Azərbaycanın sənaye potensialının ərazilər üzrə səmərəli

 təşkili regionların sosial-iqtisadi inkişafının ən mühüm şərtlərindəndir

 

Ulu öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının hərtərəfli təşəkkülünün, o cümlədən regionlarda məhsuldar qüvvələrin yüksəlişinin əzmkar banisi olmaqla hələ sovet dövründə bu istiqamətdə inkişafın əsas məqsəd və məramlarını gerçəkləşdirmişdir. Müstəqillik dövründə isə ölkənin mükəmməl iqtisadi inkişafının xeyli sürətli, əhatəli və daha miqyaslı həyata keçirilməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Cənab İlham Əliyev ilk dəfə Prezident seçiləndən az sonra (fevral 2004-cü il) ölkənin önəmli iqtisadi inkişaf istiqamətlərindən biri olan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını təsdiq etdi. Proqramda nəzərdə tutulan tədbirlərin vaxtında reallaşması, habelə görülən işlərin davam etdirilməsi üçün 2009-cu ilin aprelində ikinci regional inkişaf proqramı qəbul olundu. Mübaliğəsiz deyə bilərik ki, bu dövlət proqramları "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan iqtisadiyyatının ən vacib inkişaf konsepsiyalarından biridir.

Mahiyyətcə hər iki proqramın qəbul edilməsinin başlıca məqsədi istehsalın müxtəlif sahələrinin inkişafı üçün regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə əlverişli biznes mühitini təmin edən müxtəlif infrastruktur sistemlərinin müasir tələblər səviyyəsində qurulmasından və genişləndirilməsindən ibarət idi. Nəticədə bu gün bütün Azərbaycan ərazisinin elektrikləşməsinə nail olunmuşdur. Bir çox regionlarda (Astara, Xaçmaz, Şəki, Quba, Şirvan, Naxçıvan) tikilən mobil elektrik stansiyaları yerli tələbatın ödənilməsində əhəmiyyətli rol oynayırlar. Dağ çayları və kanallar üzərində inşa edilən elektrik stansiyalarından alınan alternativ enerji mənbələrindən istifadə də getdikcə artır. Ölkənin qazlaşdırılması isə artıq 90 faiz təşkil edir. Hazırda beynəlxalq əhəmiyyətli magistral şose şəbəkələri ilə yanaşı, kəndlərarası yollar da yeniləşir və genişləndirilir. Regionlarda beynəlxalq tələblərə cavab verən hava limanları (Gəncə, Lənkəran, Naxçıvan, Zaqatala, Qəbələ) istismara verilmişdir. Əhalinin bölgələrdə məskunlaşmasını daha da möhkəmləndirmək məqsədilə yerlərdə müxtəlif istehsal sahələri ilə yanaşı, təhsil, səhiyyə ocaqları, Olimpiya kompleksləri, mədəniyyət və əyləncə mərkəzləri yaradılır və s. Regionlarda qeyri-neft sektorunun ən vacib sahələrinin də inkişafı xeyli sürətlənmişdir ki, bu da  əhalinin məşğulluq problemini həll edir. Belə ki, 2011-ci ildə 2004-cü ilə nisbətən respublikada əhalinin 20 faiz artmasına baxmayaraq, Bakı şəhərinə əhali axınının azalması nəticəsində paytaxt sakinlərinin ümumi ölkə miqdarında payı 25 faizdən 22,9 faizə enmişdir. Bu isə o deməkdir ki, Bakı şəhəri də daxil olmaqla, Abşeron iqtisadi rayonunda əhali artıq əsasən öz təbii artımı hesabına çoxalır. Son 2 il (2010-2011-ci illər) üzrə apardığımız hesablamalar göstərir ki, paytaxtda əhalinin ümumi artımının 73 faizi bu hesaba baş vermişdir. Həm də nəzərəçarpan meyil yüksək xətlə davam edir.

