İtalyan rapsodiyası

 

 

Azərbaycan paytaxtında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunda 556 nümayəndə iştirak edirdi. Onların əksəriyyəti Azərbaycan, Türkiyə, qazax və qırğız diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləri idi. Foruma diaspor nümayəndələri ilə yanaşı Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, mədəniyyət və digər yaradıcı qurumlarının nümayəndələri də dəvət olunmuşdur.

Forumun açılışında çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı bildirdi ki, SSRİ dağıldıqdan sonra türkdilli cümhuriyyətlər arasında əməkdaşlıq güclənməyə başlayıb. Onun sözlərinə görə, türkdilli ölkələrin beynəlxalq səviyyədə tanıdılması, problemlərin həlli istiqamətində diaspor təşkilatları mühüm rol oynayır.

Toplantıda türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığın istiqamətləri, türk dünyasının problemlərinin həlli sahəsində birgə fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, bu il mayın 14-də Ankarada imzalanmış "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası"nın həyata keçirilməsi məsələləri müzakirə edildi.

İştirakçılarla forumun sonunda görüşdük. Müxtəlif vaxtlarda dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların Vətən təəssübünü, Vətən həsrətini birgə yaşamaqdan gözəl nə ola bilər ki?!

Mais Nuriyev xoreoqrafdır, İtaliyadakı "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri,  "Aida" və "Orizon" Rəqs Akademiyasının rəhbəri və Milan Konservatoriyasının professorudur.

On ildən artıqdır İtaliyada yaşayan həmyerlimiz xarici ölkələrdə quruluş verdiyi xoreoqrafik çalışmaları ilə tanınır. Onlardan ikisini xüsusi qeyd etməyə dəyər: məşhur bəstəkarımız Fikrət Əmirovun 90 illiyinə həsr olunan, onun "Qarabağ Azərbaycanın incisidir" musiqi əsəri əsasında yaradılan "Qarabağ" kompozisiyası və Xocalıya həsr olunan "Qarabağ - İtaliyaya yaxın və uzaq" əsəri.

 

 

 

Milanda Xocalı ağrısı

 

 

