Ağdamın işğalı: səbəblər və nəticələr

 

Dağlıq Qarabağ münaqişəsi Avrasiyada ən qanlı münaqişələrdən biri kimi tanınmışdır. Düzdür, 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalandıqdan sonra döyüş əməliyyatları dayandırıldı, lakin münaqişə heç də "dondurulmamışdır". Son 19 ildə qoşunların təmas xəttində vaxtaşırı atışmalar nəticəsində hər iki tərəfdən yüzlərlə insan həyatını itirmişdir. Bu fikirlər "Turkish Weekly" analitik saytında dərc edilmiş məqalənin ana xəttini təşkil edir.

Atəşkəs barədə razılaşma əldə edilən gündən sülh sazişinə nail olmağa yönəlmiş danışıqlar səmərə verməmişdir. ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası və region ölkələri liderlərinin səyləri öz yerində, xalq diplomatları da görüşür, regiona səfərlər edir, tərəfləri barışdırmağa və ortaq dil tapmağa cəhd göstərirlər. Adətən, bu cür görüşlər ya Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, ya da Bakıda və Yerevanda keçirilirdi. Dağlıq Qarabağ separatistlərinin liderləri vaxtilə azərbaycanlıların məskunlaşdığı Şuşada "təmizliyə riayət olunmasını" nümayiş etdirməyə, habelə qeyri-adi gözəlliyi ilə seçilən bu şəhərdə Azərbaycan mədəniyyət abidələrinin bərpa edilməsi və qorunub saxlanması cəhdlərini nümayiş etdirmişlər. Lakin Azərbaycanın yerlə-yeksan edilmiş daha bir şəhəri var. Bu, ermənilərin Azərbaycan mədəniyyət abidələri ilə əslində, necə rəftar etdiklərini göstərir. Söhbət 1993-cü ilin yayında erməni silahlı qüvvələri tərəfindən yandırılıb külə döndərilmiş Ağdam şəhərindən gedir.

Ağdam rayonu Qarabağda iri inzibati bölgü vahidlərindən biridir. Coğrafi baxımdan Aran Qarabağda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) hüdudlarından kənarda yerləşir və 1094 kvadratkilometr ərazini əhatə edir. İşğaldan əvvəl Ağdam rayonunda 153 min nəfər yaşayırdı. Əhalisi sıx olan bu rayonun mərkəzi Ağdam şəhərinin bütün sakinləri azərbaycanlılar idi. 1988-ci il fevralın 22-də Dağlıq Qarabağ Muxtar Vilayəti parlamenti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qanunsuz sənədlər qəbul edəndə Ermənistan SSR-in və DQMV regional parlamentinin erməni deputatlarının hərəkətlərindən narazılığını bildirmək üçün etiraz edən bir qrup azərbaycanlı məhz bu şəhərdən Xankəndinə (keçmiş Stepanakertə) üz tutmuşdu, münaqişənin ilk qurbanları da bu şəhərin sakinləri oldu - Əli Hacıyev və Bəxtiyar Quliyev ad-soyadlı azərbaycanlı gənclər Əsgəran yaxınlığında münaqişə zamanı ermənilər tərəfindən qətlə yetirildi. Dağlıq Qarabağda mühasirədə olan şəhərlərin və kəndlərin azərbaycanlı əhalisinə yardım göstərmək üçün əməliyyatlar məntəqəsi Azərbaycan özünümüdafiə qüvvələri tərəfindən məhz bu şəhərdə yerləşdirilmişdi. 1992-ci il fevralın 25-26-da Xocalıda və onun ətrafında erməni silahlı qüvvələri tərəfindən törədilmiş qırğın zamanı salamat qalanlar məhz bu rayona tərəf qaçmışdı. O gecə cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı əhali qətlə yetirilmişdi.