Bu demoqrafik rəqəmlər ölkə iqtisadiyyatına da təsirsiz ötüşməmişdir. Apardığımız hesablamalara görə, 2011-ci ildə regionlar ölkədə əsas sahələr üzrə istehsal olunan məhsulun 26 faizə qədərini, o cümlədən sənaye məhsulunun 6 faizdən çoxunu vermişlər. Bir sıra sahələrin inkişaf səviyyəsinə, xüsusən də elektrik enerjisi istehsalına görə regionların ölkəyə töhfəsi daha böyükdür. Hazırda respublika üzrə hasil edilən elektrik enerjisinin 78 faizi bölgələrin payına düşür. Deməli, regionlar Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici əhəmiyyətə malikdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsində isə regionların dəstəyi xüsusilə güclüdür. Respublikada 2011-ci ildə hasil edilən kənd təsərrüfatı məhsullarının 98 faizi regionların hesabına olmuşdur. Bunlardan əlavə, geniş tikinti meydanına çevrilən regionlar ölkə üzrə əsas kapitala yönəldilən vəsait 32 faiz təşkil etmişdir. Ümumi pərakəndə əmtəə dövriyyəsində isə onların payı 46 faizə bərabərdir. Ən önəmlisi isə odur ki, regionların sosial-iqtisadi inkişafında çox ciddi müsbət dönüş yaradan sənaye istehsalının həcmi yerlərdə sürətlə artır. Rəsmi statistikaya görə, 2011-ci ildə respublikada fəaliyyətdə olan 2508 sənaye müəssisəsinin 1080-ı və ya 43 faizi regionlardadır. Hazırda yalnız regionlarda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı sovet hakimiyyəti dövründə bütün Azərbaycanda yaradılan sənaye obyektlərindən 2 dəfə çoxdur. Yeri gəlmişkən qeyd edək ki, rayonlarda istehsal və sosialtəyinatlı infrastrukturun beynəlxalq tələblərə uyğun yenilənməsi və genişləndirilməsi, habelə ölkədə böyük tikinti işlərini aparmağa qadir olan şirkətlərin, səhmdar cəmiyyətlərin və imkanlı milli sahibkarlar təbəqəsinin mövcüdluğu iqtisadiyyatın çoxşaxəli inkişafı üçün əlverişli şərait yaratmışdır. Gəncədə Alüminium, Gədəbəydə Qızılçıxarma və Emalı, Qəbələdə PianinoLift, Naxçıvan və Ağstafada Sement, Naxçıvanda Avtomobil zavodları, yeni elektrik stansiyaların, su qovşaqlarının və kanallarının inşası və s. məhz bunun nəticəsidir.

Bununla belə, bəzi investorlar regional inkişaf proqramlarının quruculuq ruhuna uyğun olan bir sıra mühüm sahələrin inkişafına hələlik kifayət qədər diqqət yetirmirlər. Məlumdur ki, ölkənin, o cümlədən regionların sosial-iqtisadi inkişafında böyük dönüş yaradan iri sənaye müəssisələrinin yaradılmasının və onların səmərəli fəaliyyəti üçün  düzgün yerləşdirilməsinin həlledici əhəmiyyəti var. Belə müəssisələrin ərazi sahələri üzrə inkişafına hazırda çox diqqət verilsə də, bəzi regionlarda bu amil kifayət qədər nəzərə alınmır. Xüsusən bir sıra müəssisələrin istehsal həcmi hələ nisbətən azdır. Məsələn, 2011-ci ilin məlumatları əsasında apardığımız hesablamalar göstərir ki, Bakı şəhərində fəaliyyətdə olan müəssisələrin orta illik məhsul istehsalının həcmi Şəki-Zaqatala, Gəncə-Qazax və Quba-Xaçmaz regionlarında olan bütün müəssisələrə nisbətən 22-26, Lənkəran və Aran regionları müəssisələrinə nisbətən 11-15, Naxçıvandakı müəssisələrə nisbətən 5, Yuxarı Qarabağ və Dağlıq Şirvan müəssisələri ilə müqayisədə on dəfələrlə çoxdur. Bu qədər kəskin olmasa da, eyni vəziyyət müəssisələrdə çalışan işçilərin orta illik sayında da özünü büruzə verir. Təcrübə göstərir ki, dinamikliyi və mütəşəkkilliyi ilə seçilən iri sənaye müəssisələri yerləşdikləri ərazilərdə adətən əlaqəli çoxsaylı başqa istehsal sahələrinin yaranmasını təmin edirlər ki, bu da müvafiq ərazilərdə iqtisadiyyatın ümumi yüksək inkişaf səviyyəsinə səbəb olur. Bundan əlavə, regionlarda iri sənaye müəssisələrinin olması ölkə ərazisi daxilində məhsuldar qüvvələrin daha məqsədəuyğun və səmərəli inkişafını təmin edir.

