Karmela Korrado Karuzo: «Azərbaycanda sürətli inkişafın şahidi oldum»

 

"Azərbaycanda sürətli inkişafın şahidi oldum. Festivalın tamaşaçılarının musiqi duyumu və qonaqpərvərliyi çox yüksəkdir".

Bu sözləri V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, məşhur italiyalı vokalçı Karmela Korrado Karuzo AzərTAc-a müsahibəsində demişdir.

 Qəbələyə ilk dəfə gəldiyini deyən italiyalı ifaçı şəhərin gözəlliyindən, xüsusilə, gecələrinin möhtəşəmliyindən söz açmışdır.

Qonaq V Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etməkdən məmnunluğunu dilə gətirmişdir.  Paytaxtdan xeyli uzaq bir yerdə bu qədər insanın klassik musiqiyə yüksək səviyyədə maraq göstərməsinin onu valeh etdiyini söyləyən Karmela Korrado Karuzo Qəbələ torpağında dünya şöhrətli musiqiçilərin bir araya gəlmələrini mühüm hadisə kimi qiymətləndirərək demişdir: "İndi burada olduğum üçün çox şadam və növbəti illərdə də bu festivalda iştirak etməkdən məmnun olardım. Böyük sənətkarlarla birgə beynəlxalq musiqi festivalında təmsil olunmağımla fəxr edirəm. Auditoriyanın festival çərçivəsində keçirilən konsertlərə böyük marağı da məni heyran edir".

İtaliyalı ifaçı Azərbaycanın milli özəlliklərini özündə əks etdirən xüsusi hədiyyələri özü ilə vətəninə aparacağını söyləmişdir.

 

Azərbaycan.-2013.- 27 iyul.- S.8.