Gürcüstan ilə sərhədboyu ərazilərdə rəqəmli televiziya

 FM radio kanallarının yayımına dair protokol imzalanmışdır

 

İyulun 24-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Dmitri Kumsişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda İKT sektorunda qazanılan uğurlar, əldə olunan nailiyyətlərdən bəhs etmiş, bu sahədə həyata keçirilən milliregional layihələr barədə məlumat vermişdir.

Gürcüstan ilə regional əməkdaşlıq məsələsinə də toxunan nazir ən böyük transmilli layihələrdən biri - BMT Baş Məclisinin qətnaməsi əsasında 2012-ci ildə növbəti dəfə siyasi dəstək alan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) üzrə ölkəmizin koordinator olduğunu xatırlatmışdır. Nazir həmçinin Qərbi Avropadan Şərqi Asiyayadək Avrasiya ölkələrini əhatə edəcək transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutan bu layihəyə Gürcüstanın da cəlb edilməsi məsələsindən söz açmışdır.

Qeyd olunmuşdur ki, TASİM üzrə təşkilati işlərin başa çatdırılmasında qonşu dövlətin layihədə iştirakı strateji əhəmiyyətə malikdir və hazırda Azərbaycanın müraciəti əsasında Gürcüstanda bu məsələyə baxılır. Azərbaycan ilə Gürcüstanın strateji tərəfdaş olduqlarını, ölkələrimiz arasında dostluq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Dmitri Kumsişvili də tərəflər arasında rabitə sektorunda əməkdaşlığın genişləndirilməsinə dair  aparılan görüşlərin məhsuldar olduğunu nəzərə  çatdırmışdır.

Azərbaycanın ilk telekommunikasiya peykinin üstünlüklərini də qeyd edən nazir müavini Gürcüstanın yerli kanallarının bu peyk üzərindən yayımının vacibliyini, bu məsələnin müzakirə ediləcəyini söyləmişdir. Sərhədyanı ərazilərdə rəqəmli yayım, genişzolaqlı LTE texnologiyalarının inkişafının ölkələrimiz üçün vacib olduğuna da diqqəti cəlb edən Dmitri Kumsişvili bu sahədə protokolun imzalanmasının hər iki tərəfdə operatorlara sözügedən texnologiyaları keyfiyyətlə və daha sürətlə inkişaf etdirməyə imkan verəcəyinə əminliyini ifadə etmişdir.

Sonda tərəflər arasında GSM, SDMA rabitə siqnalları, LTE texnologiyalarının tətbiqi perspektivləri, həmçinin rəqəmli televiziya və FM radio kanallarının sərhədboyu ərazilərdə yayımının razılaşdırılması ilə bağlı protokol imzalanmışdır.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze görüşdə iştirak etmişdir.

 

Azərbaycan.-2013.- 25 iyul.- S.3.