Murad ADIGÖZƏLZADƏ: Qəbələ festivalı çərçivəsində

 keçirilən konsertlərin hər birinin özünəməxsus gözəlliyi vardır

 

Qəbələ festivalı çərçivəsində keçirilən konsertlərin hər birinin özünəməxsus gözəlliyi vardır. Çoxsaylı xarici ölkə musiqiçilərinin iştirak etdikləri festivalın beynəlxalq nüfuzu ildən-ilə artır.

Bu sözləri V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadə AzərTAc-a müsahibəsində demişdir.

Festivalın Heydər Əliyev Fondu tərəfindən çox yüksək səviyyədə təşkil olunduğunu deyən Murad Adıgözəlzadə avqustun 6-dək davam edəcək bu böyük incəsənət bayramında dünya şöhrətli musiqiçilərin çıxışlarının xoş anlar bəxş etdiyini bildirmişdir.

Murad Adıgözəlzadə builki festivalın proqramının çox zəngin olduğunu, konsertlərdə fərqli musiqi əsərlərinin səsləndirildiyini bildirmişdir.

O, festivalın ərsəyə gəlməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməyini yüksək qiymətləndirmişdir. Murad Adıgözəlzadə iştirakçılar və qonaqların arasında məşhur kollektivlərin, müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarların olmasını xüsusilə vurğulayaraq demişdir: "Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri, məşhur musiqiçilərlə yaxından tanış edir. Builki festivalda iştirak edən xarici ölkə musiqiçilərinin çoxluğunu nəzərə alaraq bu möhtəşəm incəsənət bayramının artıq gözəl bir ənənəyə çevrildiyini, xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi işinə xidmət etdiyini demək olar".

Tanınmış musiqiçi festivalın proqramına uyğun olaraq qarşıdakı günlərdə gənc xanəndələrin iştirakı ilə muğam axşamının, Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqələri qaliblərinin, Yerusəlim Simfonik Orkestrinin, "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin, dünya şöhrətli məşhur türkiyəli pianoçu İdil Biretin və digər tanınmış ifaçıların konsertlərinin təqdim ediləcəyini diqqətə çatdırmışdır.

 

Azərbaycan.-2013.- 30 iyul.- S.7.