Münaqişənin ilk mərhələlərində, hərbi əməliyyatlar geniş miqyas alana qədər ermənilər Ağdam sakinlərini terror yolu ilə sarsıtmağa çalışırdılar. Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert Çarlz van der Leu terroru elə bir silah adlandırır ki, ermənilər bu silahdan istifadə məsələsində hamıdan üstündür ("Azerbaydjan: Poiski samosoznaniə", St. Martin Press, 1998 q., str. 182). Erməni millətçilər bu strategiyanı həyata keçirmək üçün Ağdam ətrafında bir neçə terror aktı təşkil etmişdi. Məsələn, 1990-cı ilin avqust ayında erməni terrorçular Tbilisi-Ağdam marşrutu üzrə hərəkət edən avtobusu partlatmış, nəticədə 20 nəfər dinc sakin həlak olmuşdur. 1991-ci ilin sentyabr ayında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutları üzrə hərəkət edən avtobuslara hücum edilmiş, birinci hadisədə 5 nəfər, 2-ci hadisədə 8 nəfər sərnişin həlak olmuşdu. Nəhayət, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan helikopterin reysi faciəli şəkildə başa çatmışdı. Həmin gün ermənilər bu təyyarəni Şuşa səmasında vuraraq heyət üzvləri də daxil olmaqla 44 nəfəri qətlə yetirmişdi.

Ağdamın işğal edilməsi Ermənistan rəhbərliyi üçün strateji tapşırıq idi. Ağdamın Əsgəranda, Ağdərə və Xankəndidə ermənilərin mövqelərinə yaxın olmasını nəzərə alaraq Azərbaycanın bu iri mərkəzi şəhərinin işğalı və etnik təmizləməyə məruz qalması bütün müharibənin gedişini dəyişməli idi. Ağdamın işğalı əməliyyatı 1993-cü ildə ermənilərin hücumundan xeyli əvvəl hərtərəfli planlaşdırılmış, yoxsa Kəlbəcər işğal ediləndən sonra hücumu dəstəkləmək üçün başlanmışdı? Bu sualın cavabı indiyə qədər müəmmalıdır. Hər halda, Ağdamın işğalı əməliyyatı 1993-cü ildə başlanmış genişmiqyaslı hücumun tərkib hissəsi olub.

1992-ci ilin iyun ayında regionu erməni silahlı qüvvələrindən azad etmək üçün Azərbaycan ordusunun başladığı hücum əməliyyatı Dağlıq Qarabağın yarısını Azərbaycanın nəzarəti altına qaytardı. Cəmi bir neçə ay ərzində Azərbaycan qoşunları Şuşa və Xankəndi ətrafına gedib çatmışdı. Aşkardır ki, bu uğur Rusiyanın Cənubi Qafqazda maraqlarına təhlükə yaradır. Bununla əlaqədar 1992-ci ilin axırlarında Rusiyanın hərbi rəhbərliyi və Azərbaycan hökuməti arasında bir sıra görüşlər keçirildi. Həmin görüşlərdə Moskva Bakıya təzyiq göstərir, Rusiyanın sülhyaratma qüvvələrinin Azərbaycana yeridilməsini tələb edirdi. Azərbaycan hökuməti bu niyyətlərin nə ilə nəticələnə biləcəyini qabaqcadan görürdü: bu, Azərbaycanın müstəqilliyinin faktiki olaraq itirilməsinə gətirib çıxarardı. Ona görə də Azərbaycan hökuməti bundan imtina etdi. Məhz bu imtina keçmiş DQMV ətrafında azad edilmiş ərazilərin itirilməsinə səbəb oldu. Rusiya Federasiyasının müdafiə naziri Pavel Qraçov açıq demişdi: "Yaxşı, onda erməni silahlı qüvvələri Kəlbəcəri alacaqlar". Nazir eyhamla bildirirdi ki, qarşıda erməniləri hərbi uğurlar gözləyir. ("Çernıy sad", Tomas De Vaal, New York University Press, 2003, stp. 203).

