Bərdə həm gözəldir, həm də əzəldir

 

Tarixi  əsrlərlə ölçülən yaşayış məntəqələrindən biri  Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşən, Qarabağın ən qədim şəhərlərindən  hesab edilən Bərdədir. Bərdə həm də Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindən sayılır. Bu barədə əldə edilən tarixi faktları arxeoloji  tədqiqatlar,  həmçinin Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar da sübut edir. Bərdənin ərəb tarixçisi Belazüri (IX əsr) Sasani hökmdarı I Qubadın (483-531), iranlı Həmdullah Qəzvini (XIV əsr)  isə Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığını bildiriblər. Bərdənin  eyni zamanda Alban hökmdarı II Vaçenin dövründə Firuzin (459-484) göstərişi ilə salındığı da söylənilir. Həmin dövrdə deyilənə görə, Bərdənin adı Firuzabad olub.

Daha bir mənbə isə "Kitabi-Dədə Qorqud"  dastanıdır ki, orada da Bərdənin o dövrlər böyük şəhər olmasından söz açılır. Əlbəttə, məqsədimiz qədim Bərdənin tarixini vərəqləmək olmasa da, onun bəşər  sivilizasiyasının mədəniyyət mərkəzlərindən biri kimi, rüzigarın "səmum yeli"ndən qorunaraq bu günümüzədək gəlib çıxan maddi-mədəniyyət abidələri ilə bağlı bəzi məlumatlara bir daha nəzər yetirməkdir. Öncədən deyək ki, Qarabağ ərazisində dini və mədəniyyət abidələri kifayət qədər olub. Uzun illər Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, onlar  bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə də digərlərindən tamamilə fərqlənirlər.

Ərazidə aparılmış arxeoloji qazıntılar göstərmişdir ki, Qarabağda yaşamış qədim insanlar tarix boyu yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar ki, onlardan birimilli memarlıq nümunələridir.

Tarix hər bir dövrdə yaradılmış maddi-mədəniyyət abidələrində daha uzunömürlülük qazanır. Ona görə də Bərdənin maddi-mədəniyyət nümunələrindən söz açmaq üçün onun tarixi keçmişinə diqqət yetirmək olduqca vacibdir. Tarixi mənbələrdən məlum olduğu kimi, Sasanilər dövründə Bərdə canişinliyin mərkəzi olub. I Qubadın dövründə Bərdənin ətrafına qala divarları çəkilib. 552-ci ildə Alban kilsəsinin  mərkəzi də X əsrdə Albaniyanın paytaxtı olan  Bərdəyə köçürülüb. Bərdənin 628-ci ildə Xəzərlər, 639-cu ildə isə İran feodalları tərəfindən işğal olunması artıq tarixdən məlumdur. Alban hökmdarı Cavanşirin işğalçıları Bərdədən qovması da onun tarixinə şərəflə yazılıb. Xəlifə Osmanın dövründə (644-656) ərəb qoşunları Bərdəni də tutub. VI-VII əsrlərdə Bərdədə 100 min nəfər insanın yaşaması barədə məlumatlar var ki, bu da ən azı heyrətamizdir. XIII əsrdə Bərdədə pul kəsilirmiş. Bərdə 752-ci ildə Arran vilayətinin mərkəzi olub. VIII-IX əsrlərdə bu qədim şəhər mühüm ticarət və mədəniyyət mərkəzinə çevrilir. Məşhur "Əl-Kürkiy" bazarı Bərdə darvazasının yaxınlığında yerləşirmiş. IX əsrin 90-cı illərinə qədər Bərdə Sasanilər dövlətinin tərkibində olub. O həmçinin Xürrəmilər hərəkatının əsas güc mənbələrindən biri  sayılıb. Bəzi mənbələrdə "Aranın baş şəhəri", "Aranın anası" adlanan, Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınan Bərdəyə 944-cü ildə ruslar yürüş ediblər. İşğalçıların tələbinə görə, şəhəri tərk etməyən bərdəlilərə divan tutulub. Məhz həmin hücumlarda 20 min nəfər bərdəli qılıncdan keçirilib. Rus qoşunlarının şəhərdən çıxmasına səbəb orada taun xəstəliyinin yayılması olub. Məhz həmin təcavüz nəticəsində Bərdənin bütün təsərrüfat həyatına son qoyulub. Bu zaman oradakı maddi-mədəniyyət və dini abidələrin salamat qalması qeyri-mümkün idi. Bərdənin başı daim qeylü-qallarda olub. Cənubi Qafqazda  bir-birinin hakimiyyətinə son qoyan hökmdarların qəzəbinə tuş gələnlərdən birihüsnünün gözəlliyi ilə xan-xaqanları heyrətə gətirən Bərdə idi. Şəddadilər sülaləsindən olan Fəzlin (985-1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil edib. Bu qədim şəhər XI əsrdə səlcuqların, XII yüzillikdə Eldəgizlərin hakimiyyətinə tabe etdirilib. Monqolların hücumu zamanı Bərdə yenidən dağılsa da, Elxanilər dövründə bərpa olunub. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalıb.

