Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına bağlıdır

 

Bu fikri Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş

 binada mənzillərin paylanması mərasimində bildirib

 

 Söz və mətbuat azadlıqları hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar demokratik idarəetmənin qaydaya salınmasında, zorakılığa əl atmadan istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır. Söz azadlığı deyəndə, eyni zamanda insanın fikirlərini yazılı, şifahibaşqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyi başa düşülür.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatının inkişafında yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. "Jurnalist əməyi qeyri-adi əməkdirE" - deyən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.

1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli fərmanı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı" təsdiq olunmuşdur. Proqram jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.

Ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxmışdır. 2003-ci ilin martında ölkə jurnalistlərinin birinci qurultayında demokratik səsvermə yolu ilə Mətbuat Şurasının üzvləri və sədri seçilmişdir. Şura ötən illərdəki uğurlu fəaliyyəti ilə cəmiyyətdə qəbul olunan, sayılıb-seçilən, eyni zamanda, mətbuat-məmur, mətbuat-vətəndaş mübahisələrinin məhkəməyəqədərki həllində böyük nailliyyətlər qazanan nüfuzlu təşkilata çevrilmişdir.

Azərbaycan Milli Mətbuatının 125 illiyi ilə əlaqədar 2000-ci ilin iyulunda jurnalistlərlə görüşən ulu öndər Heydər Əliyev demişdir: "...Biz 1998-ci ildə senzuranı, hərbi senzuranı, bütün maneələri götürəndən sonra Azərbaycanda o qədər qəzet çıxır ki, çoxlarının adını bilmək mümkün deyil. Bilin ki, Azərbaycan Prezidenti kimi mən hesab edirəm ki, bu, müsbət haldır. Mən hesab edirəm ki, bizim mətbuatımız keçid dövrünü yaşayır. Yəni bir var o bağlıdır, mübarizə aparır ki, çıxsın. Azadlığa çıxandan sonra isə bağlılıqdan nə qədər əziyyət çəkibsə, çalışır ki, çoxlu mənfi şeylər, cürbəcür şayiələr versin. Müstəqil, yaxud müxalifət qəzetləri deyirsiniz, deyin, - onların arasında rəqabət gedir ki, hansı özünü daha çox göstərsin, daha çox sensasiya yaratsın. Mən buna da təəccüblənmirəm. Hesab edirəm ki, bu da bizim həyatımızın keçid dövrünün xarakterik cəhətlərindən biridir. Düşünürəm ki, qəzetlər tədricən daha da mükəmməlləşəcəkdir, sanballı olacaqdır. Zaman gələcəkdir ki, ola bilər, qəzetlərin sayı bu qədər olmayacaq, - çünki hər bir qəzet bu rəqabətə dözməyəcəkdir, - amma həmin qəzetlərin tənqidi də sivilizasiya səviyyəsindədir". Qeyd edək ki, ulu öndər 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.

4Ulu öndərin mətbuat sahəsindəki mütərəqqi siyasətini son 10 ildə uğurla davam etdirən Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Azərbaycan Prezidentinin söz və mətbuat azadlığına necə həssas yanaşdığını onun bu fikirləri bir daha təsdiqləyir: "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur".

Dövlət başçısı İlham Əliyev ilk gündən respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə lazımi şəraitin yaradılmasının tərəfdarı olduğunu bəyan etmişdir. Hələ 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini göstərmişdir. "Əkinçi" qəzetinin 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi ölkə rəhbərinin mətbuata qayğısını əyani nümayiş etdirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, "RUH" Jurnalistləri Müdafiə Komitəsi tərəfindən keçirilən rəy sorğusuna əsasən, Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ilin yekunlarına görə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.  "Jurnalistlərin dostu" mükafatı medianın inkişafında, onun demokratik təsisat kimi formalaşmasında müstəsna xidmətləri olan şəxslərə, ictimai-siyasi və dövlət xadimlərinə verilir. Nəticələrə əsasən, mediaya verdiyi dəyərə və bütövlükdə kütləvi informasiya vasitələrinə diqqətə görə Prezident İlham Əliyev 81 faiz səslə birinci yerə layiq görülmüşdür.

2010-cu ildə Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək qəzetə və kütləvi informasiya vasitəsinə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da bu sahəyə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. 2010-cu ilin dekabrında həmin binanın tikintisi üçün Bakıda torpaq sahəsi ayrıldı və iyulun 22-də 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək  jurnalistlərin istifadəsinə verildi.

İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində iştirakı zamanı bildirib: "Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir. Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir  kompleks yaranacaqdır. Çünki binanın yerləşməsi də çox gözəldir, buradan Dövlət Bayrağına gözəl mənzərə açılır, bütün bu sahələr abadlaşacaqburada yeni infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Bakı Art City, yəni incəsənət şəhərciyi yaradılacaqdır. Böyük Su İdmanı Sarayı tikilir. Yəni bu zonada bu binadan sonra tikinti-quruculuq işləri sürətlə gedəcək və əminəm ki, biz gələcəkdə belə mərasimlərdə sizinlə yenə görüşəcəyik.

Bildiyiniz kimi, bu evdə mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmiryol verilməməlidir. Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir".

Ölkə başçısı mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə növbəti sərəncam imzalayıb. Sərəncama əsasən, mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsaitin ayrılması qərara alınıb.

Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Peşə etikası ilə yanaşı, milli təəssübkeşik, taleyüklü problemlərə vətəndaş yanaşması  Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir. Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində iştirakı zamanı bu məqamlara da toxunub: "Əlbəttə ki, jurnalistlərin vətənpərvər olmaları da hesab edirəm ki, çox vacib məsələdir. Bütövlükdə Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir. Ancaq elə hallar var ki, şəxsi maraqlar, yaxud da partiya maraqları, korporativ maraqlar ön plana çıxır. Buna, əlbəttə ki, yol vermək olmaz. Xüsusilə gənc müstəqil dövlətlərdə vətənpərvərlik hissləri daha da güclü olmalıdır və daim mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirirəm.

Bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq, bir şüar, bir söz deyil, bu, zərurətdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə çox böyük rolu vardır".

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin nəticəsi olaraq mətbuatımız saflaşacaq, əsl jurnalistika prinsipləri ilə çalışacaq, cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyəcəkdir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 25 iyul.- S.3.