İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu uğurla başa çatmışdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" devizi altında Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 31-də uğurla başa çatmışdır.

AzərTAc xəbər verir ki, forumun başa çatması münasibətilə keçirilən yekun sessiyaya Böyük Britaniyanın Koventri Universitetinin Mədəniyyətlərarası Dialoq İnstitutunun rəhbəri Mayk HARDİ moderatorluq etmişdir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev forumda fəal iştiraka görə hər kəsə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, 90 ölkədən 500-dən çox nümayəndənin qatıldığı forum günlərində 19 sessiya keçirilmişdir. Ən vacib məsələ isə keçirilən sessiyalara və aparılan işgüzar müzakirələrə böyük marağın olmasıdır. Biz mədəniyyətlərarası dialoq və dostluq məsələlərini daha dərindən bilmək və öyrənmək istədiyimizi bir daha nümayiş etdirməyə müvəffəq olmuş, hamımız bir komanda kimi işləmişik.

Böyük Britaniyanın Koventri Universitetinin Mədəniyyətlərarası Dialoq İnstitutunun rəhbəri Mayk Hardi forumun yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir. O, Birinci Forumdan keçən müddət ərzində Azərbaycan tərəfinin öhdəsinə götürdüyü bütün vəzifələri uğurla yerinə yetirdiyini demişdir. Vurğulamışdır ki, forumun ilk günündə Milli Tolerantlıq Mərkəzinin təqdimatı bundan sonra bütün dünyada mədəniyyətlərarası dialoq istiqamətində həyata keçiriləcək məqsədyönlü işlərə öz töhfəsini verəcəkdir.

Bakı forumunun səciyyəvi cəhətlərindən danışan natiq burada bir çox yeni fikirlərin səsləndiyini xüsusilə qeyd etmişdir. Diqqətə çatdırmışdır ki, interaktiv müzakirələrdə tarixin öyrənilməsi, Qərb-müsəlman dünyası əməkdaşlığı, turizmin imkanları, şəhərlərin siyasətdə rolu, korporativ sektorun qabiliyyətinin üzə çıxarılması, vətəndaş cəmiyyətinin bu işə qoşulması və digər dəyərli təkliflər irəli sürülmüşdür.

Plenar sessiyalarda sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri,  qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, sürətlə dəyişməkdə olan dünyada sivilizasiyalararası əlaqələrin əhəmiyyəti və etnik münaqişələrin qarşısının alınması və digər məsələlər müzakirə olunmuşdur. Həmçinin mədəni müxtəliflik üçün ictimai dəstəyin göstərilməsinə dair maraqlı təkliflər irəli sürülmüşdür. Mədəniyyətlərarası sistemdə mədəni müxtəlifliyi tanımaq, qoruyub saxlamaqla zənginləşdirmək, eyni zamanda, universal dəyərlərin bölüşdürülməsi ilə inteqrasiyaya doğru getmək əsas məqsədlərdən olduğu bildirilmişdir.

Mayk Hardi diqqətə çatdırmışdır ki, dünya ölkələrində qloballaşma yalnız iqtisadiyyata aid olsa da, Bakı Forumunda qlobal interaktivlikdən, qlobal fəaliyyətdən danışılmışdır. Sözün mənası genişləndikcə yeni anlayışlar, yeni fikirlər yaranır və bu da növbəti fəaliyyət istiqamətini və addımları müəyyənləşdirir. Bu baxımdan Bakı Forumunun böyük əhəmiyyəti vardır. Forumda aparılan müzakirələr onu deməyə əsas verir ki, bu günlərdə təklif kimi səsləndirilən fikirlər növbəti foruma qədər olan müddət ərzində tam reallaşacaqdır.

Tədbirdə 2015-ci və 2017-ci illərdə keçiriləcək növbəti forumlara dair təkliflər verilmişdir. Təkliflər özəl sektorun mədəniyyətlərarası dialoqa cəlb edilməsi, mədəniyyət və biznes dəhlizlərinin əlaqəsi, təhsil, mədəni müxtəlifliyi qlobal inkişaf ilə eyni araya gətirmək, gəncliyin iştirakı və digər məsələləri əhatə etmişdir.

BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və əməkdaşlıq üzrə direktoru Jan Kristof BAS forumun yüksək səviyyədə keçdiyini vurğulamış, oradan hasil olan ibrət dərsləri, gələcək üçün mesajlar, hər kəsin görüşlərindən faydalanmaq kimi fikirlərin üzərində xüsusilə dayanmışdır. O, mədəniyyətlərarası dialoqda Azərbaycanın dünyaya nümunə olduğunu vurğulamış, bu mötəbər məclisdə iştirak etməyin hər kəs üçün böyük şərəf olduğunu qeyd etmişdir.

UNESCO-nun baş direktorunun müavini Katerina STENOU, Dünya Turizm Təşkilatının Yaxın və Orta Şərq üzrə regional direktoru Əmr Əbdül QAFAR və başqaları çıxışlarında forumun yüksək səviyyədə keçdiyini xüsusi qeyd etmişlər. Bildirmişlər ki, belə tədbirlər müasir dünyada müvafiq problemlərin həllinə böyük töhfə verəcəkdir. Onlar Bakı Forumunda BMT-nin Sivilizasiyalar Alyansının inkişaf etməkdə olan gənc liderlərinin birinci sammitini yüksək dəyərləndirmiş, gələcək forumlarda onların daha fəal olacaqlarına ümidlərini ifadə etmişlər.

Sessiyanı yekunlaşdıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulamışdır ki, Bakıda belə bir mötəbər forumun keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin dünyada görmək istədiyi mövqeyi ilə bağlıdır. Məhz Azərbaycan Prezidentinin himayəsi ilə bu forum böyük uğurla başa çatmışdır. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın böyük dəstəyi forumun uğurlu keçməsini şərtləndirmişdir.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

 

Azərbaycan.-2013.- 1 iyun.- S.8.