Ağdamın ağ damları

 

Ömrümün bütün vacib səhnələrini şəkillərə çevirib yan-yana düzürəm, ən vaciblərini, dəyərlilərini ayırıramE Kimsə ömrü boyu sərvətlər toplayır, varidat yığır, kimsə ucaltdığı imarətlərlə öyünür. Jurnalistin var-dövləti isə şahidi olduğu hadisələr, yaşadığı hisslərdir. 20-25 il əvvəl döyüş bölgələrində gördüyüm, şahidi olduğum adi səhnələr bu gün mənə vətəni, onun ağır günlərini, saflığı, mərdliyi ilə seçilənləri və bütünlükdə baş verənləri daha dərindən dərk etməyə kömək edir. Ona görə də həyatımda cəbhə bölgələrinə qonaq getdiyim təkəm-seyrək günlər və bu günlərlə bağlı yaxşı və pis nə varsa - hamısı ömrümün unudulmaz parçası kimi qiymətlidir.

 

 

 

 Divardan asılıb cəzasını çəkən Lenin

 

 

 

Ağdama birinci gəlişimdə bir orta məktəbdə oldum, direktor qoca, nurani, üzündə işıqlı təbəssüm gəzən ağsaqqal idi. Başının üstündə Leninin portreti asılmışdı. Soruşdum ki, niyə çıxarmırsınız, axı onun dövrü keçdi. "Ötməyib, oğul",  - dedi. "- Ömrümüz boyu ona səcdə etmişik. Hər gün bu şəklin altında otururam, onu günahım kimi saxlayıram, ağrısını, əzabını çəkirəm. Qopardıb atmıram. Qoy şagirdlərimiz də faciələrimizdən çələng toxuyub boynumuza atanları tanısınlar. Bizi də bağışlamasınlar".

Moskvada, Mavzoleydə Lenini saxlayıb-saxlamamağı düşünürdülər. Ağdamda isə onu artıq "dar ağacı"na çəkmişdilər.

 

 

 

Ağdamı başa düşməyən ingilis

 

 1990-cı ildə Ağdama "Bi-Bi-Si" radiosunun müxbiri Rocer Herinqlə getmişdik. Bir-iki gün qaldıq. Rocer pərt oldu ki, döyüş səsini yaza bilmədi. Uşaqlardan kimsə ovuclarını qapayıb şappıldatdı və uzaqdan gələn partlayışın səsinə bənzəyən boğuq səs alınanda ingilisi muştuluqladı ki, bu da sənin döyüşün, nə qədər istəyirsən partladım, səsini yaz, əliboş qayıdası deyilsən ki?! Rocer, olmaz, - deyib "Bi-Bi-Si"nin tarixindən bir əhvalat danışdı. Cənubi Rodeziyada şaxtaların birində partlayış olubmuş. "Bi-Bi-Si"nin hadisə yerində olan müxbiri reportajında partlayışın da səsini efirə verib. Lakin Cənubi Rodeziyada həmin şaxtada işləyənlərdən biri məhkəməyə müraciət edir ki, efirə yerin üstündəki adi barıtın partlayış səsi verilib, onun şaxtadakı qaz partlayışına dəxli yoxdur. Məhkəmə prosesini udan dinləyici şirkətdən böyük məbləğdə cərimə ala bilibmiş!

O vaxtdan üzü bəri 23 il ərzində xarici xəbər portallarında Qarabağ müharibəsi haqqında dəfələrlə cəfəng, uydurma, birtərəfli yazılara rast gəldim, amma heç bir ingilisin, fransızın və ya amerikalının bu yazılara görə kimisə məhkəməyə verməsini təəssüf ki, eşitmədim. Əksinə, Qərb KİV-lərinin işğalçı dövlətin mövqeyini dəstəkləyən yazıları heç vaxt gündəmdən düşmədi. 

