Yeni Azərbaycan Partiyasının fəalları ilə növbəti görüşdə prezident

 seçkilərinə hazırlıqla bağlı geniş fikir mübadiləsi aparılmışdır

 

Bərdə rayon mədəniyyət evində Yeni Azərbaycan Partiyasının yerli fəalları ilə görüş olmuşdur.

AzərTAc xəbər verir ki, YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun və Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun iştirak etdikləri görüşdə ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərinə hazırlıqla bağlı geniş fikir mübadiləsi aparılmış, rayon təşkilatının və partiya fəallarının qarşısında duran vəzifələr müzakirə olunmuşdur.

Bərdə rayon təşkilatı YAP-n ən böyük yerli strukturlarından biridirbu gün öz sıralarında 10 min 185 partiya üzvünü birləşdirir. Bu haqda danışan rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirmişdir ki, partiya üzvlərinin 4007 nəfərini qadınlar, 2717 nəfərini isə gənclər təşkil edir.

Qarşıdakı prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə məlumat verən F.Şadlinskaya qeyd etmişdir ki, rayonda seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər bir şərait yaradılmaqdadır. Rayon ərazisindəki 2 seçki dairəsində 104 seçki məntəqəsi fəaliyyət göstərir. Bunu nəzərə alan rayon təşkilatı imza vərəqələrinin toplanması üçün 20 nəfər, təbliğat-təşviqat kampaniyası üçün 74 nəfər ayırmışdır. Kampaniyaya cəlb olunanların əksəriyyəti rayonun tanınmış ziyalılarıdır. Artıq təşkilatın seçki qərargahı da yaradılmış və seçkilərin gedişini izləyəcək müşahidəçilər müəyyən edilmişdir. Belə ki, hər məntəqə üzrə 5 nəfər olmaqla 520 müşahidəçi ayrılmış, habelə məntəqə seçki komissiyalarında məşvərətçi səs hüququna malik 104 partiya üzvü müəyyənləşmişdir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə iqtisadiyyat, siyasət, mədəniyyət və idman sahəsində əldə olunan uğurları diqqətə çatdıran təşkilatın sədri bildirmişdir ki, məhz bütün bunlara görə xalqımız ölkədə həyata keçirilən siyasi kursu dəstəkləyir və Yeni Azərbaycan Partiyasının liderini yenidən Prezident görmək istəyir.

YAP sədrinin müavini-icra katibi Əli Əhmədov görüşdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə ölkəmizdə qazanılmış böyük uğurlardan, genişmiqyaslı inkişafdan danışmışdır. Vurğulanmışdır ki, bu illər ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfə artmış, 1 milyon 200 min yeni yeri açılmış, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enmiş, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmişdir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında ən dinamik inkişaf edən ölkələrdən biridir. Respublikanın hər bir bölgəsində geniş tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir. Bu müddət ərzində bütün bölgələr kimi, Bərdə rayonu da gözəlləşmiş, müasirləşmişdir.

Ə.Əhmədov qeyd etmişdir ki, Prezident İlham Əliyevin ötən 10 ildəki fəaliyyətini yüksək qiymətləndirən xalqımız ölkədəki inkişaf prosesinin, sabitlik və əmin-amanlığın davamlı olmasını istəyir. Mütləq əksəriyyət belə hesab edir ki, bu misilsiz inkişafın, bu sabitliyin qarantı Prezident İlham Əliyevdir. Xalqın onu növbəti 5 ildə də dövlətimizin başçısı kimi görmək istəyi məhz bu inamdan qaynaqlanır.

Tədbirdə çıxış edən YAP rayon təşkilatının fəalları əvvəlki seçkilərdə olduğu kimi, qarşıdakı seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədini, Prezident İlham Əliyevi dəstəkləyəcəklərini bildirmiş və əmin etmişlər ki, seçkilərin mütəşəkkil keçməsinə nail olmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.

Sonda YAP sıralarına yeni daxil olmuş gənclərin bir qrupuna partiya biletləri təqdim edilmişdir.

 

Azərbaycan.-2013.- 26 iyul.- S.4.