Gənclik şəhərinin sənət naxışları

 

Azərbaycan Milli Teatrı-140

 

Azərbaycan Respublikası Nazirlər Sovetinin 1968-ci ildə verdiyi qərara əsasən, Sumqayıtda Dövlət Gənclər Teatrı yaradıldı. 1970-ci ildə kollektivə görkəmli rejissoraktyor Hüseyn Ərəblinskinin adı verildi və təmayülü də dəyişdirildi. Beləliklə, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 40 ildən çoxdur ki, öz tamaşaçılarına müxtəlif janrlı əsərlər təqdim etməkdədir.

O zaman Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinin son kursunda təhsil alan tələbələrin əksəriyyətinin təyinatı Sumqayıta verildi. Onların və bu şəhərin daha bacarıqlı dram həvəskarlarının gücü ilə təzə səhnə sənəti kollektivi formalaşdırıldı. İnstitutun aktyorrejissor sənəti müəllimi, Bakının, Gəncənin və Naxçıvanın dövlət teatrlarında maraqlı quruluşlar vermiş Nəsir Sadıqzadə teatra baş rejissor təyin edildi. 1968-ci il 1 avqustda Kimyaçıların Səməd Vurğun adına Mədəniyyət Sarayında gənc kollektiv ilk məşqinə başladı.

Teatrın rəsmi və təntənəli açılışı 1969-cu il 14 martda Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasının tamaşası ilə oldu. Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, rəssamı İsmayıl Axundov, bəstəkarı Emin Sabitoğlu, mahnıların mətnini şair Zeynal Cabbarzadə yazmışdı.

Tamaşada rolları Raid Əliyev və Hicran Hüseynov (sonralar Azərbaycan radiosunun diktoru olub), Seymur Məmmədov, Hacı Xəlilov, Hacı İsmayılov və başqaları oynayırdılar.

"Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası müəyyən mənada meydan teatrının estetikası və poetikası göstəriciləri əsasında hazırlanmışdı. Aktyorlar şən və məzəli məsxərə təqdim edirdilər. Bəzi epizordlarda ironiyanın təqdimi və ifadə forması milli karnaval estetikasına əsaslanırdı. Teatrın ikinci tamaşası isə Amerika dramaturqu Con Patrikin "Qəribə missis Səviç" tragikomediyası oldu. Əsəri dilimizə şair Novruz Gəncəli tərcümə etmiş və Nəsir Sadıqzadə tamaşaya hazırlamışdı.

İki tamaşadan sonra Sumqayıt Teatrı təxminən bir ay fasilə verdi. Sonra ilin sonunda yenidən tamaşalar hazırlamağa başladılar. Aktyor ansamblının möhkəmlənməsi üçün çalışılırdı ki, çağdaş səhnə estetikasının prinsiplərini təcəssüm etdirən, tamaşaçıların bədii zövqünə cavab verə bilən bir kollektiv formalaşsın.

Sumqayıt teatrı sənət yolunda kövrək addımlarını atmağa başlayandan burada bütöv bir rejissor nəsli fəaliyyət göstərib: Nəsir Sadıqzadə, Arif Ağayev, Ağakişi Kazımov, Vaqif Şərifov, Mərahim Fərzəlibəyov, Oruc Qurbanov, Vaqif Ağayev, Yusif Əkbərov, Ağalar İdrisoğlu, Firidun Məhərrəmov başqaları. Sumqayıt teatrının tarixində sıravi rejissorların hazırladıqları əlvan janrlı orijinal ifa üslubuna malik tamaşalar da olub. Məsələn, Cahid Hilaloğlu, Rövşən Almuradov, Ədalət Ziyadxanov bu teatrın səhnəsinə yeni quruluşlar gətirdilər.  Teatrda təcrübəli rejissorlar müxtəlif ali məktəblərin rejissorluq fakültəsinin diplomçuları da maraqlı əsərlər tamaşaya qoydular.

Sumqayıt Dövlət Dram Teatrı ilk gündən cəsarətli yaradıcılıq addımları ataraq respublika teatr ictimaiyyətində maraq doğurdu. Başqa teatrların aktyorları böyük məmnuniyyətlə bir müddət Sumqayıtda çalışdılar. Akademik Milli Dram Teatrının aktyorları xalq artistləri Məlik Dadaşov, Yaşar Nuri bu teatrın səhnəsində yaddaqalan obrazlar yaratdılar. Respublikanın xalq rəssamları İsmayıl Axundov, Nüsrət Fətullayev, tanınmış fırça ustaları Arif Əsgərov, Kamal Şıxəliyev, Tələt Şahtaxtinski bu teatrın səhnəsi üçün müxtəlif janrlı tamaşalara əlvan bədii tərtibatlar verdilər. Bəstəkarlardan Fikrət Əmirovun, Oqtay Kazımovun, Emin Sabitoğlunun, Zakir Bağırovun, Rəşid Nəsiboğlunun, Nəriman Məmmədovun, Şəfiqə Axundovanın, Sevda İbrahimovanın başqalarının müsiqiləri Sumqayıt teatrının tamaşalarını rövnəqləndirdi.

