Polad Bülbüloğlu: «Qonaqlar Qəbələ ilə tanışlıq

zamanı ölkəmizin necə sürətlə inkişaf etdiyinin şahidi olurlar»

 

"Azərbaycanın dünyada nüfuzunun gündən-günə artması göz qabağındadır. Qədim tarixə və gözəl təbiətə malik Qəbələdə belə bir festivalın keçirilməsinin böyük əhəmiyyəti vardır. Konsertlərdə bir çox ölkələrdən gəlmiş, dünyada tanınmış kollektivlər iştirak edir. Belə qısa müddətdə ölkəmizdə gedən sürətli inkişaf məni çox sevindirir".

Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu AzərTAc-a müsahibəsində demişdir.

Polad Bülbüloğlu Azərbaycanda belə gözəl festivallar keçirilməsindən məmnunluğunu dilə gətirmiş, ölkəmizin bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi üçün hər cür şəraitin, o cümlədən lazımi infrastrukturun olduğunu xüsusilə qeyd etmişdir.

Azərbaycanın Rusiyadakı səfiri festivalın ərsəyə gəlməsində Azərbaycanın birinci xanmı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməyini yüksək qiymətləndirmişdir. Səfir Azərbaycanın birinci xanmı Mehriban Əliyevanın himayəsi ilə keçirilən bu festivalda çox görkəmli ifaçıların iştirak etdiklərini, bu mötəbər tədbirin əks-sədasının dünyada çox geniş yayıldığını əminliklə vurğulayaraq demişdir: "Bu gün Azərbaycanın regionlarında gündən-günə vüsət alan sürətli inkişaf Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirməsini bir daha göstərir. Mən çox sevinirəm ki, paytaxtla yanaşı, bölgələrimiz də inkişaf edir. Qəbələ son vaxtlar çox gözəl və müasir bir şəhərə çevrilmişdir. Qonaqlar Qəbələ ilə tanışlıq zamanı ölkəmizin necə sürətlə inkişaf etdiyinin şahidi olurlar. Təbii ki, bir azərbaycanlı kimi mən buna görə çox sevinirəm.

2013-cü il üçün MDB-nin Mədəniyyət paytaxtı elan olunan Qəbələdə bu illər ərzində bir neçə mədəni-humanitar tədbir keçirilmişdir. Gözəl hotellər, yollar, hava limanı və digər imkanlar festivalın yüksək səviyyədə təşkil olunmasına şərait yaradan amillərdir. Mən bir azərbaycanlı olaraq bu uğurlara çox sevinirəm".

 

Azərbaycan.-2013.- 28 iyul.- S.7.