Məzahir Pənahov: Azərbaycanda səsvermə hüququ olan

 heç bir vətəndaş səsvermədən kənarda qalmayacaqdır

 

Ölkə üzrə 125 dairənin seçki komissiyasının sədrləri üçün Mərkəzi Seçki Komissiyasında (MSK) seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir. Daha sonra kurslar regionlarda dairə seçki komissiyalarının üzvləri və ölkədə fəaliyyət göstərən 5000-dən artıq məntəqə seçki komissiyasının sədrləri üçündavam etdiriləcəkdir.

AzərTAc xəbər verir ki, bu sözləri MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə müsahibəsində demişdir. Bildirmişdir ki, kurslarda Seçki Məcəlləsində nəzərdə tutulmuş müddəalar geniş müzakirə olunacaqdır. Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edən seçki komissiyalarının sədrlərinə sonda sertifikatlar təqdim olunacaqdır.

Məzahir Pənahov qeyd etmişdir ki, MSK-nın avqustun 2-də keçiriləcək iclasında rəsmi seçki günü elan olunacaqdır. Ümumiyyətlə, MSK tərəfindən seçkilərə hazırlıq prosesinə isə yanvar ayından başlanılmışdır.

Seçkilərdə tətbiq olunacaq yeniliklərdən danışan Məzahir Pənahov vurğulamışdır ki, artıq 1000-dək seçki məntəqəsində əlil arabalarının hərəkəti üçün lazım olan pandusların quraşdırılması işi başa çatmaq üzrədir.

 MSK sədri diqqətə çatdırmışdır ki, bundan əvvəlki seçkilərdə olduğu kimi, bu il də gözdən əlil seçicilər üçün səsvermə şəraiti təmin olunacaqdır. Bununla da Azərbaycanda səsvermə hüququ olan heç bir vətəndaş səsvermədən kənarda qalmayacaqdır.

 

Azərbaycan.-2013.- 30 iyul.- S.2.