Son zamanlar dünyanın hər yerində ölkəmizlə bağlı silsilə tədbirlərin keçirilməsi dünya ictimaiyyətinin diqqətini qədim tarixi-mədəni irsə, yüksək inkişafa malik olan Azərbaycana yönəldib. Belə tədbirlərdə mədəniyyətimizlə yanaşı ağrı-acılarımızdan da söhbət açılır. İtaliyanın Cüzeppe Verdi adına Milan Konservatoriyasının böyük zalında Xocalıda törədilən soyqırımına həsr olunan gecə bu tədbirlər arasında xüsusi yer tutur. Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyev və Milan Konservatoriyasının dosenti maestro Davide Gualtierinin təşəbbüsü, səfirliyimizin dəstəyi ilə keçirilən musiqi və rəqs gecəsində Xocalı soyqırımına aid faktlar və reallıqlar öz əksini tapdı. Həmyerlimiz Mais Nuriyev bu dəfə Milan Konservatoriyasının rektoru, eləcə də beynəlxalq müsabiqə və layihələrdə yaradıcılıq əlaqələri ilə bağlı olduğu insanların qatıldığı belə bir tədbirin keçirilməsinə nail oldu. İkihissəli tamaşada Milan Konservatoriyasının musiqiçiləri və xoru iştirak edib. Qeyd edək ki, ifa etdikləri Xocalıya aid mahnıların sözlərini maestro Davide Gualtieri özü yazmışdır. Teatro alla Scalanın birinci balerinası və solisti olan Beatrice Karboni Giuzeppe Carboninin xoreoqrafiyası ilə Vladimir Delmanın əsərini ifa edib. "Orizon" rəqs qrupu və şair, bəstəkar maestro Davide Gualtieri tərəfindən birgə hazırlanan bu tamaşada Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ mənzərələri xoreoqrafik lövhələrlə təqdim edilib. Mais müəllim deyir ki, Xocalı faciəsinə həsr olunan bu tamaşadakı konservatoriyanın peşəkar musiqiçi və bəstəkarları ifalarını azad improvizə şəklində səsləndiriblər. "Orizon" rəqs qrupunun birinci rəqsi Xocalı faciəsini, ikinci rəqsi isə Qarabağın mədəni həyatını göz önündə canlandırıb. Burada qızların xalça toxumaları və solistin qavalla çalıb- oynamasına da yer ayrılıb: "Tamaşa çox təsiredici oldu. Qonaqlar arasında gözü yaşlı olanlar da vardı. İtalıyalıları Azərbaycan mədəniyyəti valeh etdi. Konservatoriya nəzdində peşəkar xorun rəhbəri şair Davide Gualtieri isə Xocalı faciəsinə həsr etdiyi şeiri şəxsən özü oxuyub. Onu da qeyd etməyə dəyər ki, Azərbaycan mədəniyyəti, incəsənəti ilə dərindən maraqlanan maestro Gualtieri  Məmməd Arazın üç şeirini -  "Vədəsiz çiçək", "Müharibə olmasa", "Necə unudum səni" şeirlərini italyan dilinə tərcümə edib". Azərbaycan tarixinin acı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə təşkil olunmuş gecəyə İtaliyanın bir neçə mədəniyyət təşkilatı, mədəniyyət xadimləri, tələbələr də dəvət olunub. Qonaqlara Xocalı soyqırımı ilə bağlı faktlar, erməni hərbi birləşmələrinin törətdiyi vəhşiliklər, amansızlıqlar haqqında geniş məlumat verilib. Tədbirdə Azərbaycan səfirliyinin heyəti, diaspor nümayəndələri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri də iştirak edib. Tədbirin sonunda qonaqlara Azərbaycan haqqında ətraflı məlumatı əks etdirən jurnal, disk, şəkillər təqdim olunub. Milan Konservatoriyasında yüksək səviyyədə təşkil olunan bu gecə Azərbaycanın dünya mədəniyyəti xəzinəsində hansı mövqeyə malik olması və xalqımızın milli dəyərlərə sevgi və təlaş ilə yanaşmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

 

 

 

Rəqslərlə zəngin bir dünyamız var

 

 

Dünyanın bir çox inkişafda olan ölkəsində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətlərindən çox-çox əvvəl rəqslər meydana gəlib. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehrli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçirirdilər. Beləliklə, dünyada olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Rəqs sənəti daim inkişaf edir, xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar yeni məzmun və ifadə vasitələri əldə edir.

Mais müəllim deyir ki, ancaq milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər çoxdur. Azərbaycanın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Cəlilova, Böyükağa Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsi xeyli inkişaf etdirə biliblər. Bu rəqslər vasitəsilə hər kəs öz daxilində  xalqına məxsus  mənəvi-əxlaqi dəyərləri axtarıb tapa bilir.

Azərbaycan rəqslərinin nota salınması və nəşri 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasından sonra mümkün oldu. Xalq musiqisinin, eləcə də rəqslərin toplanması və nota yazılmasına  da o vaxtdan başlanılıb. Məşhur müğənni, xalq musiqisinin dərin bilicisi Bülbül uzun müddət bu elmi-tədqiqat kabinetinə rəhbərlik edib. Onun  folklorun toplanıb çap olunmasında müstəsna xidmətləri vardır.

İlk toplunun çapı 1937-ci ilə aiddir. "Azərbaycan rəqs havaları" adlanan bu toplu Səid Rüstəmov tərəfindən hazırlanıb. Məcmuəyə 30 rəqs daxil edilib. Bunlar ən məşhur rəqslərdir. Bu gün də həmin rəqslər öz təravətini itirməyib. Bu məcmuə S.Rüstəmov tərəfindən 1950-ci ildə yenidən redaktə edilərək nəşr olunub.

