Ədliyyə naziri Gəncə şəhərində vətəndaşları qəbul etmişdir

 

İyulun 30-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Gəncə Regional Ədliyyə Şöbəsində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin iyulunda şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Gəncə və Naftalan şəhərlərində, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər və Tovuz rayonlarında yaşayan vətəndaşların, habelə Xocalı və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış iyulun 24-dən başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq yaradılmış birbaşa yazılmaq imkanı yaradılmışdır.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoymuş, əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Gün ərzində aparılmış qəbulda nazir ədliyyə orqanlarının, o cümlədən notariat, icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini diqqətlə nəzərdən keçirərək, dərhal qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə tapşırıqlar vermişdir.

Qəbulda bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilmişdir.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

 

Azərbaycan.-2013.- 31 iyul.- S.3.