Burçin Savigne: «Dünyada getdikcə məşhurlaşan Qəbələ festivalında

bir daha Azərbaycan musiqisinin ecazkarlığının, xalqınızın yüksək

 qonaqpərvərliyinin şahidi oldum»

 

"Dünyada getdikcə məşhurlaşan Qəbələ festivalında bir daha Azərbaycan musiqisinin ecazkarlığının, xalqınızın yüksək qonaqpərvərliyinin şahidi oldum".

Bu sözləri V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı,  İstanbul Milli Opera Teatrının solisti Burçin Savigne AzərTAc-a müsahibəsində demişdir.

V Qəbələ Beynəlxalq Musiqi Festivalının konsertlərinə dəvət aldığı üçün özünü son dərəcə xoşbəxt saydığını söyləyən B.Savigne belə mötəbər tədbirlərin keçirilməsini həm də qardaş Türkiyənin uğuru olduğunu qeyd etmişdir.

Türkiyəli ifaçı burada dağların, gözəl təbiətin insana ayrı bir həyəcan verdiyini, bu gözəl diyarın klassik musiqi səsləndirmək üçün ideal məkan olduğunu bildirərək demişdir: "Çıxışımı uğurla başa vurdum və ən böyük qazancım musiqisevərlərin alqışları oldu. Azərbaycan bəstəkarları, musiqi əsərləri barədə təəssüratım az idi. Buradakı çıxışım bir yenilik oldu. Şübhə etmirəm ki, bir müddət sonra dünya ictimaiyyəti Qəbələ Festivalının uğurlarından danışacaqdır".

Burçin Savigne bu beynəlxalq tədbirin əhəmiyyətini yüksək qiymətləndirmiş, füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada belə gözəl musiqi bayramının keçirilməsini yerlixarici qonaqlara unudulmaz anlar yaşatdığını xüsusilə vurğulamışdır.

Bir çox klassik operalarda baş rolları ifa edən Burçin Savigne beynəlxalq musiqi müsabiqələrinin laureatıdır.

 

Azərbaycan.-2013.- 28 iyul.- S.7.