1951-ci ildə Azərbaycan Dövlət Musiqi nəşriyyatı tərəfindən Tofiq Quliyev, Zakir Bağırov və Məmməd Saleh İsmayılovun not yazılarına əsasən "Azərbaycan xalq rəqsləri" toplusu buraxıldı. Toplunun redaktoru və ön sözün müəllifi Səid Rüstəmov idi. Bu məcmuəyə qədim xalq rəqsləri daxil edilmişdi.

1954-cü ildə Rauf Hacıyev zurnaçı Əli Kərimovun çalğısından "Sünbüli" və "Yarış" rəqslərini nota salıb və piano üçün işləyib. Bu rəqslər əsasən konsert pyesi kimi maraq doğurur.

Azərbaycan xalq rəqsləri "Qazağı", "Heyvagülü", "Lalə", "Qızılgül", "İnnabı", "Dərbəndi", "Aşqabadi", "Əsgərani", "Qars" və digərləri həm də coğrafi adları özündə yaşadır. Azərbaycan xalq oyun havası olan "Şalaxo" isə şən, qıvraq rəqs musiqisidir. Bu sözün mənası şalaxo - şələküm (daha dəqiq desək, şələkə yüküm) sözü uzun illər ərzində çox dəyişilərək təhrif olunub.

Rəqslərimiz ifa tərzinə görə üç qrupa bölünür: tək (solo), cüt (duet), kollektiv (qrup).

Bəzi rəqslərin adı hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Rəqslər mövzusuna görə 6, ritminə görə 3 yerə ayrılır. Bir faktı da qeyd etməyə dəyər: 2013-cü ildə buraxılmış poçt markasında "Tərəkəmə" rəqsi də əksini tapıb.

 

 Qaladan Ağdama, Ağdamdan Milana uzanan yollar

 

 Mais müəllim sənətdən danışmağı nə qədər xoşlayırsa, özü haqda danışmaqda o qədər həvəssizdir. Deyir, hələ nə etmişəm ki? Həyat elə bil müharibə meydanıdır və orada həmişə üç cür insanla rastlaşmaq mümkündür: biri tank üstündə şəkil çəkdirir, biri intervü verir. Yalnız biri döyuşür! Həm də xaricdə - ölkədən, mənə çox əziz olan vətəndən uzaqda yaşamaq qəhrəmanlıq deyil: "Mən çətinlikdən qorxub qaçan deyiləm. Buranın da öz çətinlikləri var. Ancaq bir azərbaycanlı kimi ailəmlə, uşaqlarımla əlimdən gələni edirəm ki, yurdumu layiqincə təmsil edim. Heç olmasa, yaşamağımızın bir mənası olsun, özün öz qabağında, vicdanın qarşısında əziyyət çəkməyəsən. Mən mədəniyyətlə məşğulam. Əlbəttə, mədəniyyət çox böyük bir anlayısdır. Bu sənəti Azərbaycan İncəsənət Universitetinin mədəni-maarif fakültəsində, daha sonra Moskvada oxuyarkən aldım. Əlbəttə, sənət öyrənmək üçün başqa ölkələrə getmək vacib deyil. Azərbaycanda çox böyük sənətkarlarımız yaşayıb-yaradıblar ki, onlardan bütün dünya dərs ala bilər. Sənətdə gərək istedadın  olsun. O adam xoşbəxtdir ki, öz sənəti ilə yaşayır və xalqına lazımdır. Dünyada ən vacib olanı  insanlıq, geniş ürək, vətənə sevgi, məhəbbət, öz kökünə, keçmişinə ehtiramdır. Köksüz insanın faciəsini Çingiz Aytmatov  "Gün var əsrə bərabər" romanında yaxşı təsvir eləyib".

