır şəhərciyində görüşdə "Azərbaycanda bir çadır şəhərciyi də qalmayacaqdır", - deyən İlham Əliyev öz vədini ən qısa zamanda reallaşdırdı. Uzun illər boyu çadırlarda, yük vaqonlarında, qarğı-qamışdan tikilmiş daxmalarda zillətçəkən soydaşlarımızın məişət əzablarına birdəfəlik son qoyuldu. Ağdamın əlimizdə olan ərazilərində 17 müasir tipli qəsəbə salınıb. Hər qəsəbənin məktəbi, həkim məntəqəsi, uşaq bağçası və digər zəruri infrastrukturu da öz yerində.

Rayonun inzibati mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsi dövlətin qayğısı sayəsində indi müasir şəhərlərdən seçilmir. Respublikada ilk rayon olaraq məhz Ağdamın bütün yaşayış məntəqələri təbii qazla təmin edilmişdir. Abadlıq, quruculuq işləri uğurla davam etdirilir. Ələbaxımlıqdan uzaq olan ağdamlılar əkin-biçin işləri ilə də həvəslə məşğul olurlar. Bu il rayonun təsərrüfatlarında 51.540 ton taxıl istehsal olunmuşdur. Sahələrdə bol meyvə, bostan-tərəvəz məhsulları yetişdirilmişdir.

Atəşkəsin tez-tez pozulduğu, ölümsaçan güllələrin yeni ünvanlar axtardığı bu cəbhə bölgəsində Ağdamın işğal gününü indi ah-nalə ilə, göz yaşı ilə yox, qələbəyə, torpaqlarımızın tezliklə azad olunacağına əminliklə, düşmənə sonsuz nifrətlə qeyd edirlər!

 

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2013.- 23 iyul.- S.6.