Teatr keçdiyi bu uzunillik yaradıcılıq yolunda klassiklərimizin çağdaş dramaturqlarımızın əsərləri ilə yanaşı, müxtəlif dövrlərdə ayrı-ayrı ölkələrdə yaşayıb-yaratmış əcnəbi müəlliflərin maraqlı dram, komediya faciələrinə öz repertuarında yer ayırdı.

Kollektiv respublikada keçirilən müxtəlif xarakterli festivallarda uğurlu çıxışlar edib. Hətta onun bir neçə tamaşası Azərbaycan Dövlət Televiziyası ilə nümayiş olunub. Teatrın istedadlı aktyorları bədii filmlərə çəkilirlər, televiziya tamaşalarında, müxtəlif şou-proqramlarında həvəslə çıxış edirlər.

Sumqayıt teatrının janr əlvanlığı təkcə axtarış cəhdləri kimi dəyərləndirilə bilməz. Bu meyil ciddi yaradıcılıq səylərinin cəsarətinin əlvan mövzu - problematikada özünün parlaq təcəssümünü tapıb. Bununla belə qeyd etməliyəm ki, teatrın adına yaradıcılıq funksiyasına "musiqili" sözünün artırılması uğurla nəticələnməyib. Çünki truppada peşəkar vokal ifaçılarının olmaması mürəkkəb partiyaların ifasını müşkülə salır. Bu kollektiv, ilk növbədə, Dövlət Dram Teatrıdır bu janr üslubda öz simasını yaradıcılığının ilk illərindən təsdiqləyib. Təsdiqlədiyi konseptual prrinsipləri getdikcə daha da cilalayır onu yüksək sənət meyarları əsasında formalaşdırır.

Hazırda ölkəmizin bir sıra sənət ocaqlarında vaxtilə Sumqayıt teatrında aktyorluq etmiş sənət adamları çalışırlar: Akademik Milli Dram Teatrında Kubrabəyim Əliyeva, Hacı İsmayılov, Ramiz Novruzov, İradə Ağasıbəyli, Əli Nur, Sabir Məmmədov, Kazım Abdullayev, Tofiq Hüseynov başqaları, Musiqili Komediya Teatrında Afaq Bəşirqızı, Tofiq Bayramov, Səmayə Sadıqova, Rüstəm Rüstəmov, Nadir Xasıyev, Stella Hacıyeva, Nahidə Orucova, Gənc Tamaşaçılar Teatrında Rafiq Hüseynov, Zərnişan Fətəliyeva, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Ağdam Dövlət Dram Teatrında Sevil Məhərrəmova, Cəmilə Məmmədova, Dövlət Gənclər Teatrında Rəzzaq Məmmədov, Elşən Şirəliyev, Bahar Abdullayeva, Bakı Bələdiyyə Teatrında teatrın yaradıcılarından biri, xalq artisti Vaqif Əliyev, Rafiq İbrahimov, Mövsüm Hüseynov, Hüsniyyə Mürvətova, Dilarə Fərzullayeva. Bir sözlə, respublikada fəaliyyət göstərən teatrların əksəriyyətində Sumqayıt Teatrından pərvazlanan aktyor aktrisalar çalışırlar. Vaxtilə bu teatrda işləyən sənətkarların bir qismi müxtəlif telekanallarda fəaliyyət göstərirlər.

Sumqayıt Teatrının repertuarının əsasını klassik müasir Azərbaycan dramaturqlarının əsərlərinin tamaşası təşkil edir. Mövzu rəngarəngliyi, forma müxtəlifiyi, janr yeniliyi, üslub təzəliyi üçün Sumqayıt Teatrı vaxtaşırı dünya dramaturqlarının əsərlərinə müraciət edir.