1993-cü ilin fevral ayında təpədən dırnağa qədər silahlanmış erməni qüvvələri Azərbaycan mövqelərinə irimiqyaslı hücuma başladılar. Fevralın axırlarında onlar Kəlbəcər rayonunun strateji əhəmiyyətli Sırxavənd, Çaldıran, Dəvədaşı Yaycı kəndlərini yenidən işğal etdilər. Bu qəsəbələr DQMV-nin keçmiş Mardakert rayonunun əraziləri idi, lakin 1992-ci ildə Kəlbəcər Tərtər rayonlarının inzibati bölgüsündə dəyişiklik aparıldıqdan sonra onlar Kəlbəcər rayonuna aid edilmişdi. Ağdamdan qərbdə yerləşən bu kəndlər işğal edildikdən sonra ermənilər Sərsəng su anbarına nəzarəti ələ keçirdilər. Hücumdan sonrakı hadisələr ölkədə vəziyyətin kəskinləşməsinə, siyasi böhrana səbəb oldu. Əvvələn, 1992-ci ildə ərazilərin işğaldan azad edilməsi kampaniyasının bir hissəsinə rəhbərlik etmiş polkovnik Surət Hüseynov Ağdərə regionunu qeyri-adekvat müdafiə etməkdə ittiham olundu 1993-cü ilin fevral ayında öz vəzifəsindən çıxarıldı. İkincisi, aprelin əvvəlində Kəlbəcər rayonunun işğal edilməsi Azərbaycanla müharibədə Rusiyanın Ermənistana kömək etmək niyyətini təsdiqlədi. Azərbaycanın hiddətlənərək BMT- müraciət etməsi BMT Təhlükəsizlik Şurası tərəfindən 822 nömrəli qətnamənin qəbul edilməsi ilə nəticələndi. Bu sənəddə Ermənistan işğalçı qüvvələri danışıqsız olaraq Kəlbəcərdən çıxarmağa qaçqınları geri qaytarmağa çağırırdı. Lakin həmin sənədin qəbul edilməsi ciddi bir nəticə vermədi. ABŞ, Rusiya Türkiyənin birgə vasitəçilik missiyası atəşin dayandırılması, sülh danışıqlarının davam etdirilməsi, Ermənistanın enerji blokadası barədə 6 günlük plan təklif etmişdi. Mayın 24-də Azərbaycan xoş məram nümayiş etdirərək atəşin birtərəfli qaydada dayandırılmasını ATƏT-in 500 hərbi müşahidəçisini regiona qəbul etməyə hazır olduğunu bəyan etdi. Lakin artıq Ağdamı tutmağı qərara almış ermənilər iyun ayında vasitəçilərdən xahiş etdilər ki, həmin planın yerinə yetirilməsi bir neçə həftə təxirə salınsın.

1993-cü il iyunun 4-də Surət Hüseynov Əbülfəz Elçibəy hökumətini ölkədə vəziyyəti lazımınca idarə edə bilməməkdə təqsirləndirərək onun istefa verməsini tələb etmiş öz qoşunlarını Bakıya yönəltmişdi. Surət Hüseynov Rusiyanın hərbi elitası ilə sıx əlaqə saxlayır. Buna görə onun qətiyyətli hərəkətlərini çoxları Rusiyanın Azərbaycanda hakimiyyəti devirmək üçün müdaxiləsinin əlamətləri kimi qəbul etmişdi. Siyasi böhran cəbhədə hərc-mərclik erməni hərbçilərinin cəsarətini artırmışdı. İyunun 12-də erməni qoşunları Ağdam rayonunun bütün perimetri boyunca şiddətli hücuma başladılar. İyunun 12-də strateji əhəmiyyətli birinci yüksəklik - Ağdamdan 10 kilometr şərqdə yerləşən Fərrux dağı ermənilər tərəfindən tutuldu, onlar növbəti altı həftə ərzində şəhəri uzun müddət bombalamaq imkanı qazandılar. Elə həmin gün ermənilər Ağdamdan 7 kilometr Cənub-Şərqdə yerləşən iki iri Azərbaycan kəndini - Yusifcanlı Mərzili kəndlərini tutdular. "Human Rights Watch" hüquq müdafiə təşkilatının hesabatına əsasən, erməni qoşunları işğal etdikləri kəndlərdə qətlə yetirilmiş insanları da soyur, tam etnik təmizləmə aparır qaçqınların öz evlərinə qayıda bilməməsi üçün bu yaşayış məntəqələrini yandırırdılar. Ermənilərin ağız dolusu təriflədiyi komandirlərindən biri, beynəlxalq aləmdə tanınmış terrorçu Monte Melkonyan Mərzili kəndinin işğalı zamanı öldürülmüşdü. İyulun 5-dək Ağdam şəhəri faktiki olaraq hər tərəfdən əhatəyə alınmışdı iyulun 23-dək "Qrad" qurğularından atəşə tutulurdu. Həmin gün Ağdam tam işğal edildi. Şəhər talan edildi yandırılıb külə döndərildi. Ağdamda yanğınların tüstüsü 20 kilometr məsafədən görünürdü. "Human Rights Watch" qərbli diplomatlardan birinin dediklərinə istinad edərək öz hesabatında yazır ki, bütün şəhərin yandırılması qoşunların intizamsız olmasına deyil, erməni rəhbərliyi tərəfindən hərtərəfli götür-qoy edilmiş plan tərtib olunmasına dəlalət edir. BMT Təhlükəsizlik Şurası Ağdam rayonunun işğalından sonra ATƏT-in Minsk qrupunun keçmiş sədri Mario Rafaellinin hesabatı əsasında 853 nömrəli qətnamə qəbul etmiş, bu sənəddə Ağdamın işğalını pisləmiş, işğalçı qoşunları ərazidən çıxarmağa qaçqınları öz yaşayış yerlərinə qayıtmağa çağırmışdı. Gizli deyildir ki, Ermənistan bu tələbləri hələ yerinə yetirməmişdi (Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh, Human Rights Watch/Helsinki Organization hüquq müdafiə təşkilatının hesabatı, 1994-cü il, səh.16-48).

