Etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir

 

Prezident İlham Əliyev: "İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda yaşayan bütün xalqlar bir yerdə olmuşlar. Əminəm ki, bundan sonra da Azərbaycanda millətlərarası, dinlərarası münasibətlər bu sağlam zəmində inkişaf edəcək və bizim birliyimiz, gücümüz artacaqdır"

 

 Azərbaycan nadir coğrafi mövqeyə malik ölkələrdəndir. Bu diyar iki qitənin - Asiya ilə Avropanın qovşağında yerləşir. Deməli, bu, təkcə iqtisadi-siyasi münasibətlərin  kəsişdiyi məkan yox, həm də mədəniyyətlərin, dinlərin, dəyərlərin qovuşduğu yerdir. Azərbaycanın özü də çoxmillətli, çoxdinli, çoxməzhəbli ölkədir. Heç şübhəsiz, belə bir həssas məqam cəmiyyətin həyatında, onun yaşayış tərzində özünü göstərməlidir. Söhbət əhalisinin mütləq əksəriyyəti eyni dildə danışan, eyni dinə etiqad edən bir ölkədə etnik-dini azlıqlara münasibət, millətlərarası və dinlərarası əlaqələrin tənzimlənməsi kimi son dərəcə mühüm məsələdən gedir. Başqa sözlə, bu məsələnin düzgün tənzimlənməsi bütövlükdə cəmiyyətin gələcəyini müəyyənləşdirir.

Tarixi təcrübə, eləcə də müasir dövrün reallıqları təkrar-təkrar sübut edir ki, çoxmillətli, çoxdinli ölkələrin taleyini məhz titul xalqların sözügedən problemə münasibətdə tutduğu mövqe həll edir. Yəni, titul xalq dini-milli azlıqlara tolerant yanaşırsa, dilindən, dinindən asılı olmayaraq, cəmiyyətin bütün üzvlərinin hüquq bərabərliyini tanıyırsa, cəmiyyət gələcəyindən narahatlıq keçirmir. Əks təqdirdə, faciə qaçılmaz olur. Nəinki keçmişdə, elə indinin özündə də müxtəlif dilli və inanclı insanların mehriban, dinc birgə yaşadığı ölkələrlə yanaşı, dini-etnik qarşıdurmanın didib parçaladığı ölkələr az deyil.

Xoşbəxtlikdən, Azərbaycan cəmiyyəti heç vaxt belə bir problemlə üzləşməmişdir. Xalqımız əsrlər boyu birgə yaşadığı millidini azlıqlara dözümlü münasibət göstərmiş, sevincini, kədərini onlarla paylaşmış, nəticədə dinc birgəyaşayışın gözəl nümunəsini yaratmışdır. Tarix boyu bu torpaq dini, milli zəmində hansısa ayrı-seçkiliyin, yaxud qarşıdurmanın şahidi olmamışdır. Doğrudur, Azərbaycanın başqa ölkələrin tabeliyində olduğu dövrlərdə cəmiyyətin dini-milli tərkibinin yekcins olmamasından sui-istifadə edib daxili qarşıdurma yaratmağa çalışan xarici qüvvələr meydana çıxmışdı. Amma əsrlər boyu cəmiyyətdə formalaşmış qarşılıqlı hörmət və etimad ənənələri bu cəhdləri puç etmişdi.

Hazırda Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü müəyyənləşdirir. Dövlətin din siyasəti, milli siyasəti ən yüksək səviyyədə qurulmuşdur. Tarixən mövcud olmuş etnik-dini tolerantlıq cəmiyyətin həyat tərzinə, birgəyaşayış normasına çevrilmişdir.  Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin srağagün təşkil etdiyi iftar mərasimində çıxış edərkən bir daha bu məqamlara toxunmuş, dövlətin yeritdiyi din siyasətinə bundan sonra da sadiq qalacağını vurğulamışdır.

Dövlət başçısı diqqətə çatdırmışdır ki, Azərbaycanda dövlət-din münasibətləri, millətlərarası münasibətlər sağlam əsaslara söykənir: "Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları vardır. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulubdur. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə, dinimilli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir, müxtəlif bölgələrdən, diyarlardan gələn qonaqlar vurğulayırlar ki, Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdur. Bizim üçün isə bu, təbiidir. Çünki bu bizim həyat tərzimizdir, başqa cür ola da bilməz".

