Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin bütün sahələrdə

 yüksək səviyyədə inkişafından məmnunluq ifadə edilmişdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə fransalı həmkarı Loran Fabius ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazirlər ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluqlarını ifadə etmişlər.

İqtisadi əlaqələrə toxunan Loran Fabius ölkəsinin bir sıra iri şirkətlərinin Azərbaycanda yalnız neft sahəsində deyil, eləcə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırmış və bu əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Fransalı nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına verdiyi töhfəni xüsusi qeyd etmişdir. O, Bakıda fransız liseyinin yaradılmasına göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir.

Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edilmişdir.

Elmar Məmmədyarov fransalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesi barədə məlumat vermişdir. Qeyd etmişdir ki, münaqişənin həlli bütövlükdə regionda sülhünsabitliyin bərqərar olması üçün zəruridir.

Enerji təhlükəsizliyi məsələlərinin də müzakirə olunduğu görüşdə Elmar Məmmədyarov həmkarına regionda cariperspektiv enerji layihələri barədə məlumat vermişdir.

Görüşdə həmçinin Cənubi Qafqaz regionunda və Avropada təhlükəsizlik, Azərbaycan-Avropa İttifaqı münasibətləri, beynəlxalq terrorizmə qarşı mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2013.- 25 iyul.- S.3.