Ağdam işğal ediləndən sonra cəbhə xəttində hərc-mərclik yarandı. "Human Rights Watch" təşkilatının hesabatına görə, avqustun axırlarında Füzuli, Cəbrayıl Qubadlı rayonları tutulanda hərbçilər mülki əhali arasında belə təsəvvür yaranmışdı ki, Azərbaycan ermənilərə qarşı deyil, Gümrüdə yerləşən Rusiya qoşunlarına qarşı vuruşur. Rusiyanın pulsuz verdiyi ağır texnikanın köməyi ilə cəbhənin Azərbaycana aid hissəsinin yarılması açıq-aşkar onu göstərirdi ki, general-polkovnik Qraçov öz vədinə əməl etmişdi. Nəticədə Azərbaycanın bir neçə rayonu "domino prinsipi" üzrə ermənilər tərəfindən tutulmuş, əhalidə ruh düşkünlüyü yaranmışdı. Azərbaycanın hərbi dairələrində nizamsızlıq respublika ərazisinin beşdə bir hissəsinin işğalı ilə nəticələndi.

1993-cü ilin yayı həmin dövrdə Azərbaycan Prezidenti vəzifəsini icra edən ölkə parlamentinin sədri Heydər Əliyev üçün çox böyük bir sınaq dövrü oldu. Bir tərəfdən ölkənin şimalında irredentizm əlamətləri hiss olunur, digər tərəfdən ölkənin cənubunda polkovnik Əlikram Hümbətov suveren Azərbaycanın dezinteqrasiyasına yönəlmiş siyasi təhriklər törədirdi. Bütün bunlar Qarabağ cəbhəsində ermənilərin irimiqyaslı hücumları fonunda baş verirdi. Azərbaycan rəhbərliyi yalnız ölkənin şimalında cənubunda separatist hərəkatları yatırandan sonra xalqın iradəsini möhkəmlətməyə 1993-cü ilin dekabr ayında əks hücuma başlaya bildi. Azərbaycan ordusu cəbhə xəttinin şimalında cənub-şərqində sanballı uğurlar qazansa da, Ağdam rayonu işğaldan azad edilmədi.

ABŞ-ın Qaçqınlarla İş üzrə Komitəsinin 2000-ci il üçün hesabatına görə Ağdamın 153 min sakinindən 128584-ü ölkə daxilində məcburi köçkün vəziyyətinə düşmüşdü. Erməni silahlı qüvvələri Ağdam rayonunu işğal etməklə Azərbaycana 6,179 milyard dollar ziyan vurmuşlar. Erməni qoşunları tərəfindən Ağdam rayonunun bir neçə kəndinin işğalı ifrat qəddarlıq və Cenevrə konvensiyasının normalarının kobudcasına pozulması ilə müşayiət olunurdu. Ermənilərin hücumları dövründə Ağdam rayonunda 5897 azərbaycanlı həlak olmuşdu. Bu, Ermənistan-Azərbaycan müharibəsi dövründə ən böyük insan tələfatıdır. Bu gün Ağdam şəhəri sükut içindədir. Ermənilərin yerlə-yeksan etdiyi şəhərin yalnız xarabalıqları qalmışdı. Halbuki vaxtilə Ağdam Aran Qarabağın dinamik inkişaf edən regional mərkəzi idi. Həmişə bütün şəhərin fəxri sayılan Ağdam məscidi indi həyat əlaməti olmayan xarabalıqları və yandırılmış ağacları müşahidə edir. Şəhərdə həyatın bərpa edilməsi yalnız bütün Qarabağ azad ediləndən sonra mümkündür. O vaxta qədər Ağdam susacaqdır.

 

 

Yusif BABANLI,

AzərTAc

Vaşinqton

Azərbaycan.-2013.- 24 iyul.- S.5.