Bu teatrın kollektivi çağdaş Azərbaycan yazıçı dramaturqları ilə müntəzəm yaradıcılıq əlaqələri saxlayır. Doğrudur, onların içərisində uğursuz, sönük, bədii cəhətdən zəif tamaşalar da olub. Ancaq məsələnin dəyərli tələbi ondadır ki, müasir ictimai-sosial, mənəvi-əxlaqi problemlər axtarışında teatr əksər vaxtlarda yaradıcılıq ünsiyyətində olduğu müəlliflərlə müsbət nəticələr əldə edib. Bu baxımdan teatrın Rauf İsmayılov, Feyruz Məmmədov, Əli Səmədov, Rəhman Əlizadə, Camal Yusifzadə, Rafiq Səməndər, Aqşin Babayev, Sara Nəzirova, Ələkbər Salahzadə, Tamara Vəliyeva sumqayıtlı dramaturqlardan Akif Həsənoğlu, Əvəz Mahmud Lələdağ başqalarının əsərlərindən tamaşalar hazırlaması uğurla nəticələnib.

Sumqayıt Teatrında gözəl bir ənənə var. Mən bu ənənənin 40 illik şahidiyəm hər bir kəs teatrın yaradıcılıq salnaməsini vərəqləsə, bunu özü görəcək. Təməli gənclik qüvvəsi ilə qoyulduğuna görə bu teatrda gənc aktyor aktrisaların özlərini sınağa çəkmələri üçün həmişə geniş meydan imkan açılıb. Teatra gələn istedadlı, hətta orta səviyyəli gənclərə məsul rollar tapşırılıb.

Teatrın formalaşmasında xidmətləri olmuş Hacı Xəlilov, Kamil Məhərrəmov, Qurban Ələkbərov, Nazir Əliyev, Ramiz Qiyasov, Tahirə Həsənzadə, Oqtay Xəlilov, Gülsolmaz Qafarova, Siddiqə Məmmədova, Habil Nəsirov, Zahid Qurbanov, Məmməd Əkbərov Xanlar Muradov dünyalarını dəyişiblər.

Bu gün teatrda respublikada yaxşı tanınan xalq əməkdar artistlər digər aktyorlar həvəslə çalışırlar. Teatrın aparıcı aktyorlarından olan Valeh Kərimov əsas uğurlarını komediya janrında qazanıb. Bununla yanaşı, dramatik, psixoloji, hətta faciə əsərlərində rollar oynayıb. Onun ifa etdiyi əsas rolların adlarını çəkmək istəsək, uzun bir siyahı əmələ gələr. Əməkdar artistlərdən Svetlana Həkimova, Məzahir Süleymanov, Növrəstə Həşimova, aktyorlardan Vaqif Rəsulov, Ulduzə Nəsirova, Dağlar Rüstəmov, İlqar İbrahimov, Vidadi Məmmədov, Namis Şirməmmədov, Fəranə Musayeva, Akif Mirzəyev, Nizaməddin Bağırov, İradə Zeynalova, Yeganə Məmmədəliyeva başqaları böyük həvəslə fəaliyyət göstərirlər.

Teatrın son illər musiqili komediyalar hazırlaması repertuarda müəyyən əlvanlıq, yaradıcılıq üslubunun təzə istiqamətdə formalaşmasında nəzərəçarpacaq çətinliklər hətta qüsurlar yaradıb. Bununla belə, yeni teatr poetikasını cilalamağa yönəlmiş axtarışlar, çəkilən zəhmət kollektivin aparıcı aktyorlarının yaradıcılıqlarının təzə-təzə keyfiyyətlərini üzə çıxarıb. Aktyorlar janr müxtəlifliklərinin ifa "sədlərini" aşmaq üçün qüvvələrini düzgün səfərbər etmək vərdişlərinə yiyələniblər.

Sumqayıt Dövlət Musiqili Dram Teatrı 40 ildən çoxdur ki, kimyaçıların Səməd Vurğun adına Mədəniyyət Sarayının binasında fəaliyyət göstərir. Hazırda teatrın truppasında baş rejissor, iki quruluşçu rejissor, bir rejissor, iki rejissor assistenti, ədəbi hissə və truppa müdiri, 34 aktyor, baş rəssam, bir quruluşçubir icraçı rəssam çalışır. Sumqayıt Teatrı bu günə kimi 200-dən çox tamaşa hazırlayıb. Fəaliyyətə başladığı gündən Azərbaycan teatrının inkişafına, təşəkkülünə öz töhfələrini bağışlayan bu teatr gənclik şəhəri Sumqayıtın sənət aləminə öz naxışlarını həkk etdirməkdədir.

 

 

İlham RƏHİMLİ,

sənətşünaslıq doktoru, professor

Azərbaycan.-2013.- 28 iyul.- S.7.