Müstəqil Azərbaycan dövlətinin yeritdiyi din siyasəti sözün həqiqi mənasında, başqa ölkələr üçün nümunə ola bilər. Doğrudur, Azərbaycan dünyəvi dövlətdir. Amma dünyəvilik, bəzilərinin zənn etdiyi kimi, dövlətin öz mömin vətəndaşları qarşısında məsuliyyətini azaltmır. Çünki din dövlətdən ayrı olsa da, vətəndaş dindən ayrı deyil. Vətəndaşın sahibi isə dövlətdir. Odur ki, Azərbaycan dövləti vətəndaşın dini ehtiyaclarını ödəmək üçün bütün tədbirləri görür. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid, barmaqla sayılacaq qədər kilsə və sinaqoq fəaliyyət göstərirdi. Milli müstəqilliyin bərpasından bəri isə ölkədə 2 minə yaxın məscid inşa olunmuşdur. Təkcə son 10 il ərzində təxminən 140 məscid tikilmiş, 80-ə yaxın məscid bərpa edilmişdir. Başqa dinlərə aid məbədlər də inşa olunmuş, yaxud təmir edilmişdir.

Digər tərəfdən, Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun təşəbbüskarı kimi çıxış edir. Ölkəmiz vaxtaşırı olaraq bu mövzuda beynəlxalq tədbirlərə ev sahibliyi edir, həm öz tolerantlıq nümunəsini nümayiş etdirir, həm də müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların bir araya gəlib açıq fikir mübadiləsi aparmasına şərait yaradır. Son bir neçə il ərzində Bakıda dünya dinlərinin liderlərinin sammiti keçirilmiş, eləcə də çoxsaylı humanitar tədbirlər təşkil edilmişdir.. Artıq sivilizasiyaların, mədəniyyətlərin dialoqu prosesi - "Bakı prosesi" işə düşmüşdür. Bu prosesin əsası beş il əvvəl paytaxtımızda qoyulmuşdur. 2008-ci ildə Avropa Şurası və  İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri "Mədəniyyətlərarası dialoq Avropaonun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda Bakıda keçirilən konfransda bir araya gəlmişdilər. Bu yaxınlarda isə Bakı artıq sayca ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etmişdir.

Bütün bunlarla yanaşı, Azərbaycan zaman-zaman dünyanın müxtəlif bölgələrində özünü göstərən ksenofobiya, islamofobiya təzahürlərini, həmçinin multikulturalizmin iflasa uğraması iddialarını qətiyyətlə rədd edir. Bu isə tamamilə təbiidir. Çünki belə mənfur ideyalar insanların dinc, sülh şəraitində yaşamasını birbaşa hədəfə alır. Odur ki, bəşəriyyətin gələcəyini düşünən cəmiyyətlər bu cür halların qarşısını almaq, müxtəlif mədəniyyətlərə mənsub insanlar arasında mehriban münasibətlərin bərqərar olması üçün məsuliyyətini dərk etməlidir. Konkret olaraq Azərbaycana gəlincə, ölkəmiz dinlərarası, mədəniyyətlərarası, qitələrarası körpü rolunu oynayaraq belə bir məsuliyyəti artıq daşıyr. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycanda reallaşan böyük layihələr, energetika, nəqliyyat, infrastruktur sahələrində reallaşan layihələr, humanitar sahədə reallaşan təşəbbüslər Azərbaycanı  bu bölgənin mərkəzinə çevirmişdir. Bu, böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Çünki bu məsələlərlə bağlı Azərbaycanın mövqeyindən, yanaşmasından və addımlarından  çox şey asılıdır. Biz bu məsuliyyətə hazırıq, bunu öz üzərimizə götürmüşük və əminəm ki, bu məsuliyyəti böyük şərəflə aparacağıq".

 

 

 

Allahverdi MEHDİYEV,

Azərbaycan.-2013.- 27 iyul.- S.6.