Rocerlə geri qayıdacağımız günü şam edib Bakıya çıxmaq istədik. Möhkəm acmışdıq. Gec idi deyə Ağdamda bütün kafe və restoranlar bağlanmışdı. Çörək yeməyə yer tapmadıq. Yadıma düşdü ki, dostum İbrahimin bacısı ağdamlıdır. Dostumun yeznəsi Rəşidi bir neçə dəfə görsəm də, elə bir yaxınlığımız yox idi. Rocer soruşanda ki, onları tanıyırsanmı, "yox" - dedim. Heyrətdən gözləri bərəldi ki, tanımadığın adamın qapısını necə döymək olar? Münaqişədir, insanlar onsuz da gərginlik içindədirlər. İngilisin etirazlarına məhəl qoymadım, soruşa-soruşa Rəşidin evini tapdıq, qapısını döydük. O, bayıra çıxıb bizi görəndə ürəkdən sevindi, yoldaşını çağırdı ki, ay Rəfiqə, bir əl-ayaq elə görüm, İbrahimin dostu gəlib. Böyük bir otaqda iri, dəyirmi masanın arxasında oturduq. Rocer evi, onun yaraşığını, dəbdəbəsini görüb heyrətləndi:

- Nə gözəl malikanədir! Mənim də Londonda mülküm var, - deyib çiyinlərini çəkdi. - Amma bunun yanında heç nədir.

Heç yarım saat oturmamışdıq ki, Rəfiqə bacı birinci xörəyi gətirdi, onun arxasınca süfrəyə Ağdamın ən ləziz xörəkləri düzüldü. Rocer özünü sehrli aləmə düşmüş kimi hiss etsə də, Rəşidin dəvətsiz gələn tanımadığı adamları evinə buraxmasını, əziz qonaq kimi qarşılamasını anlamadı.

Ağdamda insanlar cəsarətli, zəhmətkeş, evcanlı idilər. Hamı tikirdi, qururdu, yaradırdı. Rəşidin evi kimi rayonda minlərlə ev var idi. Ağdam damlardan ibarət nağıl kimi varlı bir şəhər idi. Rəşid Ağdamdan çıxanda 4 qızına aldığı cehizi özü Bakıya daşımağı kişiliyinə sığışdırmadı. İstəmədi ki, kimsə onu yükünü tutub Ağdamdan çıxan görsün. Qürurlu idi bütün ağdamlılar kimi! O, Bakıda işsiz qalanda da bir dəfə olsun onu sınan, əyilən görmədim. O, heç kimə, hətta vaxtilə əl tutduğu adamlara belə ağız açmadı! Ailəsini də qaldırmağa gücü çatdı.

İngilis müxbiri Rəşidin evini təriflədi, süfrəsinə heyran oldu. Ancaq niyəsini anlamadı! Axı, Londonda qardaşın belə qapısını razılıq almamış döysən, səndən inciyə bilər, ya da ki, birbaşa etiraz edər, qəbul etməz! Şərq və Qərb mentaliteti başqadır. O vaxtlar artıq iş yerləri ixtisara düşür, müəssisələr bağlanır, maaş alanların sayı azalırdı. Ancaq ağdamlılar ən çətin günlərində belə qürurlarını sındırmırdılar. Dar günləri üçün saxladıqlarını belə qonaq gələndə ləyaqət və mərdliklə süfrəyə düzürdülər.

