Ermənistan daha sürətlə boşalır

 

Serj Sarkisyanın etirafları bu ölkənin uçurumun astanasında olduğunu göstərir

 

 İşğalçı Ermənistanda sosial-iqtisadi durum getdikcə daha da ağırlaşır. Ölkədə mavi yanacağın qiymətinin artmasının ardınca digər sferalarda da ciddi bahalaşma yaşanır. Məsələn, artıq iyulun 20-də Yerevanda ictimai nəqliyyatda gediş qiyməti 50 faiz artırılaraq 100 dramdan 150 drama çatdırılıb. Bundan sonra Yerevan meriyasının inzibati binası qarşısında ictimai nəqliyyatda gediş haqqının artırılmasına etiraz olaraq "Xəbərdarlıq aksiyası" keçirilib. Aksiya iştirakçıları meriyanın girişinə 50 dramlıq qəpiklər atıb, sonra binaya girişi bağlamağa cəhd ediblər, lakin polis onları güc yolu ilə dağıdıb. Aksiya iştirakçıları bildiriblər ki, bu əsassız qiymət artımı ilə razılaşmayacaqlar və ölkə əhalisinin əksəriyyətinin gediş haqqını əvvəlki tarif üzrə ödəməsinə çalışacaqlar.

Yerevan polisi isə ictimai nəqliyyatda tariflərin artmasına qarşı kampaniyaya qatılıb vərəqələr paylayan gənc fəalları polis şöbəsinə aparıb. Fəallar isə  əhalini yol pulunu yeni tariflə ödəməməyə çağırırlar. Onlar sürücülərə də bu qərara tabe olmamağı və etiraz aksiyalarına qoşulmağı təklif edirlər. Yerevan Ağsaqqallar Şurasının üzvü, müxalif İrs Partiyasının üzvü David Sanasaryan isə qeyd edir: "Əslində ağırlıq əhalinin və sürücülərin boynuna düşür. Sürücülərin üzərinə qoyulan verginin artırılması hesabına şəhərdaxili avtobus marşrutlarının sahibləri olan məmurların gəlirləri daha da artacaq".

Meriyanın nəqliyyat idarəsinin rəhbəri Henrix Navasardyan bəyan edib ki, tariflərin artırılması ilə yanaşı nəqliyyat xidmətlərinin də təkmilləşdiriləcəyi nəzərdə tutulur. Lakin ekspertlər bunun sadəcə cəfəngiyat olduğunu bildirir. Daha yaxşı xidmətin nədən ibarət olacağına dair məmur konkret bir cavab verə bilməyib.

Qeyd edək ki, veteranlar hələ iki ay bundan əvvəl keçmiş döyüşçülərin ağır sosial problemlərinə diqqəti cəlb etmək məqsədilə etiraz aksiyaları keçiriblər. Onlar 3 min keçmiş döyüşçünün öz ailələri ilə son dərəcə ağır sosial vəziyyətdə olduqlarını bildiriblər. Baş nazir Tiqran Sarkisyan və müdafiə naziri Seyran Ohanyan veteranlarla görüşüb lazımi tədbirlər görüləcəyini vəd etdikdən sonra veteranlar meydanı tərk ediblər. İyulun 13-dən aclıq aksiyasına başlamış ehtiyatda olan polkovnik-leytenant Xaçik Avetisyan hökumət üzvləri ilə danışıqlarda ümidverici bir söz belə deyilmədiyini bildirib. O, jurnalistlər qarşısında bəyan edib ki, aclıq aksiyasına 10 gündən sonra son qoyacaq, lakin o şərtlə ki, həmin gün meydana 10 min adam toplaşsın: "Mən onlara etirazımın səbəblərini, öz tələblərimi və onları kimə ünvanlandığımı izah edəcəyəm. Bundan sonra tələblərimin yerinə yetirilməsi üçün daha 10 gün vaxt verərəm. Tələblərim yerinə yetirilməsə, daha 10 gün aclıq aksiyasını davam etdirəcəm və yalnız tələblərim yerinə yetirildiyi təqdirdə aksiyaya son qoyaram".