İri müəssisələrin iqtisadiyyatın inkişafında əhəmiyyəti barədə ölkə başçısının fikrini xatırladırıq: "Əlbəttə, bizə irihəcmli, böyük potensiala malik olan sənaye müəssisələri çox lazımdır. Çünki bu, bizim qeyri-neft istehsalımızı artıracaq, böyük yerlərinin yaranmasına gətirib çıxaracaqdır. Bu barədə mən artıq bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaranır... Orada böyük müəssisələrin fəaliyyəti nəticəsində kiçikorta şirkətlərin fəaliyyəti də çox uğurlu ola bilər". Ölkə başçısının imzaladığı "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"də isə deyilir: "Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir". Müvafiq regionların ümumi sosial-iqtisadi inkişafı naminə cənab İlham Əliyev hətta bu sənaye mərkəzlərində iri müəssisələrin tikilməsini xüsusi vurğulayaraq onların yaradılmasında dövlət dəstəyinin də əhəmiyyətini qeyd etmişdir: "...Dövlətin dəstəyi ilə burada (Mingəçevirdə - A.N.) bir neçə iri müəssisə yaradılsın ki, yerləri çoxalsın".

Hazırda Sumqayıtda, Ələtdə və Gəncədə texnoparkların yaradılması ölkənin iqtisadi qüdrətinin artmasına əhəmiyyətli təsir göstərəcək.  Mingəçevirdə də artıq texnopark yaradılması nəzərdə tutulur. Azərbaycanın iqtisadi inkişafı əminlik yaradır ki, bundan sonra da buya digər formada (sənaye mərkəzləri, sənaye qovşaqları, sənaye qrupları) belə iri sənaye birləşmələrinin yaradılması davam etdiriləcək. Onların regionlarda yaradılması isə bu gün xüsusilə önəmlidir. Çünki yerli sərvətlərə və ölkənin tələbatına uyğun daim təkmilləşən və genişlənən milli iqtisadiyyatın sənaye sektorunda iri müəssisələrin ərazi prinsipi üzrə düzgün təşkili, ilk növbədə, böyük şəhərlər sisteminin formalaşmasını təmin edir.

Respublikada hazırda ayrı-ayrı ərazilərin tarixi regional mərkəzləri qəbul edilən və sosial-iqtisadi inkişafın başlıca məkanına çevrilən bir sıra şəhərlər mövcuddur. Ötən əsrin 60-cı illərində iqtisadiyyatı son dərəcə geri olan Azərbaycanın regionlarında əhalisinin sayı 50 mindən artıq olan cəmi bir şəhər var idisə, indi onların sayı 8-dir. 7-sində isə əhalinin sayı 40-50 min nəfər arasındadır. Bu şəhərlər hazırda ölkə üzrə ümumi şəhər əhalisinin 22 faizini təşkil edir. Regionlarda (Bakı şəhərini və Abşeron iqtisadi regionunu çıxmaqla) əhalinin 47 faizi şəhər məntəqələrində yaşayır. Əhalinin regionların bu sosial-iqtisadi mərkəzlərində əsasən ətraf kənd yaşayış məntəqələrinin sakinləri hesabına artması öz növbəsində əlavə müxtəlif yeni istehsal, xüsusən sənaye sahələrinin yaranmasına, bununla da müntəzəm olaraq həmin, necə deyərlər, əyalət paytaxtlarının daha da böyüməsinə səbəb olur. Əslində, regionların mədəni-iqtisadi mərkəzləri kimi təşəkkül tapmış bu şəhərlər ölkədə məhsuldar qüvvələrin inkişaf miqyası və istiqamətinə uyğun tədricən təbii olaraq yaranmışlar. Müasir mərhələdə Şəki-Zaqatala iqtisadi regionu üçün bu mərkəz Şəki, Quba-Xaçmaz regionu üçün Xaçmaz, Lənkəran regionu üçün  Lənkəran, Dağlıq Şirvan regionu üçün Şamaxı, Gəncə-Qazax regionu üçün  Gəncə, Qazax, Naxçıvan regionu üçün Naxçıvan, Yuxarı Qarabağ regionu üçün Ağdam, Aran iqtisadi regionunun şimal-qərb hissəsi üçün Mingəçevir, Yevlax, onun mərkəz ərazisi, Muğan-Salyan və cənub hissələri üçün Şirvan, Salyan, İmişlidir.