Bu yaxınlarda Sumqayıtda ağdamlı məcburi köçkün Tariyelə görə şəhər icra hakimiyyətinə müraciət etmişdik. Onlar da sağ olsunlar ki, sözümüzü yerə salmamışdılar. Tariyel bir neçə aydan sonra zəng vurub məni qonaq çağırdı. Təşəkkür etdim ki, Taryel, elə hesab et ki, sənin süfrənin başında əyləşmişəm. Tariyel müharibə iştirakçısıdır, bir ayağı kəsilib, infarkt keçirib, gözləri tutulub, ürəyinə kardiostimulyator qoyulub. Bu, azmış kimi, böyrəkləri də işləmir, dializ xəstəsidir. Ancaq qonaq çağıran səsində ləyaqətli bir nur var. Sözünü qəribçiliyə vurmadım, getdim, Sumqayıtda kafelərin birində onun bir stəkan çayını içib geri qayıtdım. Görüşəndə də ümidsiz xəstə əvəzinə qarşımda mətin, güclü, dərdə dözümlü döyüşçünü gördüm! Jurnalistə verilən bir tikə çörəkdən nəmər bağışlayan kimi danışan vəzifə sahiblərini görmüşəm və həm də dəfələrlə çörək kəsməmiş evindən, işindən buraxmayan məcburi köçkün, qaçqın süfrəsinə oturmuşam, anamın açdığı süfrəyə oturan kimi!

 

 

 

Güllə yağışı altında

 

 

 

92-ci il idi. Ağdamda döyüşlər şiddətlənir, küçələrdə gəzmək belə təhlükəyə çevrilirdi. Biz şəhərə girəndə "Qrad"ların səsini eşidirdik. Artıq rayon mərkəzindəki bir çox obyektlər atılan mərmilərdən yanaraq xarabazarlığa çevrilmişdi. Müharibəyə təzə gələn adam mərminin vıyıltısını eşidəndə elə bilir ki, bomba onun içində partlayacaq. Biz qorxurduq, lakin yerli camaat qorxu hissini dəf edərək həyatın adi axarını yaşayırdı.

Bu odun-alovun içində küçələrdə dünyanı vecinə almayan uşaqları, iş-gücünün dalınca gedən sakit insanları görəndə onların mərdliyinə heyran qalmamaq mümkün deyildi! Əslində, insanlar müharibəyə alışmışdılar, ölüm-itim də adiləşmişdi. Yanan, dağılan binalar, şəhidlərin aramsız davam edən dəfn mərasimləri müharibənin küçələrdən, həm də talelərdən sağalmaz yara vuraraq keçdiyindən xəbər verirdi.

Rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, tələbəlik dostumun atası Həmzə Əliyevlə  güvəndiyim insanlardan biri kimi görüşdüm. Hökmlü, məğrur görkəmi var idi, yüz adamın arasında uzaqdan seçilərdi. Bizdən bir qədər aralıda partlayan mərmilərin səsinə diksinirdim, onunsa üzündə bir cizgi belə dəyişmirdi. Atışma səsləri vecinə deyildi! Ucaboylu, enlikürəkli, əzəmətli bir kişi idi. O həm də Qarabağa  Xalq Yardımı Komitəsinin Ağdam şöbəsinin müdiri idi və bütün bölgədə böyük nüfuzu vardı. Vəzifəsi var idi, uşaqlarını çıxara bilərdi rayondan, amma adamlar oğlu Əhədin Ağdərədə hamı ilə birlikdə vuruşduğu üçün onun xətrini əziz tuturdular, hörmətini saxlayırdılar. Onunla görüşüb ayrılmaq istəyəndə buraxmadı: "Nahar edin, sonra gedərsiz" - dedi. Kimisə işindən ayırmaq, bir qarın çörəyə görə vaxtını almaq yaxşı görünmürdü. Ancaq Həmzə müəllim dedi ki, vaxtı çatanda səngərdə əsgərlər də silahını yana qoyub nahar edirlər. Atəş səsləri altında rayon sovetinin yeməkxanasında oturduq, bufetçi qarşımıza xaş qoyanda sevindim ki, beş dəqiqəyə qaşıqlayıb duraram ayağa. Bizim tərəflərdə xaşı əti və suyu ilə bir boşqabda süfrəyə qaşıqla verirlər. Hara baxdımsa, masanın üstündə qaşıq tapa bilmədim ki, bilmədim. Həmzə müəllim lavaşı götürüb tələsmədən səliqə ilə boşqaba doğradı, sonra cəngəli götürüb dünyanın ən sakit guşəsində oturubmuş kimi tələsmədən yeməyinə başladı. Başa düşdüm ki, Ağdamda xaşı qaşıqla yox, çəngəllə yeyirlər! Uzaqdan atılan topların atəşləri altında naharımız fikirləşdiyimdən xeyli uzun çəkdi. Mən atəş sədaları altında birinci dəfə nahar edən adam kimi çox gərgin idim, hər dəfə çəngəli boşqaba uzadanda mənə elə gəlirdi ki, xaş azalmaq əvəzinə artır, boşqabın suyu qurtarmır ki, qurtarmır. Əvvəldən axıra kimi Həmzə müəllim tövrünü pozmadı, üstəlik, bir pürrəngi çay da sifariş elədi.