Veteranların etiraz hərəkatının koordinatoru, ehtiyatda olan polkovnik-leytenant Volodya Avetisyan baş nazirlə görüşündən bəhs edibqeyd edib ki, hökumət başçısı onlarla görüşdə heç bir təklif irəli sürməyib, bir qədər də vaxt istəyib: "Mən dedim ki, veteranlar son dərəcə ağır vəziyyətdədir, qaz, elektrik enerjisi, nəqliyyat bahalaşıb. Onlar 47 min drama necə yaşasın? Gördüm ki, bizim hökumət bizim haqqımızda düşünmür. Getdik, əyləşib bir-birimizin üzünə baxdıq. Bizdən ay yarım möhlət istədilər, vəssalam". Volodya Avetisyan etiraz aksiyasının davam etdiriləcəyini bildirib.

Bu fonda isə ölkədə korrupsiya probleminin daha da dərinləşdiyi üzə çıxıb. Bunu dünyanın nüfuzlu "Transparency International" jurnalının  korrupsiya ilə bağlı sorğusu da təsdiq edir. Ermənistanda aparılan sorğuda iştirak edən ermənilərin 43 faizi son iki ildə ölkədə korrupsiya hallarının artdığını bildirib, 38 faiz korrupsiyaya qarşı heç bir tədbir görülmədiyini deyib. Rəyi soruşulanların əksəriyyəti Ermənistanda polisin, prokuror və hakimlərin, səhiyyə işçilərinin daha çox korrupsiyaya qurşandıqlarını bildirib. Bütün bunlara etiraz edən ermənilər ən yaxşı çıxış yolunu ölkəni tərk etməkdə görürlər. Bunu Ermənistan prezidenti Serj Sarkisyan özüetiraf edir: "Ermənilərin daha yaxşı və şərait axtarışı ilə xaricə üz tutması cəmiyyətdə ağrı ilə qarşılanır. Bunun əsas səbəblərindən biri Ermənistandakı sosial-iqtisadi vəziyyətdir". Serj Sarkisyan xaricdə təhsil alan tələbələrin vətənə qayıdıb ölkənin inkişafına töhfə verməsinin əhəmiyyətindən danışarkən əhalinin ölkəni kütləvi şəkildə tərk etməsi və cəmiyyətin ağır sosial-iqtisadi vəziyyətdə olması faktını etiraf edib. Ermənistanın rəsmi dairələri ölkədən hər il 60 minə yaxın adamın, yəni ölkə əhalisinin təxminən 2 faizinin çıxıb getdiyini iddia edir. Lakin real köçün daha  çox olduğunu əksər ekspertlər qəbul edir.  Əslində erməni rəsmilərinin etiraf etdiyi 60 min rəqəmi yüksək olsa da, daha əvvəlki illərə aiddir. 2012-ci ilin sonlarından isə  Ermənistandan miqrasiya görünməmiş surətdə güclənib. Bunu Ermənistan parlamentinin deputatı Naira Zohrabyan da etiraf edir. Zohrabyanın dediyinə görə, ötən ilin sonuna yaxın insanlar avtobuslara dolaraq ailəliklə Ermənistanı birdəfəlik tərk etməyə başlayıblar: "Bu dəfə gedənlər heçRusiyada mövsümi pul qazanmağa gedənlər deyil - ailələr avtobuslara doluşaraq Ermənistanı tərk edirlər, özləri ilə paltar vannası, qazan, boşqab, çaydan aparırlar. Bu o deməkdir ki, onlar heç zaman geri qayıtmayacaqlar".

Bütün bunlar bir daha Ermənistanın məhvin astanasına çatan ölkə olduğunu üzə çıxarır.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2013.- 24 iyul.- S.6.