Müstəqillikdən sonra bu mərkəzlərin iqtisadi artımı daha da sürətlənmişdir. Çünki regionlarda iri müəssisələr əsasən, ilk növbədə bu şəhərlərdə yaradılır. Həmçinin həmin şəhərlərdə kiçikorta sahibkarlığın genişmiqyaslı fəaliyyəti üçün də əlverişli biznes mühiti formalaşır. Bu hesaba əyalət paytaxtlarında daimi yerlərinin sayının xeyli artması ilə əmək ehtiyatlarından səmərəli istifadə olunması təmin edilir. Eyni zamanda, həmin mərkəzlərdə yığcam şəkildə cəmləşən əhali sosial-mədəni və təhsil mərkəzlərinin yaradılmasına və onların  əhatə dairəsinin xeyli genişlənməsinə səbəb olur. Müstəqillik illərində Gəncədə, Mingəçevirdə, Naxçıvanda, Lənkəranda unversitetlərin, digər regionlarda yüksək dərəcəli başqa tədris ocaqlarının, Naxçıvanda və Gəncədə isə AMEA-nın elmi bölmələrinin və digər mərkəzlərin  yaradılması buna misaldır. Bütün bunlarsa o deməkdir ki, əyalət paytaxtlarının təşəkkülü ilə müvafiq region əhalisi doğulduqları yaşayış məntəqələrində qalmaqla bu iqtisadi, sosial-mədəni mərkəzlərdəki yerlərindən və onların xidmətlərindən bəhrələnmək imkanlarına malikdir. Belə vəziyyət region əhalisinin paytaxta axınını xeyli məhdudlaşdırır. Bu isə indiki zamanda çox mühüm amildir.

Hazırda Abşeron iqtisadi rayonunda, xüsusən Bakıda əhalinin həddən artıq yüksək sıxlığı var. Ölkədə hər kvadratkilometrə 107 nəfər düşdüyü halda, Bakı şəhərində bu göstərici 996 nəfərdir. Nəticədə paytaxtda adamların hər cür şəhərdaxili hərəkətləri çox çətinliklə baş verir. Maşın sıxlığı nəticəsində ictimai nəqliyyat vasitələrinin hərəkət cədvəli pozulur, əhali müntəzəm olaraq işə, dərsə gecikir, evə yorğun qayıdır. Bakıda əhalinin həddən artıq sıxlığı nəticəsində respublikada baş verən cinayət və başqa kriminal hadisələrin təxminən 40 faizə yaxını burada qeydə alınır. Ərazinin həddən artıq yüklənməsi müxtəlif təhlükəli təbii hadisələrintraf mühitin çirklənməsi, fəal sürüşmə, ərazinin tədricən çökməsi, zəlzələ ehtimalının artması və s.) meydana gəlməsinə də şərait yaradır.

Ona görə də istehsalın və mədəni inkişafın ərazi təşkili tələblərinə bundan sonra da diqqət artırılmalıdır. Regionlarda  qeyri-neft sektoru, xüsusən metallurgiya, maşınqayırma, kimya, tikinti, yüngül, yeyinti sənaye sahələri, turizm və digər sahələr daha da inkişaf etdirilməlidir. Bu və digər tədbirlər bölgələrdə yaşayan əhalinin paytaxta axınının qarşısını alar və beləliklə, Bakı şəhər təsərrüfatının idarəolunmasındakı çətinliklər aradan qaldırılar və ən başlıcası, bütün ölkə ərazisində daha rahat yaşayış səviyyəsi təmin olunar.

Qabaqcıl xarici ölkələrin təcrübəsi də göstərir ki, regionlarda əyalət paytaxtlarının çoxfunksiyalı inkişafı geniş əhali kütləsinin mədəni səviyyəsinin yüksəlməsinə, onun bilik və düşüncə dairəsinin genişlənməsinə, hərtərəfli müasirləşməsinə və intellektual səviyyəsinin artmasına səbəb olur. Bundan başqa, yerlərdə adamların, xüsusən gənclərin istedadlarının vaxtında aşkar edilməsinə və onların düzgün istiqamətləndirilməsinə müsbət təsir göstərir.

Şübhəsiz ki, "Azərbaycan-2020: gələcəyə baxış" konsepsiyasının tərkib hissəsi olan regional inkişaf proqramının müəyyən edəcəyi tədbirlərin həyata keçirilməsi bölgələrin sosial-iqtisadi inkişafının daha yüksək tərəqqi mərhələsini təmin edəcək. Ölkə başçısı İlham Əliyevin Qobustan İdman Kompleksinin istifadəyə verilməsi mərasimindəki çıxışında qeyd etdiyi kimi: "...Üçüncü beşillik proqram bütün rayonlarda görüləcək işləri əhatə edəcək və 2018-ci ilə qədər bir dənə də olsuniqtisadi, nə sosial, nə də infrastruktur problem qalmayacaqdır".

 

 

Asəf NADİROV,

Akademik

Azərbaycan.-2013.- 31 iyul.- S.4.