Mais müəllim deyir ki, İtaliya nə qədər gözəl olsa da, Azərbaycanın yerini verməz! Nə qədər uzaq olsan, bir o qədər çox vətən həsrətini çəkirsən. Hər bir daşı belə sənə əzizdir: "Mənim atam Bakının Qala kəndindən idi. Qalalıların 99 faizi Şüvəlanda yaşayırdı.  Deyirlər, o vaxt su olmayib, hamı köçüb Şüvəlana. Ancaq köçməyib qalan da olub. Mənim böyük əmim də Şüvəlanda müəllimlik edib. Köhnə kişilər Cəbrayıl müəllimi yaxşı xatırlayırlar. Ana tərəfdən isə Fatmayıdanam. Hər adamın doğulduğu yer ona əzizdir.  Bakıya gələrkən elə hisslər keçirirəm ki, bunu sözlə izah edə bilmirəm! Bakı küləyi adamı vuranda anlayırsan ki, sənə qürbətdə çatmayan elə o imiş... Hər gəlişimdə mütləq kəndə gedib əzizlərimin qəbrini ziyarət edirəm. Uşaqlıq illərim gəlir gözümün qabağına. Atam, babam dülgər olub. Bakıda, deyilənə görə, onların düzəltdiyi böyük, naxışlı qapılar indi də qalıb. Atamın anası isə çox zəngin bir ailədən olub. Nənəm 110 yaşında vəfat edib -  1989-cu ildə. Onun nurlu sifəti indi də gözlərimin qabağındadır. Çox pak, təmizkar, diqqətcil bir insan idi. Babamın 30-cu illərdə rəhmətə getməyinə baxmayaraq, nənəm təkbaşına böyük bir ailəni saxlayıb, hamını iş-güc sahibi edib. O çətin zamanda heç kimə əl açmayıb. İndi elə adamlar var ki, bir az çətinliyə düşəndə qapılara düşməyi üstün tuturlar. Anamın valideynləri də dövlətli  olublar. Sovet hakimiyyəti gələndə onların var-dövləti əllərindən alınıb, torpaqları kolxoza verilib. Mən hələ gənc ikən kənddə köhnə adamları tapıb babalarımızın yaşadıgı yerlərə getmişəm. Arxivdən sənədlər tapmışam ki, 1700-cü illərdən xəbər verir. Elə çıxır ki, o vaxtın ən yaxın qohumlarının övladları indi bir-birini tanımırlar.

Qala kəndində bir yer almaq, orada ev tikmək fikrim var. Bu haqda kənd soveti kömək edəcəyinə söz verib. Mən ocağımın sönməyini istəməzdim. Özü də bu kənddə. Çünki hamı burada dəfn edilib. Bu kənddən böyük sənətkarlar çıxıb. Atamın dayısı ağayi Niyaz hələ sovetlərdən əvvəl İrana gedərək gözəl zərgər olub. O, deyilənə görə, İran şahına tac da düzəldib. Mən xaricdə olarkən ağayi Niyaz deyəndə hamı tanıyırdı. Çox zəngin bir insan olub. Şah devriləndən sonra dövlətini Bakıya gətirmək istərkən onu öldürüblər. Övladı yox idi. Ancaq iki kimsəsiz, kasıb uşağı böyüdüb, onları Amerikada,Yaponiyada oxudub və evləndirib. Tanınmış muğam ustası, tar müəllimi Kamil Əhmədov atamın dayısı oğlu olub. Həmişə əmimgildə məclislər olanda böyük sənətkarlarımız da iştirak edərdi. Onlardan Şövkət Ələkbərova, Əliağa Ağayev və başqaları yadımdan çıxmır. Atam teatrı çox sevərdi. O, "Azdrama"nın bir çox tamaşasını əzbərdən bilirdi".

 

 

 

Rəqsə - sənətə aparan yol

 

 

Mais Nuriyev sənətə gəldiyi günləri belə xatırlayır: "Mən teatrı İncəsənət Universitetində oxuyarkən sevdim. Axşam fakültəsində təhsil alırdım. Dostlarım aktyorlar, rejissorlar idi. Hər tamaşaya baxıb onu analiz edirdik. Beləcə xoreoqraflıq sənəti məni özünə cəlb etdi. Bütün sənət adamları ilə birlikdə çalışmışam: Rəşid Behbudov, Müslüm Maqomayev, Rübabə Muradova, Qara Qarayev... Filarmoniyada birinci direktorum Şəmsi Bədəlbəyli olub. Mən hər gün bu böyük sənət adamlarının yanında olmuşam və onların danışıqlarını dinləmişəm.

