Prezident İlham Əliyev «Çıraq» neft layihəsinin bir hissəsi olan «Qərbi Çıraq» platformasının tamamlanmış üst modullarında aparılan işlərlə tanış olmuşdur

 

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bibiheybət qəsəbəsindəki tikinti-quraşdırma sahəsində "Çıraq" neft layihəsinin bir hissəsi kimi inşa edilmiş "Qərbi Çıraq" platformasının tamamlanmış üst modullarında aparılan işlərlə tanış olmuşdur.

Prezident İlham Əliyevə məlumat verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirdilər ki, 2010-cu ilin martında "Çıraq" neft layihəsi üzrə 6 milyard dollar dəyərində işlənmə planına başlanılması ilə yeni, eyni zamanda, böyük investisiya layihəsinin ölkəmizin neft tarixinə daxil olmasına yol açıldı. "Qərbi Çıraq" adlanan bu layihə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda neft hasilatını sabitləşdirməyə və layların neft verimini maksimuma çatdırmağa yardım edəcəkdir. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları qurğuların tikintisini və qabaqlayıcı qazma proqramını əhatə edir. Məbləğin qalan hissəsi isə hasilat müddəti ərzində platformadan hasilat quyularının qazılmasına sərf olunacaqdır. Azərbaycanın neft tarixində mühüm əhəmiyyətə malik olan bu qurğunun hazırlanması yerli mütəxəssislər tərəfindən həyata keçirilmiş və görülən işlər artıq ölkəmizdə neft sənayesinin inkişafının sürətlə davam etdiyini göstərir.

Qeyd edildi ki, "Qərbi Çıraq" BP şirkətinin "Azəri-Çıraq-Günəşli" operatoru qismində inşaistismar etdiyi dünya səviyyəli səkkizinci dəniz platformasıdır. Platformanın layihə gücü gündəlik 25 min ton neft və 6,5 milyon kubmetr qaz təşkil edir. Lakin platforma gündəlik 8 milyon kubmetr qaz ixrac edə bilər. Onun gün ərzində təqribən 2,3 milyon kubmetr qazlift təmin etmək gücü vardır.

Dövlət başçısı "Qərbi Çıraq" platformasının tikintisionun dayaq modullarının dənizdə quraşdırılmasından bəhs edən filmə baxdı.

Diqqətə çatdırıldı ki, "Qərbi Çıraq" platforması üçün dayaq bloku artıq bu ilin aprelində dənizdə quraşdırılmışdır. Xəzər regionunda indiyədək inşa edilmiş ən ağır "Qərbi Çıraq" dayaq blokunun ümumi çəkisi 18 min 200 ton, hündürlüyü 185 metrdir.

Sonra Prezident İlham Əliyev "Qərbi Çıraq" platformasının altüst göyərtələrini gəzərək qazma modullarına, elektrik generatorlarına və digər bölmələrə baxdı.

Bildirildi ki, platformanın üst modullarının tikintisinə 2010-cu ilin iyulunda başlanmışdır. Hazırda isə qurğu tam hazırdır və dənizə yola salınmazdan əvvəl son istismar sınaqları aparılır. Platforma 18 min 500 ton çəkiyə malik olmaqla indiyədək Xəzər dənizinə buraxılmış ən ağır konstruksiya olacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev platformanın tikintisində çalışan mütəxəssislərlə görüşdü.

Mütəxəssisləri salamlayan Prezident İlham ƏLİYEV dedi:

- 1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Azərbaycan mütəxəssislərinin sayı getdikcə artır. Bu, çox vacib məsələdir. Çünki bizim istəyimiz bundan ibarət idi ki, bütün bu işlərdə maksimum Azərbaycan vətəndaşları iştirak etsinlər. Artıq belə nəhəng, dünya miqyaslı qurğuları biz yüz faiz Azərbaycanda tikirik. Bu, həm Azərbaycanın gücünü, eyni zamanda, mütəxəssislərin təcrübəsini göstərir. Onu göstərir ki, gələcəkdə bu cür işlər hələ çox olacaqdır. Çünki Azərbaycanın neft-qaz sektoru inkişafdadır. Mühüm işlər görülür, amma gələcəkdə hələ çox görülməlidir, bir neçə platforma tikilməlidir. "Şahdəniz-2" layihəsi icra ediləcəkdir.

Çox şadam ki, artıq bütün işlər Azərbaycanda aparılır. Bu işlərin əsas hissəsini görən Azərbaycan vətəndaşlarıdır. Hadisə münasibətilə təbrik edirəm. Yeni uğurlar arzulayıram. Sağ olun.

Mütəxəssis: Çox sağ olun, cənab Prezident! Dəstəyinizə görə Sizə təşəkkür edirik. Azərbaycanın gələcəyi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

 

* * *

 

Sonra xatirə şəkli çəkdirildi.

Məlumat verildi ki, "Qərbi Çıraq" platforması "STB-1" daşıma barjından istifadə etməklə sürüşdürmə metodu ilə vahid bir qurğu kimi quraşdırılacaqdır. Barjın özü modernləşdirilərək bu nəhəng yükü daşıya biləcək vəziyyətə gətirilmişdir. Bu yük "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda quraşdırma işləri çərçivəsində bundan əvvəl ən ağır göyərtəyə malik "Şərqi Azəri" üst modullarının çəkisindən təxminən 2 min 500 ton artıqdır. Üst modulların dənizə yola salınması əlverişli hava şəraitindən asılı olaraq 2013-cü ilin avqustunda planlaşdırılır. Platformada hasilat işlərinə bu ilin dekabrında başlanacağı gözlənilir. Bu platforma "Şərqi Azəri" platformasının layihəsi əsasında hazırlansa da, ona əlavə olaraq elektriklə işləyən qaz ixracı kompressoru, qaz turbini ilə çalışan əsas elektrik generatorları daxil edilmişdir. Tikinti işləri texniki təhlükəsizlik üzrə ən yüksək standartlara tam uyğun şəkildə aparılmış və ötən müddətdə hər hansı qəza ucbatından itirilmiş günü qeydə alınmamışdır. Platformaya Xəzər dənizində ilk dəfə istifadə olunacaq müasir texnologiyalar və əlavə avadanlıq da daxil edilmişdir. Atqı əleyhinə preventor, qumun xaric edilməsi və təmizlənməsi, səviyyəölçən cihazqoşa porşen effektli kürəli siyirtmələr kimi texnologiyalar qarşıya qoyulan hədəflərə daha səmərəli surətdə nail olmağa imkan yaradacaqdır.

Bildirildi ki, quraşdırma işlərinin aparıldığı üç il ərzində yerli ehtiyatlardan istifadənin maksimuma çatdırılması başlıca prioritet olmuşdur. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla, tikinti-quraşdırma işlərinə təxminən 4 min nəfər cəlb olunmuşdur ki, bunun da 90 faizə qədərini yerli işçilər təşkil etmişdir.

Prezident İlham Əliyev platformada 175 nəfər üçün layihələndirilmiş yaşayış blokuna və mərkəzi nəzarət otağına baxdı.

Qeyd edildi ki, platformada prosesinə vahid nəzarətin həyata keçirildiyi bu blokda işçilərin və mütəxəssislərin yaşayıb işləməsi üçün hər cür şərait yaradılmışdır.

Dövlət başçısı görülən işlərdən razılığını bildirdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 24 iyul.- S.1.