Bütün bu tarixi hadisələr Bərdənin maddi-mədəniyyət nümunələrinə öz izini qoyub. Qəfil "qasırğalar"ın, dəyişən ictimai-iqtisadi formasiyaların özü ilə gətirdiyi "yeniliklər", təbii ki, Bərdənin  də tarixinə yazılıb. Zaman-zaman yadellilərin təcavüzünə məruz qalan Bərdənin  taleyinə yazılanlar göstərir ki,  Qarabağın aran və dağlıq hissəsinə ermənilərin köçürülməsi siyasətindən bu yerlərə də "pay düşüb". Rusiyanın Qarabağ xanlığını 1804-cü ildə işğalından sonra Bərdəyə də ermənilərin köçürülməsinə başlanıb. Yalnız 1828-ci ildə Bərdə ərazisinə mindən artıq erməni ailəsi  yerləşdirilib.

Yuxarıda qeyd etdiyimiz kimi, Bərdənin maddi-mədəniyyət nümunələri barmaqla sayılsa da, onların yaşı əsrlərlə ölçülür. Burada, yəni  minilliyin yaşıdı sayılan şəhərin özündəki türbənin 1322-ci ildə tikildiyi bildirilir. Milli memarlığın elementlərini özündə əks etdirən belə nümunələr burada  az deyil. Əlbəttə, bu sıraya VI əsrin yadigarı "Torpaqqala", doqquzuncu yüzillikdən qalan körpü,  Axsadan baba  və Bəhmən Mirzə,  Səkkizguşəli və Qurdlar türbələri,  Lənbəran, İbrahim, Uğurbəyli  və Cümə məscidləri, Balabəyin evi, Şirvanlı hamamı kimi əsrlərin və nəsillərin yadigarlarını da daxil etmək olar.

Hələ XII əsrdə ulu söz ustadı dahi Nizami Gəncəvi bu şəhəri belə tərənnüm edirdi:

 

Bərdə necə gözəl,

necə qəşəngdir,

Yazı da, qışı da

güldür, çiçəkdir...

 

Son iki əsrdə baş verən hadisələr  bir daha göstərdi ki, Azərbaycan əraziləri  təbii sərvətləri ilə yanaşı, maddi-mədəniyyət abidələri ilə zənginliyinə görə də  seçilir. Təəssüf ki, bu yerlərin dini abidələri də təcavüzkar yadellilərin zaman-zaman işğalçılıq siyasətinin qurbanlarına çevrilib. Qafqaz Albaniyasının yadigarları  olan maddi-mədəniyyət və dini abidələrin  son yüzilliyə gəlib çıxmasında bu, özünü daha kəskin şəkildə göstərib.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2013.- 31 iyul.- S.6.