«Heydər Əliyev ili»nin birinci yarısı uğurlu sosial-iqtisadi inkişafla yadda qalmışdır

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilmişdir

 

 

İyulun 23-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilmişdir. Sessiyada 2 məsələ müzakirə olunmuşdur. 2012-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları; Naxçıvan Muxtar Respublikasının 2012-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi.

2013-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov məlumat vermişdir. Bildirmişdir ki, 2013-cü ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi 9,3 faiz, sənaye məhsulu 12,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 9,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, dövlət büdcəsinin gəlirləri 4,2 faiz, orta aylıq əməkhaqqı 4,5 faiz artmışdır. Xarici ticarət dövriyyəsinin 30,9 faizini idxal, 69,1 faizini ixrac təşkil etmiş, ixracın həcmi 7,3 faiz artmış, müsbət saldo yaranmışdır. Naxçıvan Muxtar Respublikasında tikintiya əsaslı təmirdən sonra ümumilikdə 178 obyekt istifadəyə verilmiş, 1.351 yeni yeri açılmışdır ki, onların 94,7 faizi daimidir. İlin əvvəlindən ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında 0,2 faizlik ucuzlaşma qeydə alınmışdır. 1 iyul 2013-cü il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 8.774 nəfər artaraq 431 min 628 nəfərə çatmışdır.

Sonra Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov çıxış etmişlər.

Sessiyada "Naxçıvan Muxtar Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın 2013-cü ilin birinci yarısındakı sosial-iqtisadi inkişafının yekunları ilə bağlı məruzə etmişdir. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi strategiyanın bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davaminkişaf etdirilməsi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da iqtisadi yüksəlişin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə səbəb olmuşdur.

Ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar 2013-cü ilin muxtar respublikada "Heydər Əliyev ili" elan olunması bu qədim diyarın sakinlərinin qurub-yaratmaq əzmini daha da artırmışdır. 2013-cü il həmçinin ölkəmizdə ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışının - Milli Qurtuluş Gününün 20-ci ildönümü ilə əlamətdardır. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin ilk yarısında da muxtar respublikamızın iqtisadisosial həyatında dinamik inkişaf meyilləri qorunub saxlanmış, bütün sahələrdə inkişafa nail olunmuşdur.

Lakin bütün bunlar arxayınlaşmaq üçün əsas vermir. Nailiyyətlərin daha da artırılması üçün hər cür şərait var. Muxtar respublikanın müvafiq dövlət orqanları bununla bağlı öz fəaliyyətlərini daha da gücləndirməlidirlər. 2013-cü ilin qalan dövrü üçün qarşıda ciddi vəzifələr dayanır.

Məruzədə o da qeyd olunmuşdur ki, ölkəmizdə müxtəlif sahələrin və regionların sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq olunmuş bir sıra dövlət proqramlarının müvəffəqiyyətli icrası muxtar respublikamızın da inkişafına müsbət təsir göstərmişdir. Əldə olunmuş makroiqtisadi sabitlik yeni investisiyalara meydan açmış, yeni istehsal sahələri fəaliyyətə başlamışdır. Qarşıdakı dövr üçün əsas vəzifə bu dinamikanı qoruyub saxlamaq və hər bir muxtar respublika sakininin rifahına xidmət edən iqtisadi artımı təmin etməkdir.

Ali Məclisin sədri yekunda bildirmişdir ki, 2013-cü ilin ilk yarısının nəticələri ümummilli liderin Naxçıvan Muxtar Respublikasının inkişafı ilə bağlı planlarının və arzularının yerinə yetirilməsinin daha bir ifadəsidir. Ulu öndərin müəyyən etdiyi inkişaf və tərəqqi yolu uğurlarımızı ildən-ilə dinamik templə artırır. Bu siyasətin yaradıcı gücü əhalinin gündəlik yaşayış səviyyəsində, maddi rifah halının yaxşılaşmasında, şəhər və kəndlərimizin sosial mənzərəsinin dəyişməsində öz əksini tapmışdır. Ölkə rəhbəri cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Qarşıda duran bütün vəzifələri yerinə yetirmək üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu siyasət bu gün də Azərbaycana lazımdır, sabah da lazım olacaqdır. Məhz bu yolla gedərək biz daim irəliyə və yeni qələbələrə doğru addımlayacağıq".

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış yeddinci sessiyası öz işini başa çatdırmışdır.

 

 

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2013.- 24 iyul.- S.2.