Həmzə müəllimlə nahar edəndə yolunu azan mərmilərdən birinin oturduğumuz yerə düşə biləcəyini istisna etmirdim. Ancaq minlərlə adam bu atəş sədalarının altında yatırdılar, dururdular və heç nəyin qorxusunu çəkmədən yaşayırdılar. Ağdamda balaca uşaq da "güllə qələt eliyir" - deyirdi.

Biz, döyüş bölgəsinə ara-sıra gəlməyə cəsarət edən jurnalistlər nədənsə daim bu təhlükələrin altında adi günlərini yaşayan insanların qəhrəmanlığını unuduruq! Bu atəşlərin sədaları altında çantasını çiyninə atıb məktəbə gedən on minlərlə uşaq qəhrəman deyildimi? Güllə yağışı altında ailəsinin çay-çörəyini hazırlayan, oğul-uşağını məktəbə, ərini işə ötürüb onların sağ qayıtması üçün axşama kimi Allaha dua edən qızlarımız, gəlinlərimiz, ana və bacılarımız qəhrəman deyildimi?

Ordu yox idi! Silahlar yığılmışdı! Ağdamda özünümüdafiə dəstələri təşkil olunmuşdu, əllərinə keçən silahla yaraqlanıb hərə bacardığı kimi ermənilərin qabağına çıxmışdı. Ana öz balasına yeməyi posta, səngərə aparırdı! Belə insanlar qəhrəman deyildimi?

Böyük bir ölkənin torpaqları işğal edilirdi, bu işğalın ağırlığını savaş gedən rayonlarda hiss edirdilər, görürdülər, başa düşürdülər. Bərdədən üzü Bakıya sarı çıxanda müharibənin ab-havası itirdi, adamlar başqa əhval-ruhiyyə ilə yaşayırdılar. Topxana meşəsi qırılanda yüz minlərlə insan Azadlıq meydanına tökülmüşdü, ölkə kükrəyirdi. Şuşa gedəndə nazirlərimiz papaqlarının altından sürüşüb paqonlarının arxasında gizlənmişdi. "Şuşa bizdədir" - deyib hamının başının altına yastıq qoyurdular. Şuşaya getmək üçün Ağdama yola düşdüm, Xromortun altındakı dikdən Şuşaya tərəf qalxmaq istəyəndə döyüşçülərdən biri qəzəblə bağırdı:

- Sənə Bakıda Şuşa bizdədir deyən nəsliynən qələt eliyir! Şuşa gedib!!! Qardaşım, namusumuz, qeyrətimiz gedib!

Orada, yolun kənarında oturub ikimiz də "Qətl günündəki" tatar Temirin ağlamağından betər, ləyaqəti tapdanan kişilər kimi hönkür-hönkür ağladıq. Kişilər ağlamalı deyil, amma bizim "bəylər" romantik "azadlığın atlarını" minib son mənzilə çata bilmədilər, vəzifələrin yəhərlərindən yarpaq kimi qopub getdilər! Böyük bir xalqı ağlar günə qoydular! Ağdam yaddaşıma dərdlərin və sirlərin dağ kimi qalandığı məkan kimi qalıb.