Xoreoqraf kimi sənətə gəlməyim, sənətlə yaşamağım məni uzaq İtaliyada da yaşadır. Mənə elə gəlir ki, insan ancaq öz işi ilə məşğul olanda və özünü tapanda xoşbəxt ola  bilər. Burada bir neçə akademiyada dərs deyirəm. Tələbələrimin sayı çoxdur. Dünya xalqlarının, eləcə də Azərbaycan rəqslərini tədris edirəm. Tələbələrim bu rəqsləri sevərək ifa edirlər. Fəaliyyətim təkcə bununla bitmir. Həm də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, mədəniyyətin təbliği və İtaliya-Azərbaycan dostluğunu möhkəmləndirmək vacib məsələlərdəndir. Xalqımıza düşmənçilik edənlərin yalanlarını üzə çıxarmaq üçün gərək fəal olasan. Axı ola bilməz ki, dünyada yalançı və çirkin insanlar, günah sahibləri qalib gəlsinlər... San Remo müsabiqəsində və bir sıra başqa müsabiqələrin münsiflər heyətində təmsil olunuram. Milan Konservatoriyasında xoreoqraf kimi çalışıram. Tez- tez yeni tamaşalarda tanınmış sənət ustaları ilə quruluşlar verirəm. Düşünürəm ki, imkanlarım nə qədər çox olsa, Azərbaycana o qədər xeyir verə bilərəm. Burada azərbaycanlı olmağımla fəxr edirəm. Dostlarımızın sayı getdikcə artır. Onların da Azərbaycan tədbirlərində köməyi çox olur".

 

 Həyat yoldaşı Nəzakət xanım, uşaqları və uzaqdan görünən Ağdam

 

 

Mais müəllimin iki oğlu var. Onlar da Azərbaycan Gənclər Birliyində fəal iştirak edirlər.

Böyük oğlu Mahir Milan Politexnik Universitetini yüksək balla bitirib və menecer kimi hansısa ölkəyə getməyə hazırlaşır. O, xeyli vaxtdır Avstriyada Nilufər adlı bir qızla tanış olub. Nilufər Hollandiyada yaşayır və orada fəaliyyət göstərən Azərbaycan Gənclər İttifaqının sədridir. Anası Elnaz xanım jurnalistdir.

Kiçik oğlu Kommersiya Universitetində oxuyur. Özünün şirkəti var. Həyat yoldaşı Milanda  musiqi məktəbinin direktorudur. Onun tələbələri Milan Konservatoriyasının tanınmış professorları tərəfindən yüksək qiymətləndirilir, müsabiqələrdə uğurlu yer tuturlar: "Yoldaşım Nəzakət ağdamlıdır, Saybalı kəndindəndir. Əsl qarabağlıdır. Onun atasının bibisi qızları qoca qadınlar idi. Biri rəhmətə getmişdi, o birisi qoca olsa da, ermənilər gələrkən qaçmayıb, deyib ki, ölsəm də, elə burada öləcəyəm. Sonra bizimkilər oranı alarkən həyətdə güllələndiyini görüblər. Saybalıda olan böyük imarəti və bağı o vaxt yoldaşıma vəsiyyət etmişdilər... O da öz millətini sevən, gözəl xasiyyətli, istedadlı bir insandır. Onun bəzi tələbələrinin valideynləri İtaliyada çox böyük vəzifələrdə işləyirlər. Məsələn, Milan hakimləri, Lombardiya regionu dövlət rəhbərləri, Avropa Psixoloqlar Şurasının prezidenti, tanınmış jurnalistlər və s. Azərbaycanla bağlı işlərimizdə bizə bu dostlar çox kömək edirlər. Onlar da artıq Azərbaycanın dostlarına çevriliblər. Onlar da Azərbaycana bizim gözümüzlə baxırlar. Uzaqdan vətənimiz, xalqımız daha yaxşı görünür".

 

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2013.- 25 iyul.- S.7.