 

 

 

Müharibə, məcburi köçkünlər və "OMON"

 

 

 

O illərin ən ağır xatirələri ölkəni ikiyə bölən anlaşılmaz mühitlə bağlı idi. Döyüş bölgəsində müharibə hiss olunurdu. Qan-qada var idi. Hər gün dəfnlər olurdu və üstünə oyuncaq gəlinciklər düzülən nisgilli məzarların sırası uzanırdı. İnsanların üzündə, ürəklərində və gündəlik həyatlarında müharibənin məhrumiyyətləri aydın görünürdü.

Bakıda, cəbhədən uzaq digər rayonlarda isə müharibə hiss olunmurdu. Bəzən döyüş zonasını tərk edən dinc əhaliyə dodaq büzənlər tapılırdı ki, "atıb gəliblər", "qaçıblar". Babam danışardı ki, İkinci Dünya müharibəsində kəndimiz Rusiyadan gələn qaçqınlarla dolu idi. Onlar ac-yalavac, vətənlərindən min kilometrlərlə aralı düşən insanlar idi. Əllərinə nə keçsə, yeyirdilər, adamlar tövlədə, mal-qarasının yanında yatırdı. Yollarda acından ölənləri yığıb dəfn edərdilər.

Bütün müharibələrdə dinc əhali döyüş zonasını tərk edir. Ermənistandan, Qarabağdan da dinc əhali qaçmağa məcbur idi. Öz ailəsini xilas etmək hər bir kişinin borcudur! Dövlət bivec, insanlar arxasız idi! Lakin bütün Qarabağ boyu insanlar birləşib əliyalın olsalar da, öz müdafiələrini təşkil etdilər. Kənd-kəsəyini qoyub qaçmadılar. Hamı ancaq silah və bir də un istəyirdi. Ədalət naminə demək lazımdır ki, Qarabağa bütün rayonlardan yardım təşkil olunub göndərilirdi. Könüllülər vuruşmağa gəlirdi. Lakin bu işlər elə səriştəsiz təşkil edilirdi ki, xeyrindən çox ziyanı dəyən məqamlar olurdu.

Reallıq isə ondan ibarət idi ki, döyüş bölgəsində insanlar səngərə, savaşa doğru, cəbhədən uzaq rayonlarda isə küçələrdən müharibəyə əsgər yığan "OMON"dan qaçırdılar. Döyüş bölgəsində cəsurların mərdliyindən, digər rayonlarda isə "OMON"un əlindən qaçan, canını qurtaranlar "rəşadət"indən danışırdılar. Kimisi qaçmağı, kimisi pul verib canını qurtarmağı ilə fəxr edirdi. Ölkə elə idarə olunurdu ki, insanlar bir-birinə yaxın olmaqdansa, arxa çevirib nifrət edirdilər!

 

Dərd insan kimi qollarını göyə açıb bağıra bilir!

 

Vətən dərdi, işğal altında yatan torpaqların dərdi... Vətəni ovcuma alıb anlamaq, bağrıma basmaq,  duymaq, dərk etmək istəyirəm. Daha dərindən, daha güclü sevmək, ona daha möhkəm sarılmaq üçün! Əsrdən-əsrə adlayan müharibələrin mənasını, qalib və məğlub savaşlarımızın, fasiləsiz dəyişən əlifbaların arxasındakı həqiqətlərin kilidlərini açmaq istəyirəm. Bir onu bilirəm ki, o illərdə hər qarabağlının yanında üç-dörd nəfər o biri rayonlardan gələn olsaydı və o vaxtkı hakimiyyət də bivec olmasaydı, bu üzücü müharibənin aqibəti başqa cür olardı...

 

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2013.